Nadir Qafarzadə övladlığa uşaq götürür
Tarix: 28-05-2020, 17:12




Müğənni Nadir Qafarzadə etirafları ilə gündəmə səs salıb.
Oxu.Az xəbər verir ki, “ATV” telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramında qonaq olan sənətçi, verilişə üz tutan 12 yaşlı Dilavəri övladlığa götürmək istədiyini açıqlayıb.
“Kaş Dilavər bizə gəlməzdi. Onu ailəmiz çox sevdi. İnanılmaz dərəcədə atasına və qardaşına bağlı bir uşaqdır. Həyat yoldaşım mənə zəng vurub ağlayaraq dedi ki, Dilavəri bir də evimizə gətirmə. Çox pis oldum. Elə zənn etdim ki, o qızı dünyaya özüm gətirmişəm və sanki məndən onu aldılar.

27 il idi ki, xanımımdan hələ belə sözlər eşitməmişdim. Düşünmürdüm ki, Sevinc (həyat yoldaşı - red.) iki oğlundan başqa, kimisə bu dərəcədə sevə bilər. Oğlum Dilavər ilə dostlaşdı. Bacı-qardaş kimi oturub söhbət edirdilər. Gözütox uşaqdır. Əmisindən xahiş etdim ki, Bərdəyə Dilavərsiz gedin. İcazə verin, o böyüyənə kimi bizdə qalsın. İstərdim ki, bizdə yaşasın, təhsil alsın. Ona ana sevgisi, qadın nəvazişi lazımdır. Dilavərə heç kim ana nəvazişini verə bilməz. İstəsə, o, evimdən gəlin də köçə bilər. Nə zaman qərar versə, evimiz ona qurbandır.
O, bizə növbəti xoşbəxtliyi bağışlayıb, çıxıb getməsi ilə bizi ağlar qoydu. Ailəmiz bu uşağa çox bağlandı. Dilavərin 12 yaşı olsa da, elə bil daxilində 50 yaşlı müdrik bir xanım var. Əmisi söylədi ki, Dilavər atasından ayrı qala bilməz. Bu uşaq möcüzədir.  
O, Sevinclə mənim qızım olmalı idi. Amma onu itirdik. Bir anlıq düşündüm ki, qızım ölməyib. Bizi aldadıblar, onu yenidən tapmışıq”, - deyə sənətçi bildirib.
Xatırladaq ki, Dilavər bir neçə gün Nadir Qafarzadənin evində qalıb. 



Qeyd edək ki, Bərdə rayonunun Xanərəb kəndində yaşayan 12 yaşlı Dilavər və 15 yaşlı qardaşı İlkin “Bizimləsən” proqramına müraciət edərək, maddi dəstək istəyiblər.
8 il öncə ağır xəstəlikdən uşaqların anası dünyasını dəyişib. Sonra isə onların atası ikinci dəfə ailə qurub.
Maddi baxımdan sıxıntılar keçirən Dilavər ilə İlkinin atası işləmək üçün Rusiyaya gedib. Orada avtomobil qəzası nəticəsində əlil qalıb. Uşaqların analığı isə bədbəxt hadisədən sonra ailəni tərk edib.



Paylaş: