Bu gün Xalq artisti Ramiz Quliyevin doğum günüdür
Tarix: 30-04-2020, 12:07




Bu gün Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür.
"Ölkə.Az" xəbər verir ki, o, 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub. 1963-1964-cü illərdə Ağdam 1 saylı, 1965-1974-cü illərdə Bakı 1 və 20 saylı musiqi məkləblərində, 1974-1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. Xalq artisti bir çox ölkələrdə konsert proqramları ilə çıxış edib. 1989-cu ildə "Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsertlər verib. 1964-1994-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib. 1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib.
“İncəsənət xadimləri ücün Azərbaycan Respublikasi Prezidentinin mükafatinin təsis edilməsi haqqinda” Azərbaycan Respublikasi Prezidentinin 8 may 2002-ci il tarixli fərmanına uyğun olaraq, uğurlu səhnə fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikasi Prezidentinin mükafatı, 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunmuşdur. 2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ramiz Quliyev musiqi sənətinin inkişafındakı xidmətlərinə görə ölkənin ən yüksək mükafatı “Şöhrət Ordeni”, 2014-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı və 2017-ci ildə isə “Şərəf” ordeninə layiq görülmüşdür.
Dirijor Əyyub Quliyevin atasıdır.


Ramiz Quliyevin Ərdəbildə solo konserti keçirilib
Ramiz Quliyev “Şərəf” ordeni ilə təltif edilib

Paylaş: