““LAF”ımız anlayanadır: Xəbərlərimiz ülgüc kimi kəsəcək”
Tarix: 21-05-2020, 09:37



May ayının 28-də Azərbaycanda yeni internet televiziya fəaliyyətə başlayacaq. “LAF TV” adlanan telekanalın təsisçiləri Əməkdar jurnalistlər Afət Telmanqızı və Ləman Ələşrəfqızıdır.
Yeni layihə haqqında Əməkdar jurnalist Afət Telmanqızı Cebhe.info-ya müsahibəsində danışıb.
- Afət xanım, öncə uğurlar arzulayırıq. Necə oldu ki, internet TV qurmaq ideyası yarandı?
- Mən və həmkarım Ləman Ələşrəfqızı belə qərara gəldik ki, İnternet TV yaradaq. Elə bir TV ki, xalqın səsi olsun. Xalqın problemlərini işıqlandırıb, ona kömək edək, problemdən çıxış yolunu göstərək. Elə bu missiya ilə də yola çıxdıq.
- “LAF TV”nin özəlliyi, prioriteti nə olacaq?
- “LAF TV” daha çox sosial problemlərə üstünlük verəcək. Elə əsas verlişimizin adı da “Ülgüc xəbər” olacaq. Xəbərimiz, reportajımız kəsərli olacaq. Bundan başqa, günün aktual mövzusuna aid müsahiblərimiz, Ləmanla mənim məsələlərə, olanlara baxışımız olacaq.
- Nəyə görə məhz “LAF”?
- Yəqin ada işarə edirsiniz. “LAF” Ləman və mənim adımın baş hərfləridir. L-LƏMAN, AF-Afət... “LAF” həm də danışmaq deməkdir. Şairlərimizin yaradıcılığında laf etmək sözündən çox istifadə edilib. Füzulinin, Sabirin, Hüseyn Cavidin, Abdulla Şaiqin yaradıcılığında tez-tez laf etmək sözünə rast gəlinir. Məsələn, Sabirin bir sətirini misal çəkim. “Hələlik gəl unudaq, filməsəl, öz lafımızı”. Biz də laf edəcəyik, danışacağıq.
- “LAF TV” ilə vətəndaşın ünsiyyəti necə qurulacaq?
- Bizim “qaynar xətt”imiz var: 070 394-11-11. Bu nömrəyə vətəndaş problemini yazıb, hətta çəkib göndərə biləcək. Özümüz də reportyor olaraq çəkilişlər edəcəyik.
- İşçi sayını artırmaq fikriniz varmı?
- Əlbəttə ki, var. Artıq bizimlə işləmək istəyənlərdən müraciətlər alırıq. Gələcəkdə sıralarımız genişlənəcək.
- Gələcəkdə yerüstü yayıma cıxmağı düşünürsünüzmü?
- Hələlik internet TV olaraq fəaliyyət göstərəcəyik. Gələcəkdə nə olacağı barədə bu gün danışa bimərəm. Onu gələcək göstərər.
Əhməd

Paylaş: