Koronavirus toy və yas mərasimlərinin formatını birdəfəlik dəyişə bilər
Tarix: 1-05-2020, 10:23



Azərbaycanda izolyasiya tədbirləri davam edir. Martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın müşavirəsi keçirilib və iclasda COVİD-19 virusu pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə müzakirələr aparılıb. Nazirlər Kabinetinin müşavirəsində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğu nəzərə alınaraq virusun qarşısının alınması istiqamətində ölkə ərazisində bir sıra kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb. Ölkə ərazisində bütün toy və yas məclislərinin keçirilməsi qadağan edilib. Yas və toy mərasimlərini nizamlamaq üçün unikal fürsət yaranıb. Böyük mərasim zallarındakı təmtəraqlı ehsan məclislərinə yeni düzən gətirilə bilərmi?
Ötən ilin noyabrında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov açıqlamışdı ki, mərasimlərlə bağlı qanun hazırlanıb.
Onun sözlərinə görə, Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib: “Birinci forma odur ki, bunun qarşısının qanunla sərt şəkildə alınması, digəri isə təbliğat yolu ilə alınmasıdır. Hələlik bu məsələdə təbliğat yoluna üstünlük verilir. Təbliğatla bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur. Zənginliyinə və kasıblığına fərq qoyulmadan, tanınmış ictimai dövlət xadimləri və milli qəhrəmanlar çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır. Artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb. Bakıda hazırda bu məsələlərin yoluna qoyulması ilə bağlı işlər gedir. Bəzi yerlərdə bu məsələ öz həllini tapıb, bəzi yerlərdə isə israfçılığa yol verilir. Biz də istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlarımız bu məsələdə əziyyət çəkməsin”.
Amma Siyavuş Novruzovun bəhs etdiyi qanun ortalığa çıxmadı.
Yaranmış durumda faktiki olaraq böyük məsrəflər, bəzən böyük borc hesabına ərsəyə gələn yas məclislərinin formatı dəyişib. Toy məclisləri isə təxirə salınıb.
Toy və yas məclisləri ilə bağlı format dəyişdirilə bilərmi?   

Deputat Fazil Mustafa “Yeni Müsavat”a deyib ki, hökumət bu istiqamətdə müxtəlif addımlar atmalıdır: “Yaranmış situasiyanın faydaya doğru dəyişməsinə köməklik göstərilməlidir. İlk növbədə yas mərasimlərinin sıxıntıları, ağırlıqları insanların üzərindən qalxmaqdadır. İnsanlar böyük məsrəflər bahasına özlərinin çox çətin bir durumda qalmasına rəvac verən bir prosesin içərisində idilər. İndi bu aradan qaldırılıb. Bu halda bir düzənləməyə gedilə bilər ki, hər bir yas sahibinin müəyyən dərəcədə geniş məclislər düzənləməsi imkan xaricində olur. Bu, artıq cəmiyyətdə adi rituala çevirilir.  Koronavirusla bağlı əsas problem odur ki, ”başqası çıxır, mən niyə küçəyə çıxmayım" düşüncəsi əksəriyyətdə hakimdir. Bir işi də yoxdur, amma küçəyə çıxır. Başqasına tətbiq olunan davranış bu adamların həyat biçimini formalaşdırır. Təəssüf ki, bizim cəmiyyətdə bu amil çox yüksəkdir. İndiki vəziyyətdə ən yaxşı forma kimi belə məclislərdə iştirak sayı 10-15 nəfərlə məhdudlaşdırılır. Dinə aidiyyəti olmayan 7, 40 mərasimlərinin də dar çərçivədə keçirilməsi qərarlaşdırılır. Gələcəkdə isə belə məclislərin daha çox məscidlərdə keçirilməsi daha effektli yollardan biridir".
Deputat deyir ki, əgər bu gün koronavirusla bağlı belə bir ənənə yaranıbsa, demək, bu mümkündür: “Məclislərin bu qaydada keçirilməsi insanlara günah yazmır, lazımsız məsrəflərin də ortadan qalxmasına şərait yaranır”.
Deputat toy məsələsi ilə bağlı da maraqlı qaydaların tətbiqini təklif edib: “Bu proses 3-5 ay davam etsə, ailə qurulmayacaq? Müharibə şərtlərində belə insanlar ailə qurublar. Aydındır ki, kimlərsə toylara gedib və pul yazıblar. Ümid edirlər ki, o şəxslər də onun toyuna gəlib pul salacaqlar. Belə bir vəziyyətdə ayrı-ayrı insanlar 10-15 nəfərlik kiçik məclislərdə qaydalara əməl edir və toy məclisində iştirak edirlər. Belə məclis təşkil olunarkən bir hesab açılır və toya dəvət olunacaq şəxslərə həmin hesab nömrəsini göndərirlər. Əgər istəyirsinizsə, yeni qurulan ailəyə dəstək verə bilərsiz. Vəsait həmin hesaba köçürülür. Bu, yeni qurulan ailəyə diqqət olur və təhlükəsizlik baxımından faydalı olur. Gələcəkdə isə bu məhdudiyyəti qismən aradan qaldırmaq olar. İndiki şərtlərdə ailənin qurulmasını təxirə salmaq da düzgün deyil. Artıq xeyli belə insanlar var. Ailənin qurulması təxirə salınıb ki, mütləq orada nənə, bibi, xala, dayı və başqa qohumlar iştirak etməli, oynamalı, müğənniyə 7-10 min manat pul xərclənməli,  toya gələnlər 3-5 gündən qalmış yeməkləri yeməli, zirzəmilərə doldurulan saxta araqları içməlidilər. Kimlərsə də burada irəli düşməlidirlər. Bundansa yeni qurulan ailəyə dəstək vermək, hesabına pul köçürməklə dəstəkləmək doğru olmazmı?” 
Fazil Mustafa toyların təxirə salınmasındansa, qeyd olunan formatda keçirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Paylaş: