“Bir azərbaycanlı xanım olaraq öz şəkilimi o cərgədə görəndə utanıram...”
Tarix: 3-06-2020, 08:46



Əməkdar artist Nuriyyə Hüseynovanın bir neçə gün öncə sosial şəbəkədə Şuşayla bağlı etdiyi paylaşımı insanlar tərəfindən birmənalı qarşılanmayıb. 

Muğam ifaçısı Moderator.az-a açıqlamasında bəzilərinin onun fikirlərini anlamadığını və bunu müxtəlif istiqamətlərə yozduğunu bildirib:

“Dünən baxdım ki, xoşuma gələməyən səhifələrdə şəkilim var. Sözün düzü istədim yazım ki, şəkilimi orda silsinlər. Çünki orda elə şəkil və videolar paylaşırlar ki, bir azərbaycanlı xanım olaraq öz şəkilimi o cərgədə görəndə utanıram. Mən bunu özümə sığışdırmıram. Sosial şəbəkədə səhifələrim bağlıdır və məni izləyən adamların səviyyəsinə baxıram. 
Əslində mən siyasətçi deyiləm, bilmədiyim çox şeylər ola bilər. Mən sənət insanıyam, yaradıcı insanam, vətənimə, millətimə, dövlətimə öz sənətimlə xidmət edirəm və hər zaman da bunu söyləmişəm ki, sənətimin əsgəriyəm. Bununla yanaşı, mən bir vətəndaşam, ölkəmdə baş verən nə varsa, mənə təsir edir. Yəni yaxşıya sevinirəm, pisə də pis oluram. Təbii ki, Şuşada keçirilən andiçmə mərasimi mənə və ailəmə çox pis təsir etdi, iki gecə yatmadım. Qarabağı işğaldan azad etmək üçün ordumuz qısa müddətdə Yerevana qədər gedib çıxar, bunu hamımız bilirik. Təbii ki, elə şeylər var ki, biz bilmirik, siyasi məsələlər, maraqlar var və bilmədiyim şeylər haqda fikir söyləməyə isə ixtiyarım yoxdur. Amma torpaqlarımızın işğalda olması məni çox incidir. Mənim o gözəl torpağımda erməni gəzir, mərasim keçirir. 
Dünən bir paylaşım da edib izah etdim ki, mən çalıb-oynamağa son verək deyəndə toyların əleyhinə olmamışam. Mən bəşəri düşünən, ölkəsini, vətənini sevən bir insanam. Bu baxımdan da hər bir insanın gözəl yaşamaq, istirahət etmək haqqıdır. Allahın bizə verdiyi nemətlər biz insanlar üçündür və onlardan düzgün, nizamlı, səliqəli şəkildə istifadə etməliyik. Bunu etmək üçün isə dünyagörüşümüz, təfəkkürümüz olmalıdır. Bunların hamısı isə təhsilimizdən, gündəlik təbliğatımızdan daha çox asılıdır. Nəyi daha çox təbliğ edərsən insanlar onun arxasınca gedər. Mən ümumi bir fikir söyləmişəm və demək istəmişəm ki, maariflənmək, təhsil almaq lazımdır. Bir çoxları isə sözümün mahiyyətini başa düşmədilər ki, mən nə demək istəyirəm. Biz insanlarımızı savadlı, tərbiyyəli, mədəni, əxlaqlı yetişdirməliyik. Kiminsə qarderobunda nə var, hansı müğənninin necə yaşamasının kiməsə aidiyyatı yoxdur, insanların şəxsi həyatı mənim üçün maraqlı deyil, kim necə yaşayır özü bilər. Mənim üçün milli maraqlar var və bu maraqlarda isə bizim gücümüz, amalımız, məqsədimiz birləşib bir olmalıdır. Bunlar olmayana qədər biz həmişə uğursuzluqla qarşılaşacağıq. Düşmənin bizim Şuşamızda kef çəkməməsi üçün bu cür səviyyəsiz şeylərdən uzaqlaşıb gözəl işlərin arxasınca getməliyik. Efirə də çıxmaq, mahnı da oxumaq, toy da etmək olar. Amma bütün bunların fonunda hadisələrə bu cür düşüncəylə yanaşmalıyıq. Mən şou adamı deyiləm, sənətçiyəm, tələbələrə təhsil verirəm. Onların milli ruhda böyüməsi üçün dərs keçirəm”. 

Paylaş: