Azərbaycanda 50 min nəfərə 1 muzey, 20 min nəfərə 1 Xalq artisti düşür...
Tarix: 22-05-2020, 15:25



Keçən il Nyu-Yorkda olanda uşaqların təkidiylə kitabxanaya getmişdim. Heyran qalmışdım. Hətta Facebookda da bir post yazıb paxıllığımı gizlətməmişdim. Sonra araşdırıb öyrənmişdim ki, həmin kitabxananın şəhərin müxtəlif səmtlərində 90-dan çox şöbəsi var. Bunlardan başqa da şəhərdə fərqli adla çoxlu sayda belə kitabxana fəaliyyət göstərir.
Amerikadakı kitabxanaların heç biri dövlət büdcəsindən pul almır, sadəcə ya ianələrlə maliyyələşir, ya hansısa QHT-nin balansındadır, ya da bələdiyyələrin xidmətlərinə aiddir. Hansı kitabların alınacağı isə dövlətin, rəhbərliyin yox, kitabxana əməkdaşlarının müstəqil işidir. Amerikalıların üçdə biri hər həftə belə kitabxanalara gəlib faydalanır ya da kitab götürürlər.
Bu misalı niyə çəkirəm, onu da deyim. Bizdə var, amma ABŞ-da Mədəniyyət Nazirliyi yoxdur. Bizdə büdcədən ayrılan pulları nazir, müavin, direktor, qohum, tanış öz ciblərinə qoyur. ABŞ-da isə Mədəniyyət Nazirliyi yoxdur, büdcəsi yoxdur, amma hər tərəfdə hamıya xidmət göstərən, dövlətdən heç bir asılılığı olmayan mədəniyyət müəssisələri işləyir.
Statistika Komitəmizin məlumatına görə, Azərbaycanda 1990-cı ildə 4605 kitabxanamız vardı, 2018-də bu say azalıb 2942-yə düşüb. Mədəniyyət Nazirliyi olmayan ABŞ-da bu rəqəm 120 mindir. 30 il öncə bizim kitabxanalarda təqribi 45 milyon nüsxə kitab vardısa, indi bu rəqəm 31 milyon nüsxədir. Təkcə Nyu York xalq kitabxanasının 93 filialında, yəni ABŞ-dakı kitabxanaların 0.008 faizində olan kitab sayı 50 milyondur. ABŞ-da hər il 1.4 milyard insan kitabxanadan istifadə edir. Bu ölkə əhalisinin dörd qatı deməkdir. Azərbaycanda isə 2.5 milyon insan. Bu da əhalimizin dörddə biri deməkdir.
Mədəniyyət Nazirliyi olan Azərbaycanda bir il ərzində nümayiş olunan 800 filmin 450-si mədəniyyət nazirliyi olmayan ABŞ-ın istehsalıdır. Beş il əvvələ qədər Hollivud qasırğası dünya film sənayesinə öndərlik edirdi, indiki dijitallaşan dünyada da Netflix ilə coşurlar.
Azərbaycanda 50 min nəfərə 1 muzey düşür, Amerikada isə 10 min nəfərə. Çünki onlarda mədəniyyət nazirliyi yoxdur. Amma bizdə hər 20 min nəfərə 1 xalq artisti və ya əməkdar artist düşür.
ABŞ-da işləyən əhalinin 1.4 faizi artistdir. Professional sənətçidir. Yəni 2 milyondan çox insan əsas işinin artist - sənətçi olduğunu deyir, amma heç biri artistlik eləmir, heç biri nazirlikdən maaş almır, ad istəmir, ev istəmir. 500-dən çox xalq artisti, əməkdar artist adı paylanan ölkəmizdə isə artistlikdən baş açıb real məsələlərə baxa bilmirik.
Düzdür, Amerikada da mədəniyyət nazirliyi yaradılmasını istəyənlər hərdən olur. Obama ikinci dəfə prezident seçiləndən sonra bir cazmenin təşəbbüsüylə imza kampaniyası başlatmışdılar ki, ABŞ-da da mədəniyyət nazirliyi yaradılsın. Ancaq amerikalılar bu fikri bəyənməmişdi. Çünki onlar fikirləşir ki, dövlət mədəniyyəti idarə etməsin, mədəniyyət öz yağında qovrularaq inkişaf etsin ki, dövlətə də təsir edə bilsin. Məsələn, yazıçısı, sənətçisi öz kariyerinin zirvəsini dövlətdən alacağı adla ölçməsin, dövlətə “mənə ev verin” deyə yalvarmasın. Əksinə dövləti məcbur eləsin ki, filan evi muzey edək, filan obyekti kitabxanaya çevirək.
İndi fikirləşək görək, bizdə olub Amerikada olmayan Mədəniyyət Nazirliyi, ümumiyyətlə, bizə lazımdır ya yox?
Rizvan Qənbərli

Paylaş: