“Ögey ana”da İsmayılın dostu - Dadaş uzun illərdən sonra
Tarix: 29-04-2020, 08:56



Azərbaycanın kino tarixində layiqli yer tutan məşhur “Ögey ana”  filmi uzun illər keçməsinə baxmayaraq, bu gün də ekranlardan düşmür. Bu filmlə Azərbaycanın kino tarixinə damğa vurmuş görkəmli rejissor Həbib İsmayılov hamını ögey ana haqqında düşüncələrdə kök salmış obraza yenidən baxmağa məcbur etdi. Axı dünyanın əksər xalqlarının istər şifahi, istərsə də yazılı ədəbiyyatında ögey analar amansız və zülmkar kimi təsvir olunub. Onlar ögey övladlarına zülm edir, işgəncələr verirlər. “Ögey ana” filmi isə Dilarənin timsalında tamamilə fərqli, doğma ana qədər şəfqətli, fədakar və sevimli bir obraz təqdim etdi.

Bu filmə mükəmməl aktyor seçimi onun uğurlu alınmasına səbəb olub. Fateh Fətullayev, Ceyhun Mirzəyev, Nəcibə Məlikova, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Həqiqət Rzayeva kimi tanınmış aktyorlar filmin uğurlu alınmasında böyük əmək sərf edib...

“Ögey ana” filmində ikinci dərəcəli rollardan biri də İsmayılın dostu Dadaşdır. Epizodik rol olsa da, Dadaş tamaşaçıların yaddaşında yaxşı qalıb. Yəqin ki, bunu filmi izləyən hər kəs təsdiqləyə bilər.

Modern.az-ın məlumatına görə, Dadaş rolunun ifaçısı olmuş Ceyhun Şərifov Xalq artisti, görkəmli aktrisa, uzun illər Azərbaycan radiosunda “Bulaq” verilişinin aparıcısı olmuş Məhluqə Sadıqovanın oğludur.

Ceyhun Şərifovun atası xalq artisti Ələsgər Şərifov da Azərbaycanın tanınan  aktyor və rejissorlarından olub.

Bu ailənin Ceyhun, Yalçın və Natəvan adlı üç övladı dünyaya gəlib

“Ögey ana” filmində Dadaş rolunun ifaçısı olmuş Ceyhun Şərifov bir neçə il AzTV-də idman şərhçisi kimi fəaliyyət göstərib. Onun hazırda harada, nə işlə məşğul olduğunu dəqiqləşdirə bilməsək də, fotosunu təqdim edirik.

Paylaş: