“Səhhətimdə ciddi problem aşkarlanıb”
Tarix: 17-04-2020, 17:31



“Həkimlər səhhətimdə ciddi problem aşkarlayıb. Bədənimdə şiş var. Qalan ömrümü elə bu xəstəliklə yaşayacağam. Səhhətim yaxşı deyil”.
Bu sözləri Oxu.Az-a özəl açıqlamasında Əməkdar artist Rəhman Rəhmanov deyib.
Fevral ayının sonunda iki dəfə əməliyyat olunan sənətkar maddi baxımdan sıxıntılar keçirdiyini bildirib:
“Əməliyyatdan sonra həkimlər mənə müalicə təyin ediblər. Müalicəm ev şəraitində davam edir. Dərmanlarımı özüm alıram. İşlədiyim Azərbaycan Dövlət Kukla Teatrından maaş alıram. Maaşımı iki yerə bölürəm: yarısı gündəlik ehtiyaclarıma, yeməyə, qalan yarısı isə dərmanlarıma.
Amma bununla da xərclərim bitmir. İkinci qrup əlil olan oğluma da baxıram. O, heç bir yerdə işləmir. Oğlum mənim himayəm altındadır. Birtəhər dolanmağa çalışıram. Bu günümə də şükür edirəm. Etiraf edim ki, dərmanlarıma pul çatdıra bilmirəm, çünki çox bahadır. Bu səbəbdən apteklərə belə borcluyam.
Ev şəraitim də heç ürəkaçan deyil. Mənzilim çox balacadır. Eni cəmi üç metrdir”. 
20 ildən artıq şəkər xəstəliyindən əziyyət çəkən Əməkdar artist dövlət tərəfindən ona göstərilən diqqətdən böyük məmnunluq hissi keçirdiyini dilə gətirib:
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə iki dəfə çox ağır əməlliyat olundum. Heydər Əliyev Fondu əməliyyat xərclərimi öz üzərinə götürdü. Onların yardımı olmasaydı, öləcəkdim. Sizin vasitənizlə bir daha Mehriban xanıma öz dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Əməkdar artist fevral ayında ilkin olaraq mədəaltı vəzi və öd kisəsində yaranmış problemlər səbəbindən komaya düşüb. Aktyor koma vəziyyətində öncə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına, oradan isə Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Orada isə iki dəfə ağır əməliyyat keçirib. 





(Əməkdar artist R.Rəhmanov əməliyyatdan əvvəl...)





(Əməkdar artist R.Rəhmanov əməliyyatdan sonra...)

Paylaş: