"Onsuz da toylara getmirdim"
Tarix: 19-05-2020, 15:22




Ölkədə koronavirus epidemiyası yayıldığı üçün toylar, tədbirlər təxirə salınıb. Bir çox sahələr fəaliyyətini bərpa etsə də, toylara qoyulan qadağanın nə zaman ləğv ediləcəyi bəlli deyil.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da mətbuata açıqlamasında iyun-iyul aylarında toyların bərpa olunması ilə bağlı nəsə deyə bilmədiklərini söyləyib: "Bugünkü statistika bunu deməyə əsas verir. Mütəxəssislər sonrakı günlərlə bağlı nə deyəcəksə, o da olacaq".
Bəs, toylarsız qalan müğənnilər hazırda maddi sıxıntı yaşayırmı?
Musavat.com mövzu ilə bağlı sənətçilərin fikrini öyrənib. Reper Ramil Nabran deyib ki, hazırda musiqiçilərin çətin dövrüdür:
“Kütləvi məclislərdə işləyən müğənnilər işsiz qalıb. İnsan hər bir ana, hər bir fors-major hadisələrə hazır olmalıdır. Bundan da betər dövranlar olub. Özünü əsas itirməmək lazımdır.
Dünyada yaxşı insanlar, yaxşı dostlar olduğu müddətdə hər şeyə çarə var. Əsas işləmək lazımdır. Dayanmamaq. Rəbbim millətimi və bu milləti, əsgərlərimizi qorusun”.
Müğənni Elnarə Xəlilova bildirib ki, öncədən də toylara getmirdi:  “Onsuz da toylara getmirdim. Son vaxtlar şou proqramlara da getmirdim. Evdə oturub uşaqlarıma baxıram. Dövlət Sərhəd Xidmətinin solistiyəm, işimi orda davam etdirirəm. Mahnılarımdan, reklamlardan, sinqllarımdan rəqəmsal platformada pul qazanmağa çalışıram.
Sənət dostlarımın adına çox üzgünəm, çünki ancaq gəliri toydan olan sənətçilər var. İstəyirəm ki, tez bir zamanda həyat normala qayıtsın. Hər kəs ruzisini qazansın”.
Meyxanaçı Namiq Qaraçuxurlu deyib ki, karantin günlərində yazdığı mahnılardan gəlir əldə edib: “Maddi durumumda elə bir problem yoxdur. Bu neçə ayda hesabda olmayan gəlirlərim də oldu. Allah yetirdi, musiqi və söz yazdım, mahnı satdım. Gələcəkdə, bir-iki aydan sonra nə olacağı mənə də qaranlıqdır. Vəziyyət belə davam etsə, çətin olacaq”.
Müğənni Nadir Qafarzadə bildirib ki, hazırda maddi vəziyyəti çətindir:  “Mən yanvar-fevral ayı işləməmişəm. Bilirsiniz ki, o aylarda toy çox az olur. Martdan başlayır toyların qızğın vaxtı. Mart, apreldə də koronavirus gəldi, toylar, tədbirlər təxirə düşdü. İndi də Ramazan ayı başlayıb. Açıqlama da yayıldı ki, toyların nə zaman olacağı bəlli deyil. Avqust ayında da Məhərrəmlik girəcək. Yəni yayda toy olmasa, toylar bir də oktyabra qalır. Toylar olmasa, qazancımız olmayacaq. Bir çox sənət adamının maddi durumu artıq çətinləşib, bundan sonra da çətinləşəcək”.
Ötən gün müğənni Rəqsanə İsmayılova da toy olmadığı üçün pulu bitdiyini açıqlayıb:  “Toy yoxdur, artıq pulum qurtarıb. Mənim gəlirim də ancaq toydan olurdu. Yoldaşımın işi var, gəlir onundur. Sağ olsun, nə qədər istəyirəm, yardım edir”.
Musavat.com

Paylaş: