"Mədəniyyət Nazirliyində bu cür hallar ən kəskin tərzdə qınanmalıdır"
Tarix: 12-05-2020, 15:51




Azərbaycanın xalq artisti, görkəmli aktyor Rasim Balayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılan Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun həbsindən danışıb. 

Rasim Balayev Demokrat.az-a açıqlamasında bildirib ki, Mədəniyyət Nazirliyində kifayət qədər ciddi nöqsanlar var idi:

"Bu əməliyyat da göstərir ki, Mədəniyyət Nazirliyində çoxsaylı qanunazidd əməllərə yol verilib. Od olmayan yerdə tüstü çıxmaz. Görünür ki, Mədəniyyət Nazirliyində ciddi qanun pozuntuları mövcud olub. Ümumiyyətlə, Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanır. Mədəniyyət Nazirliyində bu cür hallar ən kəskin tərzdə qınanmalıdır. Hər il dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə milyonlarla vəsait ayrılır. Bəs həmin vəsaitlər hara xərclənilib? Görünür ki, bu sahədə yeyinti faktları olub. Əks halda DTX burada əməliyyat keçirməzdi". 

Xalq artisti qeyd edib ki, Mədəniyyət Nazirliyinə ayrılan həmin vəsaitlər hesabına aktyorların sosial vəziyyətinin yaxşılaşdırılması üçün böyük işlər görmək olardı:

"Dövlət büdcəsindən nazirliyə o qədər vəsait ayrılır. O vəsaitlər teatr, kino, kitabxanaçılıq və muzey işini inkişaf etdirmək olardı. Çox təəssüf ki, bu işlər lazımı səviyyədə görülməyib".

Rasim Balayev deyib ki, Mədəniyyət Nazirliyi fəxri adların verilməsi işini ədalətli həyata keçirə bilməyib:

"İndi fəxri ad almayan adam qalmayıb. Təsəvvür edin ki, illərdir əziyyət çəkən adamlara da, dünən çıxıb 2 mahnı oxuyanlara da fəxri ad verilir. Bu məsələdə ədalətli bölgü aparılmır. Bütün bu nöqsanların nəticəsidir ki, Mədəniyyət Nazirliyində yüksək vəzifəli adamlar həbs edildilər. Əgər ciddi məsələ olmasaydı, o adamlar da həbs olunmazdılar. Deməli, ciddi nöqsanlara yol verilib".

Paylaş: