“Təzə nazir bu sahəni yaxşı bilməlidir”
Tarix: 23-05-2020, 10:15



Xatırladaq ki, Əbülfəz Qarayev Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb, ixtisası ingilis dili müəllimliyi olub. Nazir vəzifəsinə isə 1994-cü ildən gəlib. Belə ki, 1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri, 2018-2020-ci il 21 may tarixinə qədər isə Mədəniyyət naziri vəzifəsində çalışıb.
Avtobioqrafiyadan da göründüyü kimi, Əbülfəz Qarayev mədəniyyət camiyəsindən olan kadr olmayıb. Yalnız əmisi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevdir.
Bəs Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri yeni təyin olunacaq nazirdən gözləntiləri nədir? Yeni nazir mədəniyyət camiyəsindənmi olmalıdır? Namizədlər varmı?
Mövzu ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı ölkənin ən tanınmış mədəniyyət və incəsənət xadimlərinin rəyini öyrənib.

Xalq artisti Afaq Bəşirqızı qeyd edib ki, yeni nazir mütləq bu sahəni bilən şəxs olmalıdır: “Demək olar ki, hazırda mədəniyyət sahəsində böhran yaşanır, durğunluq dövrüdür. Bir-iki şöbə, o cümlədən beynəlxalq şöbə öz fəaliyyətini layiqincə davam etdirir. Qalan sahələrdə isə vəziyyət heç də ürəkaçan deyil. Bildiyiniz kimi, mətbuat, o cümlədən sizin qəzetiniz vasitəsilə bu barədə mən öz üsyanımı bildirirdim, qeyd edirdim ki, mədəniyyətdə çox böyük yeyintilər var. Təşkilatları, hansı ki, zamanında onları kişilər yaradıb, gediblər, indi oranı ”pişiklər" dağıdır. Bir dəfə qeyd etmişdim ki, respublikanın bir əməkdar artisti iki türk vətəndaşının evində qulluqçuluq edir. İstərdim ki, bu sahəni bilən adam olsun. Kiminsə bacısı oğlu, xalası oğlu olmasın. Cənab prezidentə təqdimatda aldadırlar. Mədəniyyət xalqsız, xalq da mədəniyyətsiz ola bilməz. Əgər mədəniyyət çat verdisə, o xalqın evi yıxıldı demək".

Xalq artisti, bəstəkar, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi: “Əlbəttə ki, bu bizim istəyimizdən aslı deyil. Qərarı prezident verir. Prezidentə kadrlar barəsində məlumat verilir və o da layiqli olanı təyin edir. Hazırda bilmirik ki, yeni təyin olunacaq şəxs iqtisadiyyat, riyaziyyat, ya da başqa sahənin adamı olacaq. Biz cənab prezidentin seçiminə böyük hörmətlə yanaşır və alqışlayırıq”.
Xalq artisti, görkəmli aktyor Rasim Balayev də yeni nazirin mədəniyyət sahəsindən olmasını arzuladığını deyib: “Çox istərdim ki, yeni nazir mədəniyyət sahəsini çox yaxşı bilən, mədəniyyətə qiymət verən, onun təəşşbüskeşi olsun, millətimiz haqqında çox düşünüb-daşınsın və yaxşı işlər görsün”.
Rasim Balayev kino sahəsində çox mühüm işlər görülməsinə ehtiyac olduğunu vurğuladı: “Kino ölüb, vəssalam. Yaxşı kino çəkmək lazımdır”.

Xalq artisti, aktrisa Naibə Allahverdiyeva: “Bu məsələ bizim istəyimizdən aslı deyil. Hər halda bu barədə sərəncamı prezident verir. Prezident kadrları hər kəsdən yaxşı bilir. Yəni məsələdə bizim səlahiyyətimiz çatmır. Amma bizim istəyimizə qaldıqda, təbii ki, istərdim ki, təyin olunacaq şəxs incəsənətə bağlı olsun, sənət adamlarını yaxından tanısın. Bura musiqi, kino və digər sahələr daxildir. Düşünürəm ki, hazırda musiqi sahəsində çox ciddi islahatlar aparılmalıdır. Televiziyada səslənən, təqdim olunan musiqilər ilə bağlı mədəniyyət nazirinin birbaşa nəzarəti olmalıdır. İndi hər kəs əlinə mikrafon alıb müğənnilik edir və onlar televiziyalarda çox təbliğ olunur. Bu problem insanlarımızın musiqi zövqünü korlayır. Məsələyə elə bu yöndən başlamaq lazımdır. Hesab edirəm ki, yalnız peşəkar, əsl sənətkarlar efirlərdə musiqimizi təbliğ və təqdim etməlidir”.
Aktrisa kino sahəsində də durğunluq yaşandığını diqqətə çatdırdı: “Film və seriallarda yalnız peşəkar aktyor və aktrisalar çəkilməlidir. Yəqin ki, bilirsiz, Türkiyədə mədəniyyət nazirinin bəyanatı ilə seriala və kinolarda yalnız peşəkar aktyorlar çəkilə bilir. Bu sahədə olanlar mütləq aktyorluq məktəbi keçməlidir. Hərdən biz bu məsələlərə etinasız yanaşırıq. Amma insanların dünya görüşünün artmasında film və serialların çox önəmi var. Bu baxımdan bir daha qeyd edirəm ki, çox yaxşı olardı ki, yeni təyin olunacaq şəxs incəsənətə yaxın, bu sahəyə canı yanan biri olsun. Bir xalq yetərincə gözəl mədəniyyətə malik olarsa, əlbəttə ki, çox yaxşı inkişaf edəcək, savadlı gəncləri yetişəcək”.

Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəyov açıqlamasında kino sahəsinin Mədəniyyət Nazirliyinə aid olmadığını deyib və bu sahənin nazirliyin tərkibindən çıxarılmasını təklif edib: “Ömrünün 50 ilini kinoya həsr edən 76 yaşlı bir rejissor, ağsaqqal kimi bir məsələni qeyd etmək istərdim - əgər biz müstəqil kinomuzu əvvəlki səviyyəyə qaytarmaq, bərpa etmək istəyiriksə, mütləq kino komitəsi Mədəniyyət Nazirliyindən ayrılmalıdır. Bununla bağlı praktika var. Əvvəllər kino sahəsi ayrı olub. Lakin sonradan kinonu da aparıb Mədəniyyət Nazirliyinə bağladılar. İkinci bir arzum da ondan ibarətdir ki, bundan sonra Azərbaycanın kino sahəsinə yeni kadr təyin olunacaqsa, o, ələkdən keçirlməli və mütləq şəkildə bu sahəyə aidiyyəti olmalıdır. Yoxsa hər şey olduğu kimi qalacaq”.

Öz növbəsində Əməkdar artist, müğənni Nüşabə Ələsgərli də yeni mədəniyyət nazirinin bu sahədən biri olan şəxsin olmasını arzuladığını dedi: “Yaxşı olardı ki, yeni nazirin mədəniyyət təhsili olsun. Məsələn, konservatoriyalardan birində və yaxud İncəsənət Universitetində çalışan professor, akademiklərdən biri olsa, çox gözəl olardı. Çünki onlar mədəniyyət sahəsini, eləcə də idraəetməni əla bilirlər”.

Paylaş: