Özbək qızına vurulan Kamil, Məşədi İbadla deyişən Sərvər - Bir aktyorun hekayəti
Tarix: 11-05-2020, 08:30




1950-ci illərin ortalarında Azərbaycanda lentə alınan filmlərin bir çoxu həm ssenari və rejissor işi, həm də aktyor oyunu baxımından dəyərli sənət əsərləri sırasında yer alır.

Bu sırada geniş tamaşaçı rəğbətini qazanmış iki ekran əsərinin adını xüsusilə qeyd edə bilərik: bunlar musiqili komediya janrında çəkilmiş “Görüş” (rejissor Tofiq Tağızadə, 1955) və “O olmasın, bu olsun” (rejissor Hüseyn Seyidzadə, 1956) filmləridir. Kino salnaməmizin parlaq səhifələrini təşkil edən hər iki film bu gün də sevilə-sevilə izlənməkdidir və hamı razılaşar ki, onlara neçə dəfə baxsan da, yoruldum deməzsən. Bu iki filmdə baş rollardan birini oynayan aktyor Arif Mirzəquliyevdən bəhs etmək istəyirik…

Bu ad bir çoxlarına tanış gəlməyə bilər, amma “Görüş” filmində Kamil, “O olmasın, bu olsun”da Sərvər obrazlarını xatırlamaq kifayətdir ki, Arif Mirzəquliyevin kim olduğunu biləsən… Bəli, Arif Mirzəquliyev cəmi iki obrazın məşhurlaşdırdığı sənətkardır…

Beləliklə, Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində aktyor Arif Mirzəquliyevin həyat hekayətini sizə təqdim edir.

Arif Teyyub oğlu Mirzəquliyev 6 iyun 1939-cu ildə Bakıda dünyaya gəlib. Atası Teyyub Mirzəquliyev Azərbaycanın Qusar rayonunun Uqur kəndindən olan həkim idi. O, oğlunu da gələcəkdə özü kimi həkim görməyi arzulayırdı.

Di gəl ki, Arifin arzuları başqaydı… Bu arzu onu Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutuna aparıb çıxarmışdı. Arif Mirzəquliyev taleyini kinoya bağlamağı düşünürdü.

Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutunun sonuncu kursunda təhsil alarkən Arif Mirzəquliyev böyük kino arzuları ilə yaşayırdı. İstedadlı gənc bu arzuların qanadında dalbadal iki filmə - "Görüş" filmində Kamil və "O olmasın, bu olsun" filmində Sərvər obrazlarına çəkilərək, aktyor kimi özünü sübut etmiş və populyarlıq qazanmışdı. Rejissorlar da şöhrətin astanasında olan gəncin gələcəkdə böyük aktyor olacağını düşünürdülər.

Amma nahaq yerə deməyiblər ki, sən saydığını say, gör fələk nə sayır… Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb peşəkar aktyor kimi vətənə qayıtmağa hazırlaşan Arifa günlərin birində Bakıdan teleqram gəlir. 

Bir cümləlik teleqramda yazılmışdı ki, “Arif, atan ağır vəziyyətdədir. Səni görmək istəyir”. Tələbə-aktyor təcili Bakıya gəlir, atası Teyyub həkim son nəfəsində ona deyir ki, “mən səni aktyor deyil, həkim görmək istəyirəm”. 

Teyyub Mirzəquliyevin rəhmətə getməzdən əvvəl Arifi aktyor yox, həkim görmək istəyini dilə gətirməsi oğlunu öz yolunu dəyişməyə məcbur edir.


Və Arif bir daha Ümumittifaq Kinematoqrafiya İnstitutuna qayıtmır. Atasının xahişi ilə Moskavadakı təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmış Arif imtahan verib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur.  Onların ailəsində hamı həkim idi…

Arif Mirzəquliyev üçün ata sözündən çıxmaq valideynlərə xəyanət etmək demək idi.

Beləliklə də o, Azərbaycan Dövlət Tibb İnstutunda təhsilini başa vuraraq, nevropatoloq ixtisasına yiyələnir.

Atasının vəsiyyətinə əməl edərək incəsənətdən uzaqlaşan Arif Mirzəquliyev ömrünün sonuna kimi Bakıda həkim işləyir.

O, gələcək həyat yoldaşı ilə də çalışdığı xəstəxanada tanış olur. Və sonralar da hər ikisi eyni tibb müəssisəində həkim işləyir.

Arif Mirzəquliyevin yaratdığı Kamil və Sərvər obrazları tamaşaçıların yaddaşına əbədi həkk olunub. Elə təkcə bu iki rola görə o, fəxri ad almağa layiq idi… Amma istedadlı sənətkar bu dünyadan fəxri ad almadan köçüb.


İki övlad – bir oğul və bir qız atası olan Arif Mirzəquliyev 1990-cı ildə Bakıda ürək çatışmazlığından vəfat edib.
Arif Mirzəquliyevin də oynadığı “Görüş” filminin mövzusu sevgi, sovet rejiminin əməyə çağırışı və bir-biri ilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğudur. Ekran əsərinin mərkəzində iki gəncin - özbək qızı Lala (aktrisa Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (aktyor Arif Mirzəquliyev) saf məhəbbəti dayanır.
Arif Mirzəquliyev bu filmdə Nelli Ataullayeva, Leyla Bədirbəyli, Həsənağa Salayev, Münəvvər Kələntərli, Əliağa Ağayev, Ağahüseyn Cavadov, Barat Şəkinskaya, Sona Aslanova, Əzizə Məmmədova, Məmmədəli Vəlixanlı və digər sənətkarlarla bərabər yaddaqalan ifası ilə tamaşaçıların diqqətini özlərinə cəlb edə bilib. 

“O olmasın, bu olsun” komediyasında da Arif Mirzəquliyev görkəmli sənətkarlarla birlikdə çəkilib. 1956-cı ildə Bakı kinostudiyasında lentə alınmış filmdə Əliağa Ağayev (Məşədi İbad), Ağasadıq Gəraybəyli (Rüstəm bəy), Möhsün Sənani (Qoçu Əsgər), Lütfəli Abdullayev (Baloğlan) kimi nəhəng aktyorlar yer alıb. Əslində, filmin məzmununu danışmağa ehtiyac yoxdur, çünki bu gün hamı onu əzbərdən bilir. Uzun illərdir hər bir evdə bu filmə böyük maraq və məmnuniyyətlə tamaşa edirlər. Şübhəsiz ki, komediyanın uğur qazanmasında tələbə Sərvərin – Arif Mirzəquliyevin də öz payı var…


Deyilənə görə, “O olmasın, bu olsun" filmində Sərvər roluna əvvəlcə məşhur müğənni Rəşid Behbudovu çəkmək istəyiblər. Amma rejissor H.Seyidzadə sonda Arif Mirzəquliyevin üzərində dayanıb.

“O olmasın, bu olsun” komediyası Azərbaycan tamaşaçıları üçün ən sevimli ekran əsərlərindən biri sayılır. Onun ayrı-ayrı ifadələri aforizmə çevrilmiş, musiqisi isə dillər əzbəri olmuşdur.

Arif Mirzəquliyev illər sonra – 1980-ci idlə 3-cü dəfə kinoya dəvət olunub və o, bir sıra tanınmış aktyorlarla “Məşədi İbad-80, yaxud köhnə tanışlar” qısametrajlı filminə çəkilib. Burada yenidən Sərvər obrazını canlandırıb, amma bu dəfə başqa ampluada. Bu film isə elə də uğur qazana bilməyib.

Qızı Teyyubə Mirzəquliyeva atası haqda xatirələrində bildirir ki, Arif Mirzəquliyev  həyatda xaraktercə mülayim, ailəsinə bağlı insan olub.

“İxtisasca həkim olmasına baxmayaraq, hər bir işlə yaxından maraqlanırdı. Çox həyatsevər insan idi. Nə mənim, nə də qardaşımın üstünə bir dəfə də acıqlanmamışdı. Atamın həyatda kinoda oynadığı Kamil obrazı ilə oxşarlğı var, çünki o, Kamil kimi sevgisinə hər zaman bağlı olub. Mən də Kamil obrazını daha çox sevirəm, hər dəfə o filmin sonluğuna baxanda göz yaşlarımı saxlaya bilmirəm”.


İllər keçməsinə baxmayaraq, hələ də Teyyubə xanıma atasının son günlərini xatırlamaq ağır gəlir:

“O günləri yada salmaq çox çətindir. Atam siqareti çox çəkirdi. İki dəfə infarkt keçirmişdi. Bir dəfə ürəyindən ağrı tutanda özünə söz vermişdi ki, sağalsın, daha siqaret çəkməyəcək. Amma siqareti tərgidə bilmirdi.
1990-cı il avqustun 4-də işıqlı dünyaya vida etdi. Atam hamıya həmişə kömək etmişdi, amma son nəfəsində ona heç kim kömək edə bilmədi. Hətta təcili yardım maşını da hadisə yerinə gecikmişdi. Ürəyindən qəflətən sancı tutması nəticəsində gözlərini əbədi yumdu”.

Teyyubə xanımın sözlərinə görə, atasının vəfatından sonra anası çox əziyyət çəkib, Arif Mirzəquliyevin yoxluğuna alışa bilməyib:

“Çünki onlar həm də bir-birini dərindən sevən iki dost idi. Bir-birlərinə çox bağlı idilər. Anam 2008-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.
Mən çox xoşbəxtəm ki, Arif Mirzəquliyev kimi atanın qızıyam. Bəzən filmlərinə baxanda sevinirəm, bəzən də göz yaşı tökürəm.
Heç bir film onu əvəz edə bilməz. Atam bu gün mənim üçün unudulmayıb. Hər bayramlarda, doğum gününüdə onun qəbrini ziyarət edirəm”…

Bu gün Arif Mirzəquliyevin adını qızının övladı - nəvəsi gənc Arif yaşadır… 

Paylaş: