Toy və yas mərasimləri də bərpa olunsunmu?
Tarix: 19-05-2020, 08:27



Məlum olduğu kimi, mayın 18-dən etibarən ölkədə bir çox sahələrdə karantinlə bağlı yumşalmalar qüvvəyə minib. Lakin toy və yas məclislərinin təşkili ilə bağlı qadağalar yenə saxlanılıb. Hətta bir neçə gün öncə toy məclislərinin sentyabradək təxirə salınacağı ilə bağlı bir sıra mətbuat orqanlarında Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının adından məlumatlar yayılmışdı. Lakin qurumdan sputnik.az saytına açıqlama verilərək bildirilib ki, yayılan məlumatlar əsassızdır.
“Azərbaycanda toyların keçirilməsinə sentyabra kimi qadağa qoyulması barədə Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının adından yayılan bu məlumat yalandır. Ramin Bayramlı belə bir açıqlama verməyib”, - deyə məlumatda deyilirdi.
O da məlumdur ki, həm toy və yas mərasimlərindən dolanan xeyli təbəqə var ki, onlar artıq bir neçə aydır ki, işsiz, pulsuz qalıb. Onlarin arasında müğənnilər olduğu kimi, ofisiantlar, xadimələr, zəncirvari olaraq, digər sahələrdə çalışanlar da var. İş o yerə çatıb ki, artıq müğənnilər belə müflisləşdiklərini, tamamilə pulsuz qaldıqlarını açıqlayırlar.

Məsələn, bugünlərdə müğənni Nadir Qafarzadə “Yeni Müsavat”a açıqlamasında evdəki əşyalarını satmaq məcburiyyətində qaldığını demişdi: “İnanırsınızmı ki, artıq 5 aydır mən toya getmirəm. Əlimdə olan-qalanı da imkansız ailələrə payladıq, halal xoşları olsun. Düşündük ki, Allah haradansa yenə yetirər. Artıq ehtiyatda nə varsa, hamısı qurtarıb. Amma  hamı işləyirsə, biz niyə işləməyək? Nə toy, nə də məclis var. Bir daha qeyd edirəm, yanvar ayından işləmirəm. Bir tək martın 14-də bir toyum olub. Ondan sonra toylar iyun ayına keçirildi. May ayı da bildiyiniz kimi, orucluq ayıdır. Beləliklə, 7 ay qazancsız qalacağıq. Qeyd edim ki, toy vaxtını iyun ayına keçirənlərin də hamısı demək olar ki, indidən vaxtı oktyabr ayına salmağa başlayıblar. Çünki düşünürlər ki, iyun ayında da vəziyyət düzəlməyəcək. Yəni hər kəs çaşbaş qalıb, aləm bir-birinə dəyib. Düşünürəm ki, müəyyən qaydalara əməl etməklə bütün sahələrdə yumşalma olmalıdır. Deyə bilərəm ki, bu ayın sonu tamam pulsuz qalacam, müflis vəziyyətə düşəcəm. Məcbur qalacam ki, evdən nəsə satım”.
Bəs mütəxəssislər necə düşünür? Toy və yas məclisləri nə zaman bərpa oluna bilər? Ümumiyyətlə, bu iki tədbir bərpa edilsinmi?

Adil Qeybulla: “Sərt qadağalar özünü doğrultmadı, ona görə də...”
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Bildiyiniz kimi, sosial həyatın yumşaldılması prosesi başlayıb. Düşünürəm ki, bu məsələ ilə bağlı da proses getməli, vüsət almalıdır. Respirator infeksiyalar hər il özünü göstərir və hər il də bu problemlər olacaq. Gələn il bizi hansı sürpriz gözləyəcək, bunu indidən demək mümkün deyil. Həmçinin koronavirusun bu ştampının özünü necə aparacağını da deyə bilmərik. Göründüyü kimi, ayrı-ayrı sahələrə tətbiq edilən qadağalar özünü doğrultmadı. Düşünürəm ki, bu dövr ərzində biz daha çox insanların davranışları üzərində dayanmalıyıq. Yəni infeksiyadan qorunmağın yollarını tapmalıyıq. Hər halda, koronavirusa qarşı dərman, vaksinlə bağlı işlər görülür. Bunun üçün də sahələr üzrə tədbirlər görülməlidir. Yoxsa bu qadağalarla heç nəyə nail olmayacağıq. Bu həm iqtisadiyyata, həm də sosial sahəyə ziyan vurur. Bunun üçün də düşünürəm ki, artıq yol dəyişməlidir. Bir neçə ay bizə göstərdi ki, sərt tədbirlərlə heç nə əldə etmək olmaz. Bir daha qeyd edirəm ki, sadəcə, karantin qaydalarına əməl olunmalıdır, vəssalam”.

Əhməd Qəşəmoğlu: “Biz onların iş yerləri yoxdur deyə yenə qurban verə bilmərik”
Sosioloq Əhməd Qəşəmoğlu isə hər iki tədbirin bərpa olunmasına ehtiyac olmadığını bildirdi: “Bəli, bu bir real faktdır ki, hər iki sahənin insanları işsiz, pulsuz qalıb. Amma bu, elə sahələr idi ki, onların yaranması düzgün deyildi.  Bu səhv bir istiqamət idi, hansı ki, bu istiqamətdə böyük bir şəbəkə yaranmışdı. İndi ən doğrusu o olardı ki, həmin insanlar düşünüb, özlərini başqa sahələrdə tapsınlar. Biz onların iş yerləri yoxdur deyə, bir daha qurban verə bilmərik. Əvvəla, bu, onlara çox da lazım deyil. Çünki məlum deyil, bundan sonra nə baş verəcək. Ola bilər ki, yenidən karantin rejimi yaradıla və yaxud ikinci dalğa gələ bilər və sairə. Yəni şüurlu şəkildə qəbul etmək lazımdır ki, o dövr keçdi. Bir dövr var idi ki, onlar gəldilər, qazanc əldə etdilər və indi həmin dövr bitib. Düşünməlidirlər ki, artıq həmin dövrün həvəsi ilə yaşamaq olmaz. İstiqamətlənsinlər ki, hansı sahədə daha çox özlərini tapa, təsdiq edə bilərlər”.
“Yeni Müsavat”

Paylaş: