Qərar açıqlananda xaos yaşandı
Tarix: 18-04-2020, 10:55



Bir neçə ildir ABŞ-da yaşayan tanınmış aparıcı və blogger Günel Hümbətova koronavirus pandemiyası fonunda Nyu-Yorkdakı mövcud durumla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Günel xanım, hazırda Nyu-Yorkda vəziyyət necədir? Koronavirus infeksiyasına qarşı necə mübarizə aparırsınız?
Bilirsiniz ki, Nyu-York bu gün koronavirusa yoluxanların sayına görə dünyada birinci yerdədir. Demək olar ki, 10 gündür yoluxma üzrə rəqəmlər təxminən eyni say üzrə artır, gündəlik 7-10 min nəfərdə infeksiya aşkarlanır. Yəni artım sürəti hələ ki stabildir, azalma yoxdur. Statistikaya görə, ölənlərin sayı günə 600-700 nəfərdir. Düşünürəm ki, karantin elan olunmasaydı, rəqəmlər daha çox və qorxulu olardı.
Hazırda insanların 90 faizindən çoxu evdə qalmaqla bağlı çağırışa əməl edir. Biz də dövlətin göstərişlərinə əsasən evimizdə otururuq. Həyat yoldaşım evdən işləyir, hətta çalışdığı şirkət karantin rejimi elan edilməzdən öncə işçiləri evdən çalışmağa çağırdı. Maksimum dərəcədə evdən çıxmamağa çalışırıq. Çünki Nyu-Yorkda hər addımda virusun daşıyıcılarının olması ehtimalı çox yüksəkdir.
- Prezident Donald Tramp ABŞ tarixində ilk dəfə genişmiqyaslı fəlakət rejimi elan etdi. Bu qərarı sadə amerikalılar necə qarşıladı?
- Fövqəladə vəziyyətin elan olunması Amerika tarixində müxtəlif dövrlərdə bir neçə dəfə baş tutub. Həmin qərar verilən gün insanlar arasında xaos yaşandı. Çoxları sürətlə marketləri boşaldıb qida toplamağa başladı. İnsanlar bir neçə gün sonra nə ilə üzləşəcəklərini bilmirdilər. Hətta internetdə də bununla bağlı görüntülər yayıldı.
Tualet kağızı mövzusundan isə danışmağa ehtiyac yoxdur. Bir neçə gün sonra xaotik vəziyyət səngidi, artıq insanlar marketlərdən çox rahatlıqla qida məhsulları, təmizlik vasitələri, o cümlədən tualet kağızı ala bilirdi. Dövlət nümayəndələri insanların təşvişini görüb heç bir qida qıtlığı yaşanmayacağını elan etdikdən sonra insanlar sakitləşdilər.
- Bəzi mənbələrdə Nyu-York ştatında Covid-19-dan ölənlərin sayının 22 min nəfəri ötdüyü yazılır. Açıqlamalara görə, koronavirus məhz Nyu-Yorkdan bütün Amerikaya yayılıb. Rəsmi qurumlar əhalini təlimatlandırırmı?
- Bu, düzgün məlumat deyil. Nyu-Yorkdan öncə Vaşinqton və Kaliforniya ştatlarından artıq virus yayılmağa başlamışdı. Bildiyimə görə, infeksiyanın Kaliforniyada yayılmasına səbəb oraya hərəkət edən Kruiz gəmisinin sərnişinlərindən keçməsidir. Hazirda Nyu-Yorkda ölənlərin sayı 16 min nəfəri ötüb, ümumi yoluxanların sayı isə 230 mini keçib.
Məlumat üçün qeyd edim ki, Amerikada rəsmi olaraq COVID-19-a yoluxanların sayı 680 min nəfəri ötüb. Ölən şəxslərin sayı isə təxminən 35 min ətrafındadır. Bunlar əlbəttə ki, rəsmi qeydə alınan faktlardır. Test olunmayan, infeksiyanı simptomsuz keçirən kifayət qədər insan olduğu üçün deyərdim ki, qeyri-rəsmi yoluxanların sayı qat-qat çoxdur. Hətta siz virusa yoluxduğunuz şübhəsi ilə xəstəxanaya və ya təcili tibbi yardıma zəng edib test olunmaq istəsiyinizi desəniz də, sizə simptomlar ağırlaşmadıqca test edilməyəcəyinizi deyirlər. Çünki test çatışmazlığı var və yalnız təcili ehtiyacı olanlar test olunur.
Bir neçə həftə əvvəl vəziyyət bu cür idi, eşitdiyimə görə, indi klinikalarda testlərin sayı artıb. Nyu-York qubernatoru Endryu Kuomo demək olar ki, hər gün sosial platformalar vasitəsilə insanları məlumatlandırır, təlimatlandırır və hətta deyərdim, çıxışları ilə ruhlandırır. Nyu-yorklular bu çətin vəziyyətdə onun xidmətlərini yüksək qiymətləndirir.

- ABŞ yoluxma və ölüm sayına görə İtaliya və İspaniyanı qabaqladı. Bunun səbəbi nə ilə əlaqədardır, amerikalıların virusa dırnaqarası yanaşması ilə bağlıdır?
- Bunun səbəbi kimi bəzi insanlar dövlət səlahiyyətlilərinin vaxtında reaksiya verməməsini göstərirlər. Yəqin yanvar-fevral ayında ciddi addımlar atılsaydı, virus bu qədər insanın yoluxması, ölməsi və milyonlarla insanın işinin itirməsinə səbəb olmazdı. Artıq bu, baş verib, geriyə yol yoxdur. İnsanlar böyük ümidlə bu kabusun bitməsini gözləyirlər.
- Sosial şəbəkələdə çağırış edərək virusun mövcudluğuna şübhəylə yanaşanları karantin rejiminin tələblərinə əməl etməyə səslədiniz. İnsanlar hələ də bu virusa yoluxan tanış, qohum axtarır. Bu yanaşmanı necə izah etmək olar?
- Bəli, gözləri ilə görmədiklərinə görə inanmırlar. Qohum və tanışlarında yoxdursa, hesab edirlər ki, ümumiyyətlə virus yoxdur. Bu, çox gülüncdür. Hətta votsapda virusu təkzib edən səs yazısı da yayılmışdı. Bir daha insanları maariflənməyə və yaşadıqları ölkənin virusla bağlı verdiyi göstərişlərə əməl etməyə çağırıram. Nyu-Yorkda günü-gündən tanıdığım insanlar arasında koronavirusa yoluxanların sayı artır və təəssüf ki, infeksiyadan dünyasını dəyişən insanları da tanıyıram.

- Qeyd etdiniz ki, marketlərdə istədiyiniz məhsulları tapmaq olur, bəs maska və əlcək ehtiyaclarını təmin edə bilirsiniz?
- Qida problemi olmasa da, Nyu-Yorkda mağaza və apteklərdə maska, spirt və dezinfeksiyaedici məhsullar həftələrdir tapılmır. Hazırda qıtlıq olduğu üçün bu ləvazimatları yalnız tibb işçiləri və xəstəxanaların istifadəsinə yönəldiblər. Amma internetdə bəzi mənbələrdən tapmaq mümkündür.
- Yaşadığınız ərazidə azərbaycanlılar varmı, təmas qurursunuz?
- Yaşadığım ərazidə azərbaycanlılar yoxdur. Amma Nyu-York ştatında və Amerikanın başqa yerlərində tanıdığım və tez-tez ünsiyyətdə olduğum həmyerlilərimiz var. Bir-birimizi ruhlandırmağa çalışırıq.

- Kifayət qədər aktiv xanımsınız, karantin dövründə vaxtınızı necə səmərəli keçirirsiniz, insanlara tövsiyələriniz nələrdir?
- Karantin vaxtı ailəmlə böyük zövqlə bol-bol vaxt keçiririk. Son illər bu qədər bir arada vaxt keçirməmişdik. Çünki hərəmizin başı öz işinə qarışır, evə çox yorğun gəlib çıxırıq. Bilirsiz ki, təhsil alıram, digr tərəfdən “fashion influencer” kimi fəaliyyət göstərirəm.
Əvvəllər qızımla gündə cəmi bir-iki saat normal vaxt keçirə bilirdim. Ona görə karantinin müsbət tərəfi odur ki, ailəmə çox vaxt ayırası oldum. Filmlərə baxıram, hər gün yemək bişirirəm. Halbuki əvvəllər buna nadir hallarda vaxt tapırdım. Qızımla doyunca oyunlar oynayırıq, yazı yazırıq, əylənirik. Yəni günlərim hamıdakı kimi standart keçir.
- Sizcə, postkoronavirus dönəmində dünyanın ritmi necə dəyişəcək?
- Bununla bağlı heç bir proqnozum yoxdur. Amma məncə, insanlar bundan sonra gigiyena məsələlərinə daha diqqətli yanaşacaqlar. Yəqin ki, bir müddət səyahətlərə fasilə verəcəklər.

Paylaş: