“Uşaqlar üçün təhlükəli verilişlər efirdən yığışdırılmalıdır”
Tarix: 1-06-2020, 16:00



1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Hələ də xeyli sayda uşaq istər ailədə, istərsə də cəmiyyətdə mənəvi-psixoloji, fiziki təzyiqlərə, şiddətə məruz qalır. Bu, azmış kimi, bir də informasiya əsrinin özü ilə gətirdiyi bəlalar var. İnformasiyanın əlçatanlığı işimizi asanlaşdırdığı qədər problemlər də yaşadır. Bunlardan biri də uşaqların zərərli informasiyalara məruz qalması məsələsidir.
 
Uşaqların Beynəlxalq Müdafiəsi Günü bu məsələni də gündəmə gətirib. AYNA xəbər verir ki, Azərbaycan İnternet Forumunun (AİF) prezident Osman Gündüz bu barədə diqqətçəkən məqamlara toxunub. “Uşaqları zərərli informasiyalardan qoruya bilirkmi?” sualını ortaya atıb, buna cavab axtaran ekspert, bu ilin 1 yanvar tarixindən qüvvəyə minən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna diqqət çəkib.
“Müxtəlif yaş kateqoriyalarına aid olan uşaqların informasiya əldə etmək hüququnun reallaşması zamanı onların zərərli informasiyalardan qorunması ilə bağlı münasibətləri tənzimləyən qanun TV-lərdə yayımlanan hər bir informasiya məhsulunun yaş kateqoriyalarına görə (6-, 6+ , 12+,16+, 18+) işarələnməsini tələb edir. Bunun üçün ekspertlər seçilməli, informasiya məhsulunun ekspertizası aparılmalıdır. İndiyədək TV-lərdə formalaşan informasiya məhsulları da ekspertizadan keçirilməli və yaşa görə işarələnməlidir. Eyni zamanda, adı çəkilən qanuna görə, internet media qurumları da informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətnləri yerləşdirməlidir. Uşaqların ola biləcəyi yerlərdə də zərərli olan informasiyaların yayılması qanunla qadağan edilib. Qanunun pozulmasına görə cəzalar da müəyyən edilib”, - Gündüz bildirib.
 
Qeyd edək ki, “Telekommunikasiya haqqında Qanun”a da əlavələr edilib. Bu əlavəyə diqqət çəkən O.Gündüz hər bir provayderin abunəçinin istəyi ilə uşağı internetdə zərərli informasiyadan qorumaq üçün imkanlar yaratmalı olduğunu qeyd edib: “Bu qanuna görə, bütün provayderlər, valideynin arzusu ilə təmiz, “halal internet” xidməti də təklif etməyə borcludur. Qanunun ayrı-ayrı müddəalarının icrası üçün MTRŞ, NRYTN, Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cavabdehdir”.
 
“Bəs qanun necə icra olunur?” sualına gəldikdə, mütəxəssisin sözlərinə görə, müşahidələr və aparılan monitorinqlər göstərir ki, qanunun icrası ilə bağlı ciddi problemlər var: “Xüsusilə TV və internetdə qanunun tələb etdiyi qaydada informasiyaların kateqoriyalaşmasına çox az rast gəlinir. İndiki vəziyyətdə qanunun tələb etdiyi formada təsnifatlandırma aparılarsa, telekanallardakı bir çox verilişlərin ya efir vaxtı dəyişdirilməli, ya da uşaqlar üçün ciddi təhlükə olan bir çox verilişlər, ümumiyyətlə, efirdən çıxarılmalıdır. MTRŞ qanunun icrası, telekanallarda qanunla nəzərdə tutulan ekspertiza qurumlarının hazırlanması üçün arxivlərdə bu istiqamətdə işlər aparılmalıdır. Bu istiqamətdə işlərin aparılması üçün dövlət tərəfindən dəstək göstərilməsinə ehtiyac var”.
 
O, əlavə edib ki, internetdə və mobil telefonlarla yayılan informasiyalarda qanunun tələb etdiyi xəbərdarlıq mətnləri yerləşdirilmir: “Provayderlər qanunun icrası üçün nəzərdə tutulan süzgəc sistemini qurmağa tələsmir. Hazırda cəmi bir-iki provayder “halal internet” xidməti təqdim edə bilir. Süzgəc sisteminin maliyyə təminatı məsələsi indiyədədək öz həllini tapmayıb. Uşaqların ola biləcəyi yerlərdə, təhsil və mədəniyyət müəssisələri ətrafında uşaqlar üçün xeyli zərəli infromasiyalara və elanlara (qəlyan, spirtli içkilər və s.) rast gəlmək olar. Uşaqların zərərli informasiyalardan qorunması üçün uşaqlar və valideynlər arasında maarifçilik tədbirləri də gücləndirilməlidir. Zərərli olanı uşaqdan gizlətməklə yanaşı, gərək biz faydalı olanı da göstərək. Bu baxımdan düşünürəm ki, dövlət uşaqlar üçün faydalı ola biləcək milli informasiya resurslarının hazırlanmasına diqqəti artırmalıdır. Yuxarıda adı çəkilən mərkəzi icra orqanları adı çəkilən qanunun icrası istiqamətində səylərini xeyli gücləndirməlidir”.

Paylaş: