“Dövlətin vəsaiti uzun müddət mənasız serialların çəkilişinə sərf olunub”
Tarix: 25-05-2020, 08:34



Xəbər verdiyimiz kimi, ermənilər mayın 28-də Kanadada Qarabağ həqiqətlərinin mahiyyətini təhrif edən, prosesləri sırf erməni maraqları konteksində işıqlandıran yeni bir filmin təqdimatını həyata keçirəcəklər.
 
Maraqlıdır, bəs ölkəmiz necə, incəsənətin imkanlarından Qarabağ həqiqətlərinin təbliğində kifayət qədər istifadə edə bilirmi?
 
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev ölkəmizdə bu sahədə vəziyyətin əsla ürəkaçan olmadığını söylədi:
 
“Təbii ki, ölkəmiz Qarabağ həqiqətlərinin təbliğində incəsənətin imkanlarından istifadə etməlidir, amma etmir. Çox təəssüflər olsun ki, dövlət tərəfindən ayrılan vəsait uzun müddət tərbiyəsiz seriallara həsr olunub. 300-500 seriallıq bu filmlər kimə lazımdır? Ölkədə nə qədər səviyyəsiz artistlər var, hamısı ora yığılıb. Adi kameralarla çəkilən, insanda hər hansı müsbət fikir oyatmayan bu serialların heç bir əhəmiyyəti, önəmi yoxdur.
 
Qarabağla bağlı cəmi 3-4 film çəkilib. Azərbaycanın bu qədər qəhrəmanı, şəhidi var... Mübariz İbrahimov türklərdə olsaydı, indi onun haqqında çoxdan 10 dənə serial çəkmişdilər. Allahverdi Bağırov və digər qəhrəmanlarımızın həyatı, döyüş yolu ilə bağlı bu cür filmlərin çəkilməsi olduqca vacibdir. Ancaq bu gün biz belə filmləri görə bilmirik. Bu isə ancaq və ancaq təəssüf doğurur”.

Paylaş: