Əbülfəs Qarayevin verdiyi fəxri adlar geri qaytarılmasa...
Tarix: 1-06-2020, 08:40



...Mədəniyyət Nazirliyində baş verənlər hələ də müzakirə mövzusudur. Təbii ki, nazir dura-dura onun həbs olunan işçilərinin hər hansı bir məsələdə məsuliyyət daşıması ağlabatan iş deyildi. İstər nazir müavini Rafiq Bayramov, istərsə də idarə rəisi Zakir Sultanov nə karədirlər ki, hər hansı bir təşkilatla müqavilə bağlasınlar və ya hər hansı bir sənədə qol çəksinlər, sonda aldıqları milyonları təkbaşına xırıd etsinlər?

Ona görə də haqlı olaraq xalqı həbsin ilk günlərində bir sual narahat edirdi. Bəs niyə nazir Əbülfəs Qarayev həbs olunmur və ya işdən çıxarılmır? Nəhayət, xalq öz sualına cavab tapdı və nazir Əbülfəs Qarayev işindən azad edildi.
Təbii ki, bu işdən çıxarılma ilə xalq razılaşmırdı, ona görə ki, mədəniyyətimizin anasını ağlar günə qoyan Əbülfəs Qarayevin həbsi gözlənilirdi. Nəyə görə Ə.Qarayev həbs edilməlidir? Mən bu yazımda məhz həmin suala aydınlıq gətirmək istəyirəm.
Uzun illərdir Ə.Qarayev mədəniyyət naziri işləyirdi. Gəlin görək bu illər ərzində mədəniyyətimizin, musiqimizin inkişafında, maddi-mədəniyyət abidələrinin qorunmasında, teatrlarımızın yaşaması üçün, yeni kino çəkilişlərini həyata keçirmək məqsədilə hansısa bir iş görülübmü? Birmənalı şəkildə demək olar ki, yox! Fikrimi əsaslandırmaq üçün ustad Cəlil Məmmədquluzadənin bir felyetonundan sitat gətirmək istəyirəm. C.Məmmədquluzadə yazır: “Mən divarın dibi ilə gedirəm. Birdən divarın o biri tərəfindən qoşunun addım səsləri gəlir. Cəld divara qısılıram ki, qoşunun ayaqları altında qalmayım. Xeyli gözləyirəm, qoşun görünmür, amma addım səslərini eşidirəm. Nəhayət, dözməyib divarın sonuna çatıb boylanıram ki, görüm bu nə məsələdir? Nə görsəm yaxşıdır? Görürəm ki, əsgərlərin belə bir məşqi var, yerindəqaçma. Mən də elə bilmişəm qoşun bu tərəfə gəlir. Sən demə, əsgərlər yerindəqaçma məşqini edirlərmiş”.
İndi Ə.Qarayevin nazir olduğu 16 il ərzində mədəniyyətimiz yerində qaçmaqla məşğul olub və bir addım da olsun irəli getməyib. Bu sətirləri oxuyan hər bir kəs belə düşünə bilər ki, heç bir fakt olmadan danışıram. Hər bir kəs diqqətlə baxsa, hətta adi gözlə də görmək olar ki, mədəniyyətimiz nə gündədir. Məgər bu konkret və ən böyük fakt deyil? Burada bir haşiyə çıxmaq istəyirəm. Oğuz rayonunda doğulmuş, Gəncədə ali təhsil almış və ahıl yaşlarına kimi Bakıda yaşamış, yazıb-yaratmış, ən çox da uşaq şeirlərinin müəllifi kimi tanınmış dağ yəhudisi olan Simax Şeyda haqqında oxucularımıza mütəmadi məlumatlar vermiş və müsahibələr təqdim etmişik. Son iyirmi ilə yaxın müddətdə isə o, səhhəti ilə bağlı Almaniyanın Münhen şəhərində yaşayır. Azərbaycan vətəndaşıdır və bununla da həmişə qürur duyur. Bir gözü tamam tutulub, o biri gözü isə hardasa 15-20% görür. Bununla belə, ildə bir dəfə Bakıya gələrək orada aldığı pensiyanı uşaqlar üçün yazdığı şeirləri kitab halına salaraq nəşr etdirir. Yenə də öz pensiyası hesabına Azərbaycanın klassik şarləri Nizamidən, Füzulidən tutmuş, müasir şairlərimiz Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Zöhrab Tahir, Məmməd İsmayıl, Cabir Novruz, Musa Yaqub və başqalarının şeirlərini dağ yəhudi dilinə çevirərək 3 cildlik antologiya şəklində çap etdirib. Azərbaycanın üzləşdiyi faciələrlə bağlı, Xocalıya, 20 Yanvar şəhidlərinə, Qarabağa, Şuşaya aid uşaqlar üçün yazdığı vətənpərvərlik şeirləri olduqca diqqətə layiqdir.
Mənə elə gəlir ki, Simax Şeyda haqqında misal gətirdiyimiz bu kiçik fakt da onun Azərbaycanı necə dəlicəsinə sevməsinin bariz nümunəsidir. Niyə görə bu insandan misal gətirirəm? Ona görə ki, Simax Şeydaya bir çox dəyərli ziyalılar Prezident təqaüdünün və ya Fəxri adın verilməsi üçün həm Yazıçılar Birliyinə, həm də Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət ediblər (“Təzadlar”da da dərc edilib). Lakin bu müraciətlər sanki quyunun dibinə düşüb. Bir çox artistlərə, müğənnilərə, incəsənət adamlarına layiq oldu-olmadı, Prezident təqaüdü və Fəxri adlar verilir. O insanlara fəxri adlar və təqaüdlər verilir ki, onların buna heç ehtiyacları yoxdur, yaxud layid deyillər... Bu kateqoriyadan olub ad, təqaüd alan insanlar toylarda, konsertlərdə oxumaqla ciblərini doldururlar. Amma dillənəndə danışırlar ki, xalqımızın yolunda canımızı qoymuşuq. Siz xalqın yolunda yox, cibinizin yolunda canınızı qoymusunuz. Amma xalqın yolunda canını qoyan, aldığı pensiyası hesabına kitablar çap etdirərək Azərbaycan məktəblərinə və kitabxanalarına pulsuz paylayan Simax Şeyda kimi 84 yaşlı bir insana isə adi Prezident təqaüdünü çox görürlər.
Tədbirlərin birində Ə.Qarayevə şəxsən, “Təzadlar”ın əməkdaşı olaraq belə bir müraciət etdim:
- Əbülfəs müəllim, o dağ yəhudisi olan şair Simax Şeydanı tanıyırsınızmı?
- Eşitmişəm, məlumatım var.
- Siz bilirsinizmi ki, bir dağ yəhudisi olaraq o, öz pensiyası hesabına kitablar çap etdirir, yaşadığı Almaniyada Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Belə bir insana niyə hansısa bir fəxri ad verilməsin?
- Biz ona bu yaxınlarda deyəsən ad verdik.
- Bəli, Simax Şeydaya fəxri ad verilməsi üçün sizə həm bir qrup ziyalı, həm də yəhudi sinaqoqu müraciət etmişdir. Nəticədə ona Fəxri ad yox, Prezidentin Fəxri Fərmanı verildi.
Mənim bu sözlərimdən sonra Ə.Qarayev yanındakılardan birinə belə dedi:
- Mənim yadıma salarsan o məsələ ilə məşğul olaram.
Sonrakı gedişat göstərdi ki, Ə.Qarayevin başı “soyunub özlərini çöldə qoyanlara” Fəxri ad verməyə qarışıb.
Son vaxtlar, yəni Ə.Qarayev nazir kürsüsündən gedəndən sonra demək olar hamı onu ən çox layiq olmayan müğənnilərə, əməkdar və xalq artisti adlarının verilməsində qınayır. Amma heç kəs konkret ad çəkmir. Nəticədə bilinmir ki, o xalq artisti adına layiq olmayanlar kimlərdir.
Amma bu sətirlərin müəllifi olaraq mən, özündən demək olmasın, “Təzadlar” qəzetinin sonuncu səhifəsində müəllifi olduğum “Həftəbecər” rubrikasında, necə deyərlər, Ə.Qarayevin sağlığında Xalq artisti adına layiq olmayanların adlarını dəfələrlə çəkmişəm. Onların adlarını bir daha xatırladıram ki, səsi, sənəti olmayan, ancaq xalq artisti adına layiq görülən kimlərdir.
Mən musiqi üzrə mütəxəssis deyiləm, amma ən yaxşı musiqi mütəxəssislərini, peşəkarları, konservatoriyanın bacarıqlı müəllimlərini yığıb bir komissiya təşkil edin və Xalq və Əməkdar artist adı alanları bu komissiyada yoxlayın və görək onlar o ada layiq olduqlarını sübut edə biləcəklər ya yox? Məsələn, Səməd Səmədov, Miri Yusif, Röya Ayxan, Faiq Ağayev, Aygün Kazımova, Tünzalə Ağayeva, Ədalət Şükürov, Elza Seyidcahan, Xumar Qədimova, Naibə Allahverdiyeva, İlqar Muradov, aktrisa Xalidə Quliyeva, aktyor Vidadi Həsənov, aktrisa Mehriban Xanlarova və digər adlarını unutduqlarımın hansı Xalq artisti adına layiqdir? Heç biri! Səməd Səmədova, Röyaya, Miri Yusifə, Faiqə, Aygünə Xalq artisti adı vermək və bunları Prezidentə sənətkar kimi təqdim etmək ən azından korifey sənətkarlar Rəşin Behbudovun, Lütfiyar İmanovun, Sara Qədimovanın, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın ruhlarını təhqir etməkdir. Bu adlar Əbülfəs Qarayevə təqdim olunanda niyə bircə dəfə düşünməyib ki, axı, toy müğənnilərinə Xalq aristi adı vermək olmaz? Sovet dövründə toy müğənnilərinə axırıncı sort adam kimi baxırdılar. Amma Əbülfəs Qarayevin sayəsində bu toy müğənniləri bu gün Fəxri adlar verərək efirlərimizin bəzəyinə çevrilib. Bu müğənnilərə Xalq artisti adı yox, istəyirsən dünya şöhrətli bir ad ver, xeyri yoxdur. Bununla onların nə səsi açılasıdı, nə də qabiliyyətləri, tərbiyələri yerinə gələcək. Ağzının danışığını bilməyənlər, neçə dəfə ərdə olub boşananlar, neçə dəfə arvad alıb ayrılanlar, onun-bunun arvadına göz dikib bunu açıq etiraf edənlər, arın-namusun nə olduğunu bilməyən bu insanlar efirdən xalqa abır-həya, ismət-namus, qeyrət dərsi keçirlər. Məhz bunların sayəsində insanların musiqi zövqü korlanıb, gənclərimizin mənəviyyatına ağır zərbələr vurulub. Belə abırsızların ad alıb efirə çıxmasının başlıca səbəbkarı məhz Əbülfəs Qarayevdir.
O qədər fəxri ada layiq olub bunu ala bilməyən bacarıqlı, istedadlı sənətkarlarımız var ki, onları yada salanda adamın ürəyi ağrıyır. Məsələn, dəfələrlə qeyd etdiyim kimi, 60 il muğam sənətində külüng çalan Dədə Süleyman (Süleyman Abdullayev) yaşının ahıl çağında Röya Ayxanla birlikdə Əməkdar artist adı aldı. Röya hələ qırx yaşını tamam etməyib artıq Xalq artistidir. Dədə Süleyman isə hələ də Əməkdar artistdir. Ona görə ki, Dədə Süleymanın Xalq artist adı alması üçün əlli min manatı yoxdur. Əgər hamı bilirsə ki, Əməkdar artisti adını 20 min manata, Xalq artisti adını 50 min manata almaq olur, onda Əbülfəs Qarayevin Azərbaycan musiqisinin və mədəniyyətinin başına necə böyük daş saldığının şahidi olarıq.
Televizya ekranlarında yəqin ki, Şahin İsmayılov adında vokal ifaçını yəqin ki, hamı görüb tanıyır. Dəfələrlə populyar verilişlərin qonağı olub. Mühüm dövlət tədbirlərinə dəvət alır. Onun hər ifasından sonra ətrafdakılar heyrətə gəlirlər ki, belə də yüksək oktavalı səs olarmı? Şahin İsmayılovun ifasında klassik musiqilər, bəstəkar mahnıları, o cümlədən, xarici bəstəkarların, müğənnilərin, xüsusilə də məşhur italyan müğənnisi Luçano Pararottinin əsərlərini orijinalda səsləndirdiyi mahnıları Şahin İsmayılovun qeyri-adi bir səs sahibi olmasının göstəricisidir. Bəla ondadır ki, vaxtilə Şahin İsmayılov toylarda oxuyanda Səməd Səmədov həmin toyda musiqi aparatlarını quraşdırmaqla məşğul olub. Taleyin ironiyasına baxın ki, aparat quraşdıran Səməd Səmədov uzun illərdir Xalq artistidir, amma Şahin İsmayılov heç Əməkdar artisti də deyil. Bu xalq artist adı alanların toyda, ya hər hansı bir məclisdə bircəciyi mikrofonsuz oxuya bilsə, mən onların hər birindən diz çöküb üzr istəməyə hazıram. Amma Şahin İsmayılovun üç yüz nəfərdən çox adamın iştirak etdiyi toy zalında “Sənsiz” kimi ağır əsəri mikrofonsuz ifa edəndə hamı dəhşətə gəlmişdi bu nə səsdir. Həmin toyda iştirak edən bir türk vətəndaşı gözlərinə inana bilmədiyindən gəlib Şahin İsmayılovdan xahiş etdi ki, mikrofonsuz daha bir mahnı ifa etsin və onu telefona çəksin və sənətkar onun xahişini yerinə yetirdi. 40 ilə yaxındır Ş.İsmayılov Azərbaycan vokal sənətini, bununla bir yerdə Rəşid Behbudovun, Lütfiyar İmanovun, Bülbülün ruhlarını yaşadır, vokal musiqi sənətimizi inkişaf etdirir, lakin pulu olmadığına görə ona heç bir ad verilmir. Lakin adlarını çəkdiklərimə və səsi, sənəti olmayanlara Ə.Qarayevin vasitəsilə Əməkdar və Xalq artisti adlarının verilməsi Azərbaycan musiqisinin və mədəniyyətinin anasını ağlatmaq deyilsə, bəs nədir?
***
Son aylar bir çox həbs olunan icra başçılarının milyonlarla dollar, manat, avro pulları üzə çıxır. Təbii ki, bu korrupsiya əməlində günahkar olan hər hansı icra başçısı layiq olduğu cəzanı alacaq və həmin pullar, sahib olduğu daşınmaz əmlaklar dövlətə qaytarılacaq. Bununla da ayrı-ayrı adamlara vurduğu ziyan ödənilmiş olacaq. Amma Ə.Qarayevin layiq olmayanlara fəxri adları verməsi və bununla da xaqımızın mənəviyyatına vurduğu ağır zərbəni aradan qaldırmaq üçün bəlkə də 50 il, 100 il vaxt lazımdır. Bunu hər hansı həbslə, dövlətin büdcəsinə qaytarılan pulla ödəmək olmaz. Ancaq xalqa cüzi təsəlli o olardı ki, peşəkarlardan ibarət xüsusi bir komissiya yaradılsın və o komissiyanın rəyi ilə Ə.Qarayevin dövründə və ondan da əvvəl Əməkdar və Xalq artisti adı alanların adları geri qaytarılsın. Əgər həbs olunan hərbçinin rütbəsi geri alınırsa, niyə işdən çıxarılan Ə.Qarayevin verdiyi adlar geri alınmasın? Bununla da bəlkə də haqq-ədalət bərpa olunar və nəhayət, layiq olanlar fəxri adlara layiq görülər.

tezadlar.az

Paylaş: