"Kişilərin çoxu evdə oturub divanında poz verirdi"
Tarix: 2-06-2020, 17:34



Məşhur fitness məşqçisi Kamil Zeynallının Yenisabah.az-a müsahibəsi: 
- Karantin rejimi yumşaldılandan sonra yardım aksiyasını dayandırdınız. Hazırda nəylə məşğulsunuz? 
- Əsas vaxtımı öz işlərimə ayırmışam. Düzdür, hazırda idman zalları bağlıdır, amma reklamlara başım qarışıb. Sosial şəbəkələr üçün reklam çəkilişləri olur, onlarla məşğulam. Həm də dostlarıma, yaxınlarıma vaxt ayırıram. Restoranlar, yeyib-içməklər olur. Karantin vaxtında çox yorulduq, günün 24 saatının 3-4 saatını yatırdıq, bütün günü qapılardaydıq, ərzaq yığırdıq, qablaşdırırdıq ki, imkansız ailələrə çatdıraq. 
- Sizi restoranlara dəvət edən dostlarınız karantin vaxtı səsinizə səs verən, yardım aksiyasına qoşulanlardır?
- Məni çağıran dost-tanışlar çoxdur. Hər çağrılan yerə də durub getmək olmaz, sağ olsunlar, bu dəvətlər də hörmət-izzətdən gəlir. Əsas görüşdüyüm şəxslər elə karantindən əvvəl də dost olduqlarımdır. Mənim xətrimi istəyən hamı dostumdur, mən heç kimi ayırmıram, sadəcə karantində yanımda olanlarla daha çox vaxt keçirirəm. Mənimlə birgə aylarla əziyyət çəkən, günlərlə gecələr yatmayanlarla birgə oluram. 
- Karantin müddətində çağırışlarınıza səs verməyən, bu sınaqdan çıxmayan dostlarınız oldumu? 
- Çox oldu. Çoxu da dövlətə arxayın idilər, deyirdilər “əşşi, dövlət edəcək də”. Heç imkanı olan da etmirdi, o qədər imkanı olan adam tanıyırdım ki... Söz düşəndə də deyirdilər ki, biz edirdik, amma göstərmirdik, demirdik, bəhanə edirdilər. Bu yalançılıqdır, mən heç inanmıram ki, onlar yardım ediblər. İlk yardımını edən də, xaricdə yaşayıb yardım etmək istəyən də mənə zəng vurub, məsləhətləşirdi, pul göndərirdilər və ya qohumlarına göndərirdilər, onlar ərzaq alıb bizə çatdırırdılar. Bunlara baxmayaraq, etməyənlər də çox oldu. 

- Bəs məşhurlar necə, bu yardım aksiyasına hamı qoşuldumu? 
- Yox, hamısı qoşulmadı. Kişilərin çoxu evdə oturub divanında poz verirdi. Şəkillərini paylaşıb altına yazırdılar ki, “evdə qal”. Amma həmin vaxt bir xeyir iş, məclis olsaydı hamısı çölə çıxacaqdılar. 
- Türkiyəli məşhurlarla müqayisədə azərbaycanlı şou nümayəndələri yardımlarda o qədər də aktiv iştirak etmədi. Onlar türkiyəli məşhurlar qədər imkanlarının olmadıqlarını bildirdilər. Doğurdanmı onlar çox kasıbdırlar? 
- Xəsisdirlər. Almağa candılar, amma pul verən əlləri yoxdur. Bizdə olunan yardımlar heç Türkiyədə olunmadı. Türkiyənin on məşhuru heç mənim qədər ərzaq yardımı etmədi. 20 mindən çox ailəyə yardım etdik. Dünyada heç kim, heç bir tanınmış 20 mindən çox ailəyə yardım paylamayıb. Pul bağışlamaq başqa şeydir, söhbət əziyyət çəkməkdən, qapı-qapı gəzib ərzaq paylamaqdan gedir. 
- Ərzaq yardımları edəndə ehtiyacı olmasa da yardım istəyən adamlarla da rastlaşdınızmı? 
- O qədər olurdu ki. Mənim 15 nəfərdən ibarət komandam vardı, biz 2-3 nəfərlik kiçik qruplara bölünmüşdük, hərə bir tərəfə gedirdi. Bilirdik ki, harda kimin ehtiyacı var, siyahı var idi. Məsələn, 3 nəfər Mərdəkan, Qala tərəfə, 3 nəfər Binəqədi tərəfə gedirdi. Hərəmiz bir istiqamətə gedirdik və əvvəlcədən danışırdıq ki, əgər həmin adamın evi, şəraiti, həyətində maşını varsa, ona ərzaq verməyək. Elə olurdu ki, gedirdik görürdük imkanı var, mənim də qarşıma iki-üç dəfə çıxıb. Elə adam vardı ki, yeni tikilidə yaşayır, amma yardım istəyirdi. Belə olan halda vermirdik. Bəzən gedirdik, görürdük ki, şəraiti var, amma uşaqla çıxıb qarşımıza, onda yardım edirdik, fikirləşirdik ki, yəqin tək qadındır, işləyə bilmir, ehtiyacı var. Bəzən maşını, evi olanlar da üzlü-üzlü istəyirdi. 
- Karantin olmamışdan əvvəl insanların ağır şəraitdə yaşadıqlarını, sosial vəziyyətlərinin ağır olduğunu bilirdinizmi? 
- Mənə kasıblığı, əziyyət çəkməyi, nəyinsə qədrini bilməyi karantin yox, həyat öyrədib. Mən bunu bilirdim, amma bu qədər vaxtımız olmurdu ki, qapı-qapı gəzək. Məsələn, millət vəkilləri seçkiqabağı gəzirdilər, onlar bilirdilər kim harda qalır, hansı qapıda ehtiyacı olanlar yaşayır, amma öz əraziləri üzrə. Digər Bakı kəndlərində ehtiyacı olanlardan xəbərləri olmurdu, heç kim bilmirdi ki, bu qədər ehtiyacı olan, xəstə insanlar var. Dövləti aldadırdılar, göstərmirdilər, demirdilər. Məmurlar özləri aldadırdılar, deyirdilər hər şey yaxşıdır. İcra başçıları dövlət başçımıza səhv məlumat verirdilər. Hər şey heç də televiziyalarda göstərildiyi kimi deyil, hətta elə şəraitdə yerlər görürdük ki, dəhşətə gəlirdik, adam heç inanmırdı ki, Azərbaycanda bu şəraitdə yaşayan insanlar var. İndi bunların üstü açıldıqca cənab prezident tədbirlər görür. Bunlar göstərilir deyə inanıram ki, karantindən sonra dövlət bunlarla bağlı tədbirlər görəcək. 

- Bu proseslərə qoşulanda bir gün etdiklərinizin “mükafat”ının həbs olacağını düşünürdünüz? 
- Mən etdiyim hərəkətdə heç bir yanlışlıq yox idi. Heç inanmırdım ki, məni həbs edərlər, heç ağlımın ucundan da keçmirdi. Çünki səhv heç nə etmirdik, prezidentin bir sözündən yola çıxmışdıq: “Biz birlikdə güclüyük”. Və ilk yardım edənlərdən biri mən olmuşam. Cənab prezident çıxışında dedi ki, kimlər imkansız ailələrə dəstək olursa, onlara çox sağ ol deyirəm, dəstəkləyirəm. Saytlarda bu xəbərlər paylaşılanda insanlar birmənalı olaraq yazırdılar ki, bu söz Kamil Zeynallıya aiddir. Mən demirəm o söz tək mənə aiddir, kimlər yardım edibsə, hamısına aid idi, bir yardım da etsə, on yardım da etsə. Biz o sözdən ilhamlandıq, işimizə bağlandıq. Mən tam səmimi deyirəm, həyatda getdiyim bir yol var: doğruluq. Mən yaltaqlığı sevmirəm, nəyi görüb, nəyi yaşayıramsa onu deyirəm. Bugünkü gün mən dövlətimi, prezidentimi sevirəm, çünki problemsiz, sakit ölkədə yaşayıram. Ailəm, övladım rahat çıxıb gəzə bilirsə, çox şükür. Bizim ölkədə terror yoxdur, şəhərdə vəhşilik yoxdur, Rusiyadakı kimi blokda adamlar öldürülmür, sakitlikdir. Ona görə mən dövlətimə təşəkkür edirəm. Mənim gəlib bu gün bu yerlərə çıxmağımda öz əziyyətim var, əziyyətimlə gəlib çıxmışam, hansısa məmur qohumum, tanışım yoxdur ki, bu yerlərə gətirib çıxarsın. Sadəcə, dövlət şərait yaradıb, mən də o şəraitdən ağılla istifadə edib bu yerlərə gəlib Kamil Zeynallı olmuşam. Heç kəs mənə toxunmayıb, dəyməyib. Amma inanmazdım ki, karantində məni tutsunlar. Çünki getdiyimiz bir yol var idi: dövlətə dəstək yolu.
- Sizcə bu həbsdə hansısa məmurun əli var idimi? 
- Yox, heç bir məmurun başı üçün deyil ki, məni tutdursun, cənab prezident və nazirimdən, güc qüvvələrindən başqa. Mən narkoman deyiləm, oğru, hiyləgər, rüşvətxor deyiləm. Mənim bir yolum var, işimə, ailəmə bağlı insanam. Məndə heç bir pis vərdiş yoxdur, nolsun tutulmuşam, indiyə kimi 4 dəfə tutulmuşam, amma hamısında da kişi kimi tutulmuşam. Dava-dalaş üstündə tutulmuşam, başqa şeylərə görə yox. Əgər bunu bir məmur etsə belə, gizli, dovşan kimi edə bilər. İnanmıram ki, onu məmur edib. Etsə də onun arxasında da dura bilməz. 
- Həbsə düşəndə, ailənizdən uzaq qalanda içəridə bir peşmanlıq hissi keçirdinizmi? 
- On gün “içəri, türmə” söhbətləri mənə bir az gülməli gəlir. Mən on gün elə bil ki, evdə olmuşam, heç çölə çıxmamışam. 
- Orada sizə qarşı münasibət necə idi? 
- Mənə qarşı münasibət çox əla idi. Mən bütün işçilərə təşəkkürümü bildirirəm. On gün nədir ki, camaat illərlə yatır, heç çıxa da bilmir. 
- Karantin dövründə “qeybə çəkilən”, bitəndən sonra bahalı maşınları, villaları ilə gündəmə gələnlər barədə nə düşünürsünüz? 
- Evdə oturanlara deməyə nəsə söz tapmıram. Qiyməti biz verə bilmərik. Onlar haqqında nəsə deyə bilmərik, onlar çölə çıxmırsa özləri bilər. Xalqın gözü tərəzidir. Bircə şeyi bilmək lazımdır ki, əgər insanlardan qazanırıqsa, arada imkansızlara da xərcləmək lazımdır. Din yolunda vergi vermək lazımdır. Hər kəsin günahı da, savabı da öz boynuna. 
- Karantin dövründə dostluğu kəsdikləriniz oldumu? 
- Yox, qətiyyən. Mən ad çəkib deməmişəm ki, filankəs gəl mənə kömək et. Ümumi çağırış etmişəm. Ən çox yardıma qoşulanlar xaricdə yaşayan azərbaycanlılar oldu . Orada yaşaya-yaşaya, özləri karantində ola-ola yardım etdilər. Bəlkə də, 200 mindən çox pul gəldi. Bunu edənlər də soydaşlarımız idi. Onlar olmasaydı mən Kamil Zeynallı olaraq bu qədər ərzağı paylaya bilərdimmi? Almaniya, Rusiya, Yaponiya, İsveçdən dəstəklər gəlirdi. Bunu tək edə bilməzdim. 

- Karantin müddəti insanlar arasında sizin təqdimatınız tamamilə dəyişdi, gələcəkdə bundan nə kimi istifadə etmək istəyirsiniz, humanitar təşkilat və ya insanlara yardım məqsədi ilə bir qrup yaratmaq kimi fikirləriniz varmı? 
- Düzdür, insanların şoxu məni dalaşqan, söyüşkən biri kimi tanıyırdılar, amma mən öz əməlimlə göstərdim ki, mən durduğu yerdə heç kimi təhqir etməmişəm. Mən elə qanacağın, tərbiyənin yiyəsi deyiləm ki, durduğu yerdə kimisə söyüm, yaxud da sosial şəbəkədə paylaşım. Hamısına səbəbkar o insanlar özü olub, 100 faiz özləri olub. Mən tanınmış insanam, hər zaman danışığıma, hərəkətimə, söz-söhbətimə fikir vermişəm. Qarşı tərəfdən də kobud reaksiya görəndə həmişə acılamışam. Mənim etdiyim yardımlar karantində başlamadı, illərdir var idi. İllərlə ad günlərimi qocalar evində, uşaqlar evində keçirmişəm. Hər zaman yardımlar edirdim. Edəndə də insanlar deyirdi ki, “adam etdiyini göstərməz, özünü reklam edir”. 
Zaman elə gətirdi ki, karantin vəziyyətində yenə çəkib göstərdim, bu dəfə reklam söhbəti edən olmadı, hamı dəstək oldu, alqışladılar ki, camaata nümunə olursan. Adama sual verərlər ki, bəs niyə əvvəllər reklam deyirdiniz? Əvvəlki məqsədim də eyni idi, mən dəyişmədim, sadəcə yardımları çoxaltdım. Mən əməlimdən dönmədim, sonda sübut etdim ki, mənim məqsədim insanları düz yola çəkməkdir. Niyə hər şeyi dövlətdən ummalıyıq? Yığdıqlarımızı gorumuza aparacağıq? Bunu xeyir işlərə xərcləyək ki, Allah da əvəzini versin. Camaat indi gördü ki, mən necə insanam. Heç kəslə işim yoxdur, mən özüm də imkansız böyümüşəm. Özümü tanıyıb, əlim pul görəndən sonra mən də başqalarına yardım etmişəm. Humanitar təşkilat yaratmaq üçün gərək mən məşqi atım, sırf bu işlə məşğul olum. O da mənim qazanc yerimdir, idmanla bir yerdə alınmaz. Əgər belə bir təşkilat qurursansa bütün diqqətin orada olmalıdır, hər gün ofisdə olmalısan. Bəs mənim digər qazanc yerim necə olsun? Bir əldə iki qarpız tuta bilmərəm. 
- Karantin rejimi yumşaldıldığına görə artıq yardımları dayandırmısınız. Bəziləri bunu həbs olunmağınızla əlaqələndirir, bu həqiqətən belədir?  
- Yox, qətiyyən. Mən adi yardımlar paylayan gündən bəri bütün polis forması geyinən vətəndaşlarımız mənə çox sağ ol deyirdilər. Həmişə mənə kömək ediblər. Mən tutulanda da polislər hamısı məni canla-başla qarşıladılar, mənə çox sağ ol dedilər. Balamın əziz canına and olsun ki, heç kim mənimlə elə bir söhbət etməyib. Əksinə həbsxanada polislərlə söhbət edəndə dedim ki, artıq karantin yumşaldılıb, yardımları dayandıraram. Dedilər ki, “dayandırma, elə bilərlər biz demişik, qoymuruq”. Yardım sonuncu dəfə etdim, filmlərdəki kimi final səhnəsi oldu.

Paylaş: