“Bu günə qədər elə bilirdim, Asəf Zeynallının məzarı Fəxri Xiyabandadır... “
Tarix: 2-06-2020, 16:14




Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə Azərbaycanın dahi bəstəkarı Asəf Zeynallının baxımsız qalan məzarı ilə bağlı foto yayılıb. Tanınmışlar da bu olaya biganə qalmayaraq, sosial şəbəkələrdə, mətbuatda öz iradlarını bildiriblər.
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan bu barədə Musavat.com-a danışaraq bildirib ki, dahi bəstəkara bu cür münasibət böyük təəssüf doğurur: “Mən indiyənə qədər elə bilirdim ki, Asəf Zeynallının məzarı Fəxri Xiyabandadır. Bunu bilməməyim bəlkə də mənim qüsurumdur...
Necə olur ki, dahi bəstəkarımız Fəxri Xiyabanda dəfn olunmayıb? Onun məzarının bu cür baxımsız vəziyyətdə qalması isə böyük təəssüf doğurur. İnanıram ki, dövlətimiz tərəfindən bu məsələyə mütləq şəkildə diqqət ediləcək.
Asəf Zeynallının Azərbaycan musiqi tarixində xüsusi yeri var. Klassik musiqimizdə ilk mahnı-romansın, uşaq repertuarının əsasını məhz Asəf Zeynallı qoyub. Bəstəkarın 19 yaşında yazdığı və Bülbülün ifasında səslənən “Ölkəm” romansı Azərbaycan musiqi tariximizə qızıl hərflərlə həkk olunub.
Asəf Zeynallı, Üzeyir Hacıbəyov Azərbaycan klassik musiqisinin sütunlarıdır. Bu gün dahi bəstəkarlarımızın əsərləri, yaradıcılıqları bir daha araşdırılmalıdır.
Məlum olduğu kimi, Asəf Zeynallı cəmi 23 il ömür yaşayıb. Buna görə ondan bizə çox az əsər qalıb. Bununla belə, bəstəkarın itib-batan əsərləri də var. Deyilənə görə, bəstəkar xəstəxanada yatarkən özünün son simfoniyasını palatadakı divara yazırmış. Ölümünə yaxın vəziyyət edir ki, əsəri divardan kağıza köçürsünlər. Lakin təəssüf ki, bu vəsiyyəti yerinə yetirilmir”.
Elza Seyidcahan bəstəkar Asəf Zeynallının məzarının Fəxri Xiyabana köçürülməsini arzu edib:
“Çox arzu edərdim ki, onun məzarı I Fəxri Xiyabana köçürülsün. Bu məsələyə diqqət edilsə yəqin ki, onun da ruhu şad olar”.
Xatırladaq ki, Asəf Zeynallı 1923-26-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olub. Azərbaycan musiqi tarixində ilk romanslar və ilk uşaq musiqi repertuarı Asəf Zeynallının adı ilə bağlıdır.
Bəstəkar Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada qarın yatalağı xəstəliyinə tutulur. Bir müddət müalicə almasına baxmayaraq, dünyasını dəyişir.
Musavat.com

Paylaş: