Amaliya Pənahova -75
Tarix: 16-06-2020, 09:58



UlduzumSan.Az Azərbaycanın Xalq artisti, mərhum teatr və kino aktrisası Amaliya Pənahovanın 75 illik yubileyi münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının dərc etdiyi məqaləni oxuculara təqdim edir:
1964-cü ildən ömrünün sonunadək sənətdə yüzlərlə obraz yaradan Amaliya Pənahova, elə aktrisa doğulmuşdu, onu özü də bu fikirdə idi: “Aktrisa olmaq üçün dünyaya gəldim. İllər keçdikcə buna daha çox əmin oluram. Hərdən özümə sual verirəm: ola bilərdimi, başqa sahədə işləyim? İnanın, bunu təsəvvürə gətirmək qeyri-mümkündür. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti, hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur”…
Onun aktrisa kimi teatr sevgisi bir başqa, kino sevgisi isə tamam fərqli idi. Bəlkə də teatrda sevdiyi, arzuladğı bütün obrazları oynasa da, kinoda bu o qədər də mümkün deyildi. Buna görə də kinoda sözünün demək imkanları düşdükcə ondan səmərəli istifadə etməyi bacardı, bunun nəticəsdiri di, obrazları daima maraqla qarşılandı. Ən önəmli məqamlardan biri də odur ki, aktrisa kinoda özünü görmədyi rollardan imtina da edib.
1963-cü il – Yolun başlanğıcı kimi
Milli ruhlu rejissor kimi tanıdığımız Adil İsgəndərov kinoda azərbaycanlı aktyor nəslinin daha çox rol almasına və gənc aktrisaların potensialını təsdiqləməsinə geniş şərait yaradan sənətkarlardan biri olub. Rejissor 1963-cü ildə quruluş verdiyi “Əhməd haradadır” filmində gənc kadrları bir araya toplamaqla, filmində yeni simalarla tamaşaçı qarşısına çıxmaqla yanaşı, eyni zamanda da həmin kadrları gələcək filmlər üçün yetişdirmək, rejissorların diqqətində saxlamaq fikrincə olub. Filmdə Məsmə epizodik rolu Amaliya Pənahovaya tapşırılır. Bu filmdən əvvəl isə aktrisa artıq Əlisəttar Atakişiyevin quruluş verdiyi “Bizim küçə” filmində (1961) kütləvi səhnələrdə çəkilmişdi. Daha sonra aktrisaya “Cazibə qüvvəsi” filmində(rej-Həsən Seyidbəyli) idmançı obrazı tapşırılır. Tələbəlik illərində kinoda çəkilmək böyük uğur sayılsa da, aktrisa daha geniş planlı rollarla özünü sənətdə təsdiqləmək istəyirdi. Rejissor növbəti dəfə aktrisaya “Sən niyə susursan” (1966-cı il) filmində ana rolunu həvalə edir. Teatrda qaynar iş fəaliyyətinə başlayan Amaliya Pənahova kinodan gələn üçüncü, dördüncü planlı rollardan belə imtina etmir, hər birini böyük maraqla oyayır. Bu baxımdan aktrisanın “Həyat bizi sınayır” filmində yaratdığı Münəvvər, “Xatirələr sahili”ndə Xalidə, “Səmt küləyi”ndə Xədicə, “Mezozoy əhvalatı”nda Nərminə və başqa lirik-psixoloji ekran personajları diqqəti çəkir, yadda qalır.

Zərri obrazı – aktrisanın kinoda ilk böyük rolu
1977-ci il rejissor Əlisəttar Atakişiyev “Qərib cinlər diyarında” nağıl filminin çəkilişlərinə başlayır. Sınaq çəkilişlərində Zərri obrazına Amaliya Pənahova təsdiq olunur. Zərri obrazı aktrisanın kinoda ilk böyük rolu idi. Və həmin ildə Arif Babayev quruluş verdiyi “Arxadan vurulan zərbə” filmindəki Ziba obrazına Amaliya Pənahovanı dəvət edir. Etiraf edək ki, Ziba obrazı maraqlı olduğu qədər də yaddaqalandır. Aktrisa tənha həyat sürməsinə baxmayaraq öz zəhməti ilə yaşayan obrazın daxili dünyasını böyük ustalıqla açıb göstərə bilir.
1979-cu il “Babək” filmində Zərnisə obrazı
Azərbaycanfilm” kinostidiyası 1979-cu ilin planına tarixi janrda çəkiləcək “Babək” filmini salır. Bildiyimiz kimi film Həsən Seyidbəylinin quruluşuna çəkiləcəkdi, hətta aktyorların sınaq çəkilişləri belə öz həllini tapmışdı. Həsən Seyidbəyli Zərnisə obrazı üzərində düşünərkən bu obrazda məhz Amaliya Pənahovanı görür və onu rola təsdiq edir. Yuxarıda qeyd etdiyimiz kimi, bu filmə qədər rejissor artıq iki filmində Amaliya Pənahovanın aktrisalıq məharətindən istifadə etmişdi. Doğrudur ki, müəyyən səbəblərə görə, ”Babək” filmini Eldar Quliyev çəkməli olur. Hətta Eldar Quliyev xatirələrində onu da qeyd edib ki, Həsən Seyidbəylinin xeyir-duasını aldıqdan sonra çəkilişə başlayıb və rejissorun aktyor seçiminə hörmətlə yanaşaraq onun seçdiyi aktyorlarla çalışıb.

Zərnicə obrazı Amaliya Pənahovanın ifasında öz məğrurluğu, gözəlliyi ilə seçilir. Zərnisə tarixi qəhrəmanın həyat yoldaşı olmaqla yanaşı, eyni zamanda oğul anası kimi analıq hisslərini bütün açıqlığı ilə göstərən bir obrazdır. Aktira Zərnisənin qadınlığını, analıq duyğularını, məğrur şəkildə camaat qarşısında olan dialoqunu böyük məharətlə, yanğı ilə təqdim edir. Bu, Amaliya Pənahovanın öz işinə olan məsuliyyətini göstərdiyi kimi, eyni zamanda onun bəlkə də illərlə gözlədiyi obraza olan duyğularını ifadə edirdi. Bu baxımdan da Zərnisə, aktrisanın kino yaradıcılığında zirvə hesab olunan rolu hesab olunur. Aktrisa bu barədə xatirələrində deyib ki, “Babək”, film kimi demək olar ki, bir bayrağa çevrilib. O filmə qədərsə mən artıq xeyli filmə çəkilmişdim. Artıq çoxlu tamaşalarım da vardı. Ona görə bu filmə çəkilmək mənə ciddi problem yaratmadı. Bir çox aktrisalar sınaqdan keçmədilər. Ən sonuncu mən dəvət olunmuşdum. Sınaqda təsdiqləndim. Ümumiyyətlə isə bir sıra tarixi filmlərə çəkilmişəm. “Mahnı dağlarda qaldı” tamaşasının film variantına, Əjdər İbrahimovun “Qəribə adam” filminə, “Qərib cinlər diyarında” mövzusu nağıldan götürülmüş filmə çəkilmişəm. Mən ümumiyyətlə rəngarəngliyi xoşlayıram. Yeri gəlmişkən, “Babək”dən sonra “Arxadan vurulan zərbə” filmindəki Ziba roluna çəkilmişəm. Bu artıq tamam fərqli bir şey idi. Həm yaradıcılıq baxımından mənim üçün bir yenilik idi, həm də tamaşaçıları bezdirməsin deyə maraqlı idi”. Aktrisa sonralar rollara dəvət alır, həmin rollar sırasında tarixi janrda çəkilən “Cavad xan” filmindəki Knyaginya Darya obrazı da daxili məğrurluğu ilə diqqəti çəkir.
Maraqlı rollar, məlahətli səs tembri və ya çəkiliş meydançasından kadrlar…
30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayan aktrisa, bir o qədər filmi də məlahətli səs tembri ilə səsləndirib.
Xatırladaq ki, 1960-1980-ci illərdə dublyaj olunmuş filmlərdə peşəkar səsləndirmə filmlərin təsir gücünü daha da artırırdı. Amaliya Pənahovanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazların məlahətli səsi obrazı sevdirir, hətta obrazı oynayan aktrisanın ifasını diqqətdə saxlayır. Bu, səsin möcüzəsidir ki, Amaliya Pənahova öz səsinin işığında tamaşaçılarını bir araya toplayır, onları düşündürür.


Amaliya Pənahova -75
Qudyalçayda ölüm-dirim məsələsi
1980-ci ildə dramaturq Ilyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesinin motivləri əsasında “Gözlə məni” filminin çəkilişlərinə start verilir. Rejissor Kamil Rüstəmbəyov maraqlı aktyor qrupu ilə çəkilişlərə başlayır. Filmin əsas qadın obrazlarından olan Fəxrəndə obrazı Amaliya Pənahovaya həvalə edilir.
Film haqqında belə bir xatirə var: “Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu tryuku aktrisa özü ifa etmişdir”.
Amaliya xanım isə həmin epizod haqqında xatirələrində deyib: “Fəxrəndə xanımın çayda batma səhnəsi və mənim də əynimdə bir neçə qatlı libas, kəmər, parik… O epizodu Qudyalçayda çəkirdik. Özü də oktyabr ayı idi. Qudyalçay da çox iti çaydı. Məni torlarla tuturdular ki, batmayım. Su bumbuz idi. Çox çətinliklə alındı o səhnə, düz üç dubla. Su məni tez-tez yıxırdı. Hər dubldan sonra paltarlarımı, parikimi ocaqda qurudurdular, özüm də maşına qaçırdım, orada bədənimə qaz yağı sürtürdülər ki, soyuqlamayım”.
Ümumiyyətlə aktyor çətin tryuklardan imtina edə bilər, bu, onun haqqıdır. Ancaq həmin tryuklara çəkilə də bilər.Amaliya Pənahova elə aktrisalardandır ki, obrazın təbii alınması üçün bütün çətinlilkləri öz öhdəsinə götürə bilərdi, götürürdü də…
Azərbaycan Kinematoqrafaçılar İttifaqının İdarə Heyəti adından yubiley yaşı tamam olan, oynadığ rollarla özünü ölümsüzləşdirən aktrisanı böyük hörmətlə yad edirik…
Amaliya Pənahova -75
Amaliya Pənahova -75

Paylaş: