AzTV-nin əməkdaşlarını lüt soyundurub buzlu suya atmışdılar...
Tarix: 3-06-2020, 11:48



“AzTV-nin mətbəxi”ndə baş vermiş və əksəriyyətimizin bilmədiyi gerçək, maraqlı hadisələr çoxdur...

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi budəfəki foto AzTV-nin keçmiş baş rejissoru, hazırda təqaüddə olan Nazim Zeynalovun arxivindəndir.

Zaman 1981-ci il... Məkan Rusiyanın Murmansk şəhəri...

Şəklin qısa tarixçəsini Nazim Zeynalov belə nəql edir:


“Fuad Tarverdiyev, Hicran Hüseynov və mən Azərbaycan Televiziyasının 3 saatlıq proqramını Murmansk televiziyasına aparmışdıq. Mart ayı idi, bahardan qütb şəhərinə - 25 dərəcəli şaxtaya düşmüşdük. Bizi mehribalıqla qarşıladılar, şəhərin görməli yerlərilə tanış etdilər, hərbi gəmidə “uxa” (balıq şorbası) qonaqlığı verdilər.
- Bəs araq hanı?, -deyə soruşduq, cavabında, - gərək bağışlayasız, hərbi gəmilərdə içki qəti qadağandır, - dedilər.

Sonra bizi məhşur “Fin hamamı”nda qəşəngcə buxara verdilər, yaxşıca süpürgələdilər. Bədənimizin hərarətinin 80 dərəcəyə yüksəldiyini görüb üçümüzü də çığıra-çığıra lüt vəziyyətdə 20 dərəcə şaxtada aparıb tulladılar buzlu suya...
2-3 dəqiqə suda çapalayandan sonra bizi ayrı-ayrılıqda isti odeyala sarıyıb, hamamın qonaq otağına apardılar. Orada yemək-içmək süfrəsi açılmışdı.
Axşam isə sağ-salamat, gümrah formada telestudiyada Azərbaycan Televiziyasının təntənəli açılışında iştirak etdik.

Bizi tamaşaçılara təqdim etdilər - Hicran Hüseynov proqramı açdı...

Bu foto proqram sona yetdikdən sonra elə studiyadaca çəkilib: - diktor və redaktor xanımlar, Murmansk Televiziyasının sədri və baş rejissoru, bir də biz - Hicran Hüseynov, Nazim Zeynalov, Fuad Tarverdiyev (sağda dayanan 3 nəfər-red.)...”

Paylaş: