“Asəf Zeynallı”nın məşhur məzunları: “Kollecin adı özünə qaytarılmalıdır”
Tarix: 4-06-2020, 11:06



Artıq bir neçə gündür ki, Azərbaycanın ilk peşəkar bəstəkarı, 23 yaşında dünyadan köçmüş Asəf Zeynallının baxımsız qalan məzarı ilə bağlı müzakirələr gedir. Tanınmış ictimaiyyət nümayəndələri, həmçinin peşəkar musiqiçilər görkəmli bəstəkarın məzarına olan münasibəti pisləyir və məzarının I Fəxri Xiyabana köçürülməsi ilə bağlı təkliflər səsləndirirlər.
Qeyd edək ki, bəstəkarın məzarının son vəziyyəti ilə bağlı sosial şəbəkələrdə məlumat yayılan kimi ilk olaraq gözlər Mədəniyyət Nazirliyinə dikildi. Nazirlikdən isə artıq məsələdən agah olduqları, yayılan görüntünün ciddi narahatlıq yaratdığını bildirdilər:
“Məzarlıqların vəziyyəti, onların saxlanılması və durumu ilə digər aidiyyatı dövlət qurumları məşğuldur. Buna baxmayaraq biz də müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq”.

Məsələ ilə bağlı Azərbaycan Milli Konservatoriyası nəzdində vaxtilə A. Zeynallının adını daşıyan Musiqi Kollecinin direktoru Nazim Kazımov isə bildirib ki, Asəf Zeynallının məzarı hər zaman diqqət mərkəzindədir: “Hər il aprelin 5-də doğum və oktyabrın 27-də anım günündə görkəmli bəstəkarımızın məzarı ziyarət olunur. Ötən il A. Zeynallının 110 illiyi də kollecdə geniş şəkildə keçirildi, yenə eyni qayda ilə məzarı ziyarət olundu. Sadəcə bu il koronavirus pandemiyası ilə əlaqədar aprelin 5-i məzarı ziyarət edə bilmədik, onun üçün də ot basıb. Amma deyim ki, hazırda bəstəkarın qardaşı nəvəsi məzarlıqdadır, məzarın təmizlənməsi ilə məşğuldur”.
Bir qədər sonra isə sosial şəbəkələrdə bir qrup gəncin Asəf Zeynallının məzarı üstünə gedərək, ətrafı təmizlədiyi, səliqəyə saldıqları barədə görüntülər yayıldı. Xatırladaq ki, Asəf Zeynallı 1923-26-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib.  O, Azərbaycanın ilk peşəkar bəstəkarı hesab olunur. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olub. Azərbaycan musiqi tarixində ilk romanslar və ilk uşaq musiqi repertuarı Asəf Zeynallının adı ilə bağlıdır.
Bəstəkar Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada qarın yatalağı xəstəliyinə tutulur. Bir müddət müalicə almasına baxmayaraq, bəstəkar 23 yaşında dünyasını dəyişir. Bəstəkar ilk olaraq Çəmbərkənddə dəfn olunub. Lakin məlumata görə sonra orada park salındığı üçün məzarı çıxarılaraq, beynəlmilə qəbiristanlığa, “Qurd qapısı” adlanan yerə gətirilərək, orada dəfn olunub. 
Həyatı və məzarlığı nakam olan Asəf Zeynallının adı da çox təəssüf ki, illərlə onun adını daşıdığı kollecdən silinib. 
Bunun da öz səbəbi var. Məlum olduğu kimi 2000-ci ildə bütün ali və orta ixtisas kollec və universitetlərdən adlar yığışdırılmışdı. Lakin sonrada bir çox adlar bərpa olundu. Onların arasında Bakı Musiqi Akademiyası da var, hansı ki, yenə də Üzeyir bəy Hacıbəyovun adını daşıyır. Lakin Asəf Zeynallının adı kollecə qaytarılmayıb. 
Beləliklə bu günlərdə bəstəkarın baxımsız qalan məzarı ilə bağlı məsələ gündəmə gəldiyi zaman məlum kollecə də onun adının geri qaytarılması ilə bağlı fikirlər səslənir. 
Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı zamanında Asəf Zeynallının adını daşıyan kollecin məşhur məzunlarının rəyini öyrənməyə çalışıb.

Kollecin məzunu, hazırda Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova bildirib:
“Öncə onu qeyd edim ki, Asəf Zeynallı ilk Azərbaycan bəstəkarıdır ki, konservatoriyanı bitirərək, peşəkar bəstəkarlıqla məşğul olub. Yəni, ilk peşəkar bəstəkarımızdır. 
Asəf Zeynallı cəmi 23 il ömür sürüb. Lakin bu cür qısa ömür ərzində bir çox ilklərə imza atıb. Onun təşəbbüsü ilə ilk dəfə romans, kamera-instrumental, simfonik janrı yaradılıb. 
Bir faktı da qeyd etmək istərdim. Zamanında Bakı Musiqi Akademiyası Asəf Zeynallının adını daşıyıb. Lakin sonradan, 1948-ci ildə Üzeyir bəy Hacıbəyovun ölümündən sonra onun adı konservatoriyaya, Asəf Zeynallının adı isə konservatoriyanın nəzdində fəaliyyət göstərən indiki kollecə verilmişdi. 
Bildiyiniz kimi bir neçə il öncə bir çox təhsil ocaqlarından adlar götürüldü. Eləcə də Üzeyir bəyin adı konservatoriyadan götürülmüşdü. Bir musiqiçi kimi hər birimiz bu məsələyə çox narazı idik. Hətta tələbələr də etiraz aksiyası keçirərək, konservatoriyaya yenidən Üzeyir bəyin adının bərpa olunmasını istədilər. Nəticədə bir müddət sonra Üzeyir bəyin adı bərpa olundu. Amma kollecə Asəf Zeynallının adı qaytarılmadı. 
Mən özüm Asəf Zeynallı adına kolleci bitirmişəm. Buna görə də çox xoşbəxtəm və fəxr edirəm. Zamanında həmin məktəbdə çoxlu sayda peşəkar müəllimlər, ziyalılar çalışırdı. Konservatoriyaya daxil olanda mən artıq musiqi ilə bağlı hər şeyi bilirdim. Yəni,  kollecdə bizə bütün bilgilər verilmişdi. 
İndi də məndən soruşanda da ki, hansı məktəbi bitirmisiz, mən həmən “Asəf Zeynallı”nın adını çəkirəm. 
İndi Asəf Zeynallının günahı nədir ki, onun adı kollecə geri qaytarılmır?
Beləliklə, qətiyyətlə kollecə Asəf Zeynallının adı qaytarılmalıdır”.

“Asəf Zeynallının günahı nədir ki, onun adı kollecə geri qaytarılmır?”

Zemfira Qafarova həmçinin qeyd etdi ki, Asəf Zeynallının məzarı I Fəxri Xiyabana köçrülüməlidir:
“Çünki Asəf Zeynallının yeri elə məhz Fəxri Xiyabandır. Bəzən Fəxri Xiyabanda elə adamların məzarını görürsən, anlamırsan ki, onlar necə olub ki, ora düşüb. 
Çox sevindirici haldır ki, gənclər onun məzarını gedib təmizləyib, səliqəyə salıblar. İnanın ki, biz musiqiçilər bilmirik ki, onun məzarı haradadır. Adətən Fəxri Xiyabana gedəndə Üzeyir bəyin, Müslüm Maqomayevin məzarını ziyarət edirik. Bəs Asəf Zeynallı? Axı o bizim ilk peşəkar bəstəkarımızdır. 
Təbii ki, hər birimizin bu məsələdə günahı var. İlk növbədə gərək qohumlar bu məsələyə diqqət etməli, Bəstəkarlar İttifaqına, Mədəniyyət Nazirliyinə müraciət etməli idilər. “Adamın gərək adamı olar” məsəli yerinə düşür. Fərsiz övlad kimi, fərsiz qohumlar da çoxdur”. 

 “Bu günə qədər də kolleci “Asəf Zeynallı” kimi tanımışam”

Kollecin məşhur məzunlarından biri olan Xalq artisti, dünya şöhrətli muğam ustadı Alim Qasımov da kollecə Asəf Zeynallının adının geri qaytarılmasını təklif edib:
“Mən də zamanında adı çəkilən məktəbi bitirmişəm. Bu günə qədər də kolleci “Asəf Zeynallı” kimi bilirəm.  Əlbəttə ki, çox gözəl olardı ki, yenidən kollecə Asəf Zeynallının adı bərpa olunsun. Əvvəldə belə olubsa, indi də bu cür adlanması çox yaxşı olardı”.

“Rəsmi olmasa da, biz hər zaman kolleci “Asəf  Zeynallı” adlandırırıq”

Kollecin daha bir məzunu, əməkdar artist, xanəndə Təyyar Bayramov da öz mövqeyini bildirib:
“Təhsil ocaqlarından və digər yerlərdən adların götürülməsi dövlətin qərarı ilə həyata keçirilib. Bildiyiniz kimi adı çəkilən kollec hazırda Konservatoriyanın nəzdində olan Musiqi Kolleci adlandırılır. Lakin bu günə qədər hər kəs Asəf Zeynallı adına Musiqi Kolleci kimi müraciət edir. Yəni, rəsmi olmasa da, hər kəs bu cür adlandırır.

O ki, qaldı bəstəkarın məzarının baxımsız qalmasına, şəxsən mən uzun illərdir ki, həmin kollecdə pedaqoji fəaliyyət göstərirəm. Ona görə də deyə bilərəm ki, kollecin direktorunun təşəbbüsü ilə mütəmadı olaraq kollektiv şəkildə Asəf Zeynallının  məzarını ziyarət etmişik.
Məzarın son görüntüsünü mən də gördüm. Kollecdən bildirdilər ki, bir neçə ay öncə, Novruz bayramı ərəfəsində kollecin kollektivi məzarı ziyarət edib. Lakin sonra karantin rejimi olduğundan məzarı heç kəs ziyarət edə bilməyib.
Bir faktı da dəqiq deyə bilərəm ki, kollecin direktoru Asəf Zeynallının məzarını Fəxri Xiyabana köçürülməsi və kollecə yenidən onun adının verilməsi ilə bağlı rəsmi olaraq dəfələrlə müraciət edib. Əlbəttə, çox yaxşı olardı ki, adı çəkilən kollec yenidən Asəf Zeynallının adını daşısın və onun məzarı I Fəxri Xiyabana köçürülsün”.
“Yeni Müsavat”

Paylaş: