“Bu şəhərdə” komandasından bir ilk
Tarix: 12-10-2017, 14:49


Gələcəkdə “Bu şəhərdə” komandası olaraq televiziyalarda qonaq qismində iştirak etməkdən imtina edə bilərik.
Bu sözləri “Bu şəhərdə” komandasının baş prodüsseri Müşfiq Abbasov bu gün Yutub kanalında ilk dəfə canlı yayım vasitəsilə izləyici qarşısına çıxacaqları mövzusunda Kult.az-a danışarkən deyib. O bildirib ki, “Bu şəhərdə”nin Yutub kanalında canlı yayımların davamlı olub-olmaması izləyicilərdən asılıdır:
“İnşallah, bu gün ilk dəfə bu ideya ilə tamaşaçıların qarşısına çıxacağıq. Yutub kanalımızdakı izləyicilərimizin sayı 70 minə yaxındır. Bu rəqəm bir çox verilişlərin izləyicilərinin sayından çoxdur. Əvvəlcə canlı yayıma Yutubdan başlayacağıq, daha sonra isə digər sosial şəbəkələrdə canlı yayımlar həyata keçirəcəyik. Hansı daha effektli olsa, ona davam etdirəcəyik.
Ola bilsin ki, “Bu şəhərdə” komandası ümumiyyətlə televiziyalardakı verilişlərə qonaq qismində çıxmaqdan imtina etsin. Canlı yayımda montaj olmadığı üçün belədə ünsiyyət daha təbii, səmimi alınır. Həm də biz bununla müəyyən informasiya verməyə çalışacağıq.
Amma diqqət az olsa, bundan sonra canlı yayım etməyəcəyik. Biz hər gün canlı yayım təşkil edib, müxtəlif mövzular qoyaraq müzakirə etməyi düşünürük. Bugünkü canlı yayım üçün mövzu müəyyən etməmişik. Hələ ki, sadəcə canlı ünsiyyət olacaq. İnşallah, sonralar veriliş formatına keçmək fikrimiz var.
Ola bilsin, gələcəkdə konsert proqramlarımız üçün hazırladığımız bəzi səhnəciklərin müəyyən hissələrini özəl olaraq izləyicilərimizin qarşısında nümayiş etdirək. Hər şey izləyicilərdən asılıdır. Bugünkü canlı yayımda “Bu şəhərdə” komandasının üzvləri ilə daha yaxından tanış olacaqsınız. Düşünürük ki, izləyicilərimizin ən azı 5 faizi canlı yayıma qoşulsa, bunu uğur saymaq olar”.
Qeyd edək ki, “Bu şəhərdə” komandasının canlı yayımı bu gün saat 16:00-da Axar.az-da da yayımlanacaq.

Paylaş: