“Vəziyyətimiz pisləşib, müflisləşirik...”
Tarix: 8-05-2020, 09:11



Məlum olduğu kimi, mayın 4-dən etibarən ölkədə xüsusi karantin rejimi yumşaldıldı, bir çox sahələrin fəaliyyətinə icazə verildi.  Şou-biznes aləmi ilə bağlı qərarlar isə hələlik sərtləşdirilmiş rejimdə qalmaqdadır. Qazancları əsasən toylardan “çıxan” müğənnilər iki aydır ki, toylarsız, şənliklərsiz, şou-proqramlarsız qalıb.
Böyük konsert proqramları təxirə düşən müğənnilər də var. Məsələn, xalq artisti Zeynəb Xanlarovanın, Röya Ayxanın konsert tarixləri artıq bir neçə dəfədir ki, təxirə salınıb. Amma qeyd etdiyimiz kimi, müğənnilərin əsas qazanc yerləri toylardır ki, hələlik bu sahədə yumşalma yoxdur. Artıq bir sıra tanınmış müğənnilər tez-tez maddi durumlarının ağırlaşmasından şikayətlənir. Məsələn, tanınmış meyxanaçı Namiq Qaraçuxurlu öz maddi vəziyyətinin getdikcə pisləşdiyini bildirmişdi: “Belə getsə, uzağı 1 aydan sonra özümün də yardıma ehtiyacım olacaq”.
Bəs sənətçilərin bu duruma mövqeyi necədir? 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan müğənni Nadir Qafarzadə artıq müflisləşdiyini dedi: “İnanırsınızmı ki, artıq 5 aydır mən toya getmirəm. Əlimdə olan-qalanı da imkansız ailələrə payladıq, halal xoşları olsun. Düşündük ki, Allah haradansa yenə yetirər. Artıq ehtiyatda nə varsa, hamısı qurtarıb. Mən ağlamıram, təbii ki, qanun hər kəs üçündür. Amma  hamı işləyirsə, biz niyə işləməyək? Nə toy, nə də məclislər var. Bir daha qeyd edirəm, yanvar ayından işləmirəm. Bir tək martın 14-də bir toyum olub. Ondan sonra toylar iyun ayına keçirildi. May ayı da bildiyiniz kimi, orucluq ayıdır. Beləliklə, 7 ay qazancsız qalacağıq. Qeyd edim ki, toy vaxtını iyun ayına keçirənlərin də hamısı demək olar ki, indidən vaxtı oktyabr ayına salmağa başlayıblar. Çünki düşünürlər ki, iyun ayında da vəziyyət düzəlməyəcək. Yəni hər kəs çaş-baş qalıb, aləm bir-birinə dəyib”.
Nadir Qafarzadə qeyd etdi ki, bu sahədə də yumşalmalar olmalıdır: “Düşünürəm ki, nəinki bu sahədə müəyyən qaydalara əməl etməklə bütün sahələrdə yumşalma olmalıdır. Deyə bilərəm ki, bu ayın sonu tamam pulsuz qalacam, müflis vəziyyətə düşəcəm. Məcbur qalacam ki, evdən nəsə satım”. 
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan isə mövzuya bu cür şərh bildirdi:  “Düşünürəm ki, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Biz incəsənət insanları da bu vaxtdan istifadə edərək yaradıcılığımızla daha sıx, geniş məşğul oluruq. Onsuz da hər zaman biz sənətçilərə qarşı həm xalq, həm də dövlət tərəfindən qayğı göstərilib, zəhmətimiz dəyərləndirilib. Düşünürəm ki, hər kəs layiq olduğu mükafatı həm Allah, dövlət, həm də xalq tərəfindən alır, qazanır. Baxmayaraq ki, bugünlərdə bizim işimizdə durğunluq mövcuddur, biz imkansız ailələrə yardım göstərməyə çalışırıq. O cümlədən mən də bir sıra xeyirxah insanların dəstəyi ilə 200-dən çox ailəyə yardım əlimi uzatdım. Sənət dostlarıma səslənirəm ki, heç də pərişan olmasınlar, hər şey yaxşı olacaq. Təbii ki, karantin rejimi bizim sağlamlığımız üçündür. Buna görə də biz hər birimiz bu qaydalara əməl etməliyik”.
Əməkdar artist hələlik bu sahə ilə bağlı qaydaların yumşaldılmamasının tərəfdarı olduğunu dedi: “Biz sənətçilərin də işi elədir ki, tədbir, məclis keçirilərsə, mütləq böyük kütlə bir araya yığışmalıdır. Bu zaman virusun yayılma ehtimalı çox ola bilir. Düşünürəm ki, hələlik bizim sahə ilə bağlı qərar bir müddət də sərtləşdirilmiş olaraq qalmalıdır. İnşallah, bu da keçər.
Çox sevindirici haldır ki, bir sıra müəssisələr artıq öz fəaliyyətinə başlayıb. Televiziya ilə bağlı dəvətlərim olduğu üçün gözəllik salonlarına müraciət etdim və orada olan təhlükəsizlik, sanitariya qaydalarına necə əməl olunduğunun şahidi oldum. Bütün bunlar sevindiricidir".

Əməkdar artist Nüşabə Ələsgərli isə mövcud vəziyyətlə barışdığını qeyd etdi: “Bu cür vəziyyət bütün dünyada mövcuddur. Hamı necə, biz də o cür bu vəziyyətə qatlaşmışıq. Gözləyirik ki, görək sonra necə olacaq. O ki qaldı müğənnilərin son iki ay ərzindəki vəziyyətlərinə, onsuz da biz öyrəncəliyik. Sonuncu dəfə 15 martda toy olmuşdu. Zatən 25 apreldən sonra Ramazan ayı başlayırdı, onsuz da toy olmayacaqdı”.

Gənc ifaçı Pərvin Səfərov isə bu vəziyyətin müvəqqəti  olduğunu dedi: “Mən hazırda Neftçala rayonu Qaçaqkənd kəndindəyəm. Doğrudur, karantin dövründə darıxsaq, sıxılsaq da bütün qaydalara riayət etmək vətəndaşlıq borcumuzdur. Çünki həyat bir günlük əyləncədən ibarət deyil. Hər kəs bilir ki, karantin dövrü müvəqqəti bir mərhələdir, inşallah, bu da keçər.
Şou-biznes sahəsinə gəlincə isə nəinki şou-biznes, bütün sahələr üçün çətinliklər yaranıb. Məlum məsələdir ki, bütün sahələr zəncirvari bir-biri ilə əlaqəlidir. Amma nə qədər çətin olsa da qaydalara riayət etməliyik, vacib olan canımızın sağlamlığıdır. Cəmiyyətimiz sağlam olandan sonra iş də, pul da, daha sonra toy da, şənliklər də olacaq. Allah dövlətimizi və millətimizi qorusun".
Gənc ifaçı karantin rejiminin yumşaldılması məsələsinə də toxunub: “Yumşalmanı hamı kimi mən də istəyirəm. Çünki şənlik üçün ən gözəl fəsil yaz aylarıdır. Bir də ki, onsuz da hələ Ramazan ayıdır. Amma ayın 4-dən sonrakı vəziyyətə baxanda ehtimal etmək olur ki, karantin rejimi yenidən sərtləşdirilə bilər”.

Paylaş: