“50 yaşımda kimdir məni toya çağıran?”
Tarix: 26-05-2020, 13:27




Aparıcı-aktyor Şəhriyar Əbilov karantin günlərini rəsm çəkərək keçirir. Rəssamlığın uşaqlıq arzusu olduğunu deyən aparıcı rəssam Nizar Məmmədovdan dərs almağa başlayıb. Biz də musavat.com olaraq müəllim və onun tələbəsinə emalatxanada baş çəkdik. 
- Şəhriyar bəy, daim müsahibələrinizdə rəssam xanımla ailə qurmaq istədiyinizi demisiniz. Amma özünüzün rəsmə olan marağınızı gizlətmisiniz. Bu peşəyə maraq necə yarandı?

- 10 yaşım olanda rəsm çəkməyə həvəsim və qabiliyyətim olduğunu anladım. Başladım rəsm çəkməyə, valideynlərimə, evə gələn qonaqlara çəkdiklərimi göstərirdim. Ana-ata balasını sevdiyi üçün həmişə onun işlərini tərifləyir. Amma qohum-qonşu bu cür yanaşmır. Məni o vaxt küsdürmüşdülər. Tam xatırlaya bilməsəm də, içimdə elə hiss var ki, incimişdim. Valideynlər gərək övladlarını qabiliyyəti olan sahəyə yönləndirsinlər. Mən siravi ailədə böyümüşəm. Gözəl ata-anam var. Amma onlar pedaqoq olmadıqları üçün mənim rəsmə olan marağımı ciddiyə almadılar və əlimdən tutub bir emalatxanaya, rəsm dərnəyinə aparmadılar. Sonra məktəbdə, universitetdə dostlarımın rəsmlərini çəkməyə başladım. Birinin burnunu böyük, birinin ağzını əyri çəkirdim. Məndə alınmırdı. Karantin dövrü marağımın olduğu rəsmə qayıtmağıma səbəb oldu. Cızma-qara etməyə başladım. Rəssam Nizar Məmmədova zəng etdim. Dedim ki, rəsmə başlamaq istəyirəm. Dedi ki, mən sənə başqa cür öyrədəcəm, başqaları kimi qələm-kağız götürüb “Şəkil çək” deməyəcəm. Bir də sənin içində risk etmək qorxusu olmamalıdır. 

Bu zaman söhbətə rəssam Nizar Məmmədov qoşulur:

- Siz jurnalist olaraq necə kameradan çəkinmirsinizsə, rəssam da kətandan, rənglərdən qorxmamalıdır. Mən sizə şəkil çəkməyi öyrədə bilərəm, vərdiş edə bilərsiniz. Bu, rəssam olduğunuz demək deyil. Rəssamlar heç nədən əsər yaradır. Gərək yaradıcı olasan. İncəsənətin hər sahəsində rəssamlıq var. 
- Sosial şəbəkədə də əl işləriniz maraqla qarşılandı.
Şəhriyar: Bu sənət müalicəvidir. İnsan rahatlayır. İnsanlar təəccüblənir. Çünki bu haqda heç vaxt deməmişəm, danışmamışam. Onlar məndən bunu gözləmirdi. Sabah mikrofon götürüb, mahnı da oxuya bilərəm. 
Nizar: Bir müddət sonra Şəhriyarın işləri daha da mükəmməlləşəcək və o zaman pisləyəcəklər. Rəssamlar danışmağa, müzakirə etməyə başlayacaq. Deyəcəklər, getsin aparıcılığını etsin, filminə çəkilsin. Daha sonra isə gəlib əl verib görüşmək üçün növbəyə duracaqlar. Rəqib güclü olduqda həmişə belə olur. 
- Nizar bəy, heç bir bacarığı olmayan birisinin rəssam olmaq ehtimalı nə qədər realdır?
Nizar: Mümkündür, amma gərək içində rəssamlığa sevgi və qabiliyyət olsun. 50 faiz mənlikdirsə, 50 faiz rəsm çəkməyi öyrənmək istəyənindir. Şəhriyar ikinci mərhələdədir. Amma 5-ci mərhələdə tam fərqli sirlər öyrənəcək. 

- Azərbaycanda belədir ki, biri rəsm çəkməyə başlayanda dostları onların da  rəsmini çəkməsini istəyir...

Şəhriyar: Əlbəttə, istəyirlər. Bəzən mənə deyirlər ki, filan rəsmi mənə hədiyyə elə. Amma başa düşmürlər ki, ona günlərimi sərf etmişəm. Toya filan qədər pula gedirəm, 5 saat aparıcılığımı edib qayıdıram. Amma bir rəsm üzərində iki gün işləyirəm, enerjim, gözümün nuru gedir. Əhval-ruhiyyədən çox şey asılıdır. Əhvalın gözəldirsə, rənglər öz-özünə üzə çıxacaq. Nizar bir rəsm əsəri çəkib, dənizdir, ləpələr sanki qışqırır. Amma elə rəsm var ki, insan baxanda ruhu sakitləşir. Dünyaca məşhur rəssamımız Sakit Məmmədovun əsərləri arasında bir dənə də neqativ yoxdur. 
Nizar: Uşaqlıqda başına pis hadisələr gələn, ailəsində şiddət görən insanlar daha çox aqressiyanı, neqativi çəkir. 
Şəhriyar: Mən 10 gün evdən işlədim. Çox çətin rəsmlər çəkdim. Nizar bilsəydi, qoymazdı. A hərfindən Z hərfinə keçdim. Şərq qadınını, Oksana Rəsulovanın şəklini çəkmişdim, çox çətin iş idi. O gün gecə yatanda Üzeyir Hacıbəylinin rəsmini çəkmişəm. Çünki içimdən gəlib. 
- Rəsm sahəsində hədəfləriniz nələrdir? Karantin bitdikdən sonra da davam etdirəcəksiniz, yoxsa?
Şəhriyar: Mənim əsas gəlirim toylardandır. Gündəmdə olan aparıcıyam, toy bazarında tələbatlıyam. Amma 50 yaşımda kimdir məni toya çağıran? Hamı gənc, enerjili aparıcı istəyəcək. O zaman mən emalatxanamda oturub rəssamlıqla məşğul olacam. Gələcəkdə sərgilərim olsun istəyirəm. Allahın mənə yazığı gəldi, olğun yaşımda mənə bu neməti verdi. Bu sənətin faydaları çoxdur. Bəlkə də gələcəkdə dünya şöhrətli rəssam olacam və yaxşı pullar qazanacam. 

- Nəyin rəsmini çəkmək istəməzsiniz?
Şəhriyar: Mən vizual insan görünüşünü çəkməyi xoşlayıram. Qadınların rəsmini çəkməyi daha çox istəyirəm, nəinki kişilərin. Sakit Məmmədovun da rəsmlərinin çoxu qadındır.
Nizar: Sakit müəllimə sual veriblər ki, niyə daha çox qadınların rəsmini çəkirsiniz? Cavab verib ki, gözəl qadınların, ağıllı kişilərin rəsmlərini çəkirəm.
Şəhriyar: Neqativ rəsmlər çəkmərəm. Hər zaman insanlara pozitiv ötürürəm. İşlərimdə də istəyirəm ki, bunu göstərim. İyrənc, dərin dünyalar var, onların loqolarını çəkmək istəmirəm.

- Heç mənfi rəy bildirən oldumu?
Şəhriyar: Bəlkə də arxamca danışıblar. Deyiblər ki, aktyorluğa təzə başlamışdı, keçdi rəssamlığa... Amma üzümə hamı xoş sözlər deyib. Bu işdən ləzzət alıram. Bu iş səndən dil tələb etmir. Lal rəssamlar var. Rəssamlıq hər zaman insanı fərqləndirir, əlin çatmadığı insanları sənə yaxın edir. Tarixən rəssamlar seçiliblər, fərqli təbəqədə olublar. Hər zaman seçilmək istəmişəm, individual olmaq istəmişəm. Bu eqodan irəli gəlmir. Gördüyüm işlərin çox gözəl, mükəmməl olmasını istəyirəm. Verilişlərdə də eləyəm. Ona görə 6 ildir ki, aparıcı kimi ekranda deyiləm. Məni elə verilişlərə çağırırlar ki, ya qalmaqal olmalıdır, ya səs-küy. Mən o deyiləm. Özümü məhv edə bilmərəm. Artıq efirə qayıtmaq vaxtıdır. Mən gecə şousu təqdim etməyi planlayıram. Bəzi verilişlərə baxıb heyfislənirəm. Çünki aparıcılarının enerjisi, şousu yoxdur.

- Adətən hansı verilişlərə baxırsınız? 
Şəhriyar: Televiziyaya baxmaq yaddan çıxıb. Anam səhərlər ATV-ə baxır. Evdəkilər  axşam Zaur Kamalın verilişinə baxır. İTV-də və AzTV-də aktual verilişlər var, baxıram. Yaxşı veriliş olanda tamaşaçını geri qaytarmaq olur. Mən niyə Netfix-ə baxıram? Çünki keyfiyyətli seriallar çəkilir. Bizdə çəkilsə, öz seriallarımıza baxaram.

- Heç bir yerli seriala baxmırsınız?
Şəhriyar: Keçən sezon anam “Ata ocağı”na baxırdı. Bizim seriallarda elə bilirlər ki, qışqıranda hər şey düzəlir. Bir seriyada qışqırırlar, sonra düşünürlər ki, keçən seriayada qışqırdıq, reytinq oldu, bu dəfə də qışqıraq. AZTV də seriallara başlayır. “İctimai”dən artıq deyir ki, Qarabağla bağlı, dedektiv seriallar istəyirik. Milyarderlərin sarı divarlı villasında keçən görüntünü istəmirlər. Eşitdiyimə görə məni də seriala dəvət edəcəklər. Çoxdankı arzumdur yaxşı, keyfiyyətli serialda rol almaq. 
- Bəs arzusunda olduğunuz hər hansı rol varmı? 
Şəhriyar: Mən yaxşı rollarla yadda qalmaq istəyirəm. Siz Fuad Poladovu pis rolda görmüsünüz? Mən onu nümunə götürmüşəm. Babəki, Zeynalabdin Tağıyevi, dahi şəxsiyyətləri oynamaq arzusundayam.      

- Baş rollarından birini canlandırdığınız “Sevgi romanı” filmi təqdim edildi. Bir ay keçməmiş karantin başladı. Filmin aqibəti necə oldu?
Şəhriyar: Karantin bitdikdən sonra yenidən kinoteatrlara təqdim edəcəyik. Türkiyədə vizyona girəcəkdi, türkcə dublyaj edirdik. Pandemiya bitsin, yenidən piarına başlayacağıq. 
- Bayaq dediniz ki, əlimə mikrofon alıb mahnı da oxuya bilərəm. Belə başa düşdüm ki, önümüzdəki illərdə sizi müğənni kimi də görəcəyik.
Şəhriyar: İncəsənətin hər sahəsində özümü sınamaq istəyirəm. Nə vaxtsa, səsimdən istifadə etsəm, vokal oxumaq istəmirəm. Rauf kimi  deep house stilində oxuyaram. Yaxın zamanda fərqli stildə tamaşaçı qarşısına çıxacam. Artıq klassik geyimdən çıxmaq istəyirəm. Uzun köynəklər, boş şalvarlar istəyirəm. Şərq stil mənə çox yaraşır. Bəlkə də yaşımdan irəli gəlir, sərbəst və rahat geyimlər istəyirəm. Seçib yay-qış geyimlərimi sifariş etmişəm. 

Paylaş: