“Nazir nə vaxt akryorları bir yerə yığıb soruşdu ki, necəsiz?”
Tarix: 26-05-2020, 18:38




Mədəniyyət Nazirliyində baş verən proseslərlə bağlı müzakirələr hələ də davam edir. Son günlər bir sıra mətbuat orqanlarında və sosial şəbəkələrdə nazirliyin ləğvi ilə bağlı da təkliflər irəli sürülməkdədir. Bəziləri isə kino sahəsinin qurumdan ayrılmasını təklif edir.
Məsələn, xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov Musavat.com-a açıqlamasında kinonun nazirlikdən ayrılması ilə bağlı fikirlər söyləmişdi.
Bəs digər mədəniyyət adamları bu haqda nə düşünür?

Afaq Bəşirqızı: “Kinonun nazirliyin tərkibində olması bir çox adamların ciblərini doldurdu”

 

Xalq artisti Afaq Bəşirqızı Mədəniyyət Nazirliyinin ləğv edilməsi ilə bağlı fikirlərə bu cür mövqe bildirdi:
“Bu gün Mədəniyyət Nazirliyi çoxlu sayda sahələri idarə edir. Burada dəftərxanadan tutmuş, ta real işlərə qədər hamısı nazirlikdən aslıdır. Mümkün deyil ki, nazirlik ləğv edilsin və müxtəlif sahələrə müxtəlif rəhbərlər təyin olunsun. Mədəniyyət Nazirliyi ümumi qurumdur və bütün sahələrə, onların inkişafına, fəaliyyətinə nəzarət edir. Bu baxmdan nazirliyin ləğv olunması təklifi məsuliyyətlidir. Sadəcə, hər bir işin öz konsepsiyası olmalı və ona əsasən hərəkət etmək lazımdır”.
Afaq Bəşirqızı kinonun nazirlikdən ayrılması təklifi ilə razılaşdığını dedi:
“Mən də istərdim ki, kino sahəsi müstəqil olsun. Çünki kinonun özü bir məsuliyyətdir və ağır bir sahədir. Kinonun nazirliyin tərkibində olması bir çox adamların ciblərini doldurmasına səbəb oldu. Çox maraqlanıram ki, cənab prezidentin kino üçün ayırdığı 5 milyon manat hansı filmlərə istifadə olunacaq və həmin filmlərdən biz nə qazanacağıq? Bir çox qonşu ölkələrdə, o cümlədən Qazaxıstandan, Tacikistandan “Oskar” üçün filmlər göndərilir. Bizdə isə ortalığa çıxan film yoxdur. Bu vəziyyət mənə çox ağır gəlir. Axı Azərbaycan filmi zamanında heç də digər ölkə filmlərindən geridə qalmırdı. Hətta Azərbaycan kinosu teatr sahəsindən daha çox aktyor, rejissor, operator yetişdirmişdi. Yəni kino teatrdan daha qabarıq idi. İndi isə vəziyyət çox pisdir. Bu gün kinostudiyamız bərbad vəziyyətdədir. Məgər hansısa sahə fəaliyyətdən qalanda onun binasının damı sökülür, qapıları çıxardılır? Bunu edən cinayətkarlara "gözün üstə qaşın var" deyən kimsə olacaqmı? Axı kimin nə ixtiyarı var ki, kino sahəsini bu günə qoysun? Onlar kimdən bəhrələnib, kimə arxayındırlar? İndi gənclərə daha çox yer verirlər. Amma bu o demək deyil ki, peşəkarları kənara atsınlar. Zamanında görkəmli aktyorlarımız olub ki, onlar 70-75 yaşında səhnədə olub, gözəl obrazlar yaradıblar. Düşünürəm ki, hamımız bir yerə yığışıb bu mədəniyyətimiz üçün gün ağlamlıyıq. Hər bir xalq mədəniyyəti ilə tanınır”.

Allahverdi Yolçuyev: “Nazir nə vaxt akryorları bir yerə yığıb soruşdu ki, necəsiz?”

 

Tanınmış aktyor Allahverdi Yolçuyev:
“Mədəniyyəti olmayan ölkələrin belə Mədəniyyət Nazirliyi var. Məsələn, Ermənistan kimi. Mədəniyyət həmişə lazımdır. Sadəcə, mədəniyyəti duyan, başa düşən, onu dərindən bilən, Azərbaycan kinosu, teatrı, musiqisi, memarlıq sahəsinindən anlayışı olan, xalqını sevən, onun mədəniyyətinin inkişafı üçün əlindən gələni əsirgəməyən insanlara həvalə olunmalıdır. Rəhbər olacaq şəxs ən azı ana dilində danışmağı bacarmalıdır. Bu gün Azərbaycan dilini bilməyən onun mədəniyyətindən, dilindən danışır. Bu, parodoks, təzaddır”.
Allahverdiyi Yolçuyev 41 ildir ki, sənətdə olduğunu, lakin bu günə qədər dəyərini ala bilmədiyini bildirib:
“41 ildir ki, bu sənətdəyəm, kinolara çəkilmişəm, dublyaj sahəsində çalışmışam. Küçəyə çıxanda hər kəs mənimlə maraqlanır, hal-əhval tutur. Amma nazirlikdə olanlar bir dəfə də maraqlanmayıb ki, necəyəm, nə yeyib-içirəm, niyə işləmirəm. Bu bir faktdır ki, istedadlı insanlardan istifadə etmirlər”.
Aktyor kino sahəsindəki vəziyyətə də toxunub:
“30 ildir ki, kinostudiya bağlıdır. Bu sahədo qədər mövzular var ki, çəkiləsi. Amma soruşanda deyirlər ki, yoxdur. Niyə yoxdur ki? Bu sahəni bilməyən rəhbər gələndə əlbəttə ki, olmaz. Əgər məni kimya- sənaye naziri təyin etsələr, həmin günü şəhəri tüstü basar, çünki o işi bilmirəm. Beləliklə də işi bilməyənlər rəhbər gəlir və hər şeyi dağıdılr. Hansı ki, Mədəniyyət Nazirliyində baş verən son prosesləri hər kəs gördü. Rüşvət gözlərini örtmüşdü və sonu o cür nəticələndi. Bu gün nə qədər aktyor və aktrisa ailəsi ilə birgə kirayələrdə yaşayır. Onların qayğısına qalmaq lazımdır. Nazir nə vaxt akrtyorları bir yerə yığıb soruşdu ki, necəsiz? Elə gəlib rəsmi surətdə hansısa tamaşaya baxıb, getmək nazir olmaq demək deyil. Nazir mədəniyyət xadimləri ilə dost olmalı, onlardan gilzənməməli, müaviləri adama yuxarıdan aşağıya baxmamalıdır. Ona görə də nazirliyini kökündən dəyimək lazımdır”.
Rejissor Elşən Zeynallı da nazirliyinin ləğv edilməsinə ehtiyac olmadığını bildirdi:

“Bu cür nazirlik bütün dünya ölkələrində var və özünü doğruldub. Sadəcə bizdə Mədəniyyət Nazirliyi “suyun məcrasını” bir qədər dəyişmişdi. Su lazım olan yerə, ağacın dibinə deyil, başqa yerə axırdı. Evdəki boş qablarını, quyularını doldururdular, ağaclar da susuzluqdan yanırdı”.
Rejissor da kinonun nazilikdən ayrılmasına razı olduğunu dedi:
“Kinonun nazirlikdən ayrılmasına dörd əlli razıyam. Çünki digər ölklərdə, o cümlədən Rusiyada belədir. Vaxtilə Azərbaycanda da kino sahəsi ayrı idi. Arzu edərdim ki, qurumun başına sayılıb-seçilən, kinematoqrafiyadan anlayışı olan və haqqı görən adam gəlsin. Dövlətin kinonun inkişafı, yaşaması üçün ayırdığı maliyyəni də başqa yerlər deyil, məh bu sahəyə sərf etsin. Mədəniyyət Nazirliyində rəhbər olanlar “nə tökmüşdülər aşlarına, o da çıxdı qaşıqlarına”. Onlar cinayətkarlardır. Hətta deyərdim ki, nazirlikdəki şöbə müdirləri müavinlərdən qat-qat cinayətkardır. Beləliklə, nazirlikdə dəhşətli bir vəziyyət yaranıb”.
Teatrşünas, mədəniyyət yazarı Xəyalə Rəis də uzun müddətdir ki, Azərbaycan mədəniyyətinə xidmət edən nazirliyin bağlanmasının əleyhinə olduğunu bildirdi:

“Mədəniyyət insan və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi, mənəvi dəyərdir. Bu dəyəri aşılayan və ona sahib çıxan bir nazirliyin mövcudluğu təbii ki, hamımızı məmnun edir. Mədəniyyətimizə sahib çıxmaq onu təbliğ etmək, qorumaq və mədəni sferamızın daha da genişləndirməkdə mədəniyyət nazirliyinin üzərinə böyük yük düşür. Bu baxımdan biz mədəniyyət yazarları da hər hansı bir material üzərində işləyərkən nazirliklə birbaşa əlaqədə olur, onlardan yaşanan problemlə bağlı mövqe öyrənməyə çalışırdıq. Qeyd edim ki, bu zamana qədər hansı problemi işıqlamdırmışamsa o məsələlərin 80 faizi öz həllini tapıb. Nazirlikdən operativ reaksiya gələrək, problemin ünvanlandığı şöbə məsələnin həlli üçün əllərindən gələni etməyə çalışıblar.
Kiminsə yıxılmasını gözləyən bir çoxlarından fərqli olaraq, mən bu nazirliyin bağlanmasının istəmirəm. Mədəniyyət sahəsində yaranan hər hansı bir problemdə qapısını döyə biləcəyimiz bir ünvanımız var. Onu da əlmizdən alınmasını istəməzdim. Uzun müddətdir ki, Azərbaycan mədəniyyətinin keşiyində dayanan belə bir nazirliyin kimlərinsə ucbatından bağlanmaq təhlükəsi ilə üz üzə qalmasını arzulamazdım”.
Musavat.com

Paylaş: