“Sosial şəbəkələrə nəzarət texniki baxımdan olduqca çətindir”
Tarix: 2-06-2020, 08:59



Milli Məclisin son toplantısında sosial şəbəkələrə nəzarətin vacibliyi ilə bağlı fikirlər səslənib. Bəzi millət vəkilləri hesab edir ki, sosial şəbəkələrdə müharibə, terrorla bağlı çağırışlar səslənir ki, bu da ciddi qanun pozuntusudur.
 
Moderator.az-a açıqlamasında bu təklifi şərh edən media eksperti Elçin Şıxlı, bu cür müzakirələrə ehtiyac duymadığını vurğulayıb:
 
“Şübhəsiz ki, terrora, iqrçiliyə və  s. kimi məsələlərə çağırış yolverilməzdir və buna görə qanunla məsuliyyət nəzərdə tutulub. Yəni qanunun bu məsələyə mövqeyi aydındır və sosial şəbəkələrdəki bu cür çağırışlar əsasən xüsusi xidmət orqanları tərəfindən araşdırılır. Buna görə də parlamentdə sosial şəbəkələrə nəzarətlə bağlı müzakirələrə lüzum görmürəm. Onu da unutmaq olmaz ki, sosial şəbəkələrə nəzarət texniki baxımdan olduqca çətindir.
 
Sosial şəbəkələrdən söyüş, təhqir  vasitəsi kimi istifadə də yolverilməzdir. Bir də görürsən ki, biri tanıdı-tanımadı hər kəsə həqarət etməyə başlayır.
 
Bunu da qeyd edim ki, sosial şəbəkə media sahəsi deyil. Burada hansısa media qurumunun səhifəsi, xəbər platforması ola bilər ki, bu da tamam başqa şeydir.
 
Hesab edirəm ki, sosial şəbəkələrə nəzarətlə bağlı parlamentdəki müzakirələrə ehtiyac yoxdur və bu müzakirələrə sərf edilən zaman ərzində daha vacib məsələlər müzakirə oluna bilər”.

Paylaş: