Tanınmış müğənni geyimlərini satışa çıxardı
Tarix: 30-05-2020, 10:37



Tanınmış müğənni, “Qismət” qrupunun rəhbəri və solisti Tural Qismət bahalı kostyumlarını satışa çıxarıb. Müğənni bu barədə özünün İnstaqram səhifəsində paylaşımlar edib.
KONKRET.az-a açıqlamasında müğənni faktı bir daha təsdiqləyib və bunu toylara qoyulan qadağa ilə bağlı maddi durumlarının zəifləməsi ilə əlaqələndirib:
– Üç aydır toylara qadağa qoyulması işimizi çətinləşdirib. Artıq ailəmizi dolandırmaqdan ötrü alternativ yollar axtarırıq. Şəxsən mən 7 nəfərdən ibarət böyük bir ailəyə özüm baxıram. İndi toylar yoxdur deyə məcburam geyimlərimi satışa çıxarım.
 



– Bu barədə nə vaxt qərara gəldiniz?
– Ramazan ayından sonra belə bir qərar vermişəm. Əgər toylar başlamayacaqsa, başqa çıxış yolum var ki? Bilirsiniz ki, biz müğənnilərin qazanc yeri əsasən toylardandır. Və məclislərdə insanların qarşısında zövqlü görünməyə məcburuq. Ona görə də olduca bahalı geyimlərə pul xərcləyirik. Hazırda iki qarderob toy geyimlərini satışa çıxarmışıq. Bu, təkcə mənə aid paltarlar deyil. Təxminən 30 nəfərdən ibarət komanda ilə çalışıram və az istifadə etdiyimiz qalstukları, köynəkləri, ayaqqabıları məcburiyyətdən çox ucuz qiymətə satırıq. Hətta elələri var ki, heç geyinilməyib.
– Geyimlərinizi təxminən neçəyə satırsınız?
– Çox ucuz. Deyərdim ki, 400-500 manatlıq kostyumları 100-150 manata, 800-1000 manatlıqları təxminən 200 manata satışa qoymuşuq.
– Belə bahalı malları çox ucuz qiymətə satmağa necə əliniz gəlir?
– Neyləməliyik ki?! Ziyanın yarısından qayıtmaq da yaxşıdır. Evimizi dolandırmalıyıq, ya yox?! Elə bir durumdayıq ki, 30 nəfərlik kollektiv bir-birinə borc verməklə dolanır.
– Sizdən başqa belə bir addım atan sənət yoldaşlarınız varmı?
– O barədə məlumatım yoxdur. Amma qəti şəkildə bildirirəm ki, toylar başlamayana qədər biz musiqiçilərin vəziyyəti heç də yaxşı olmayacaq. Nəinki musiqiçilərin, bərbərlərin, taksi sürücülərinin, fotoqrafların, dərzilərin, kameramanların, aşpazların, qabyuyanların və s. bir çox peşə sahiblərinin maddi vəziyyəti getdikcə ağırlaşacaq.
– Onda belə çıxır ki, sizin bu addımınız hökumətə eyni zamanda bir çağırışdır…
– Çağırış deyəndə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah səlahiyyətlilərindən xahiş edirik ki, bu məsələ ilə bağlı mümkün qədər tez qərar verilsin. Baxın, biz bir sənət adamı və xalqın nümayəndəsi olaraq daim dövlətimizə dəstək olmuşuq və tədbirlərdə təmənnasız olaraq çıxışlar etmişik. Ona görə də haqqımız var deyək ki, hökumət bu məsələyə bizi nəzərə alaraq yenidən baxsın. Operativ Qərargah gərək tezliklə müəyyən qaydalar çərçivəsində toylar barədə qərar versin ki, biz də dolanaq və evimizdə qazanımız qaynasın.

































Paylaş: