ADAMDT-da “Cəhənnəm sakinləri” tamaşasının premyerası olub
Tarix: 7-10-2017, 11:36


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (ADAMDT) Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanmış tamaşasının premyerası olub.
UlduzumSan.Az xəbər verir ki, səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Premyeradan əvvəl jurnalistlərə müsahibə verən Elçin deyib: “Bu tamaşa ilk dəfə Bakıda rus dilində göstərilib. Başqa teatrlarda Azərbaycan dilində təqdim olunub. Amma Akademik Milli Dram Teatrında ilk dəfədir səhnəyə qoyulur. Bu mənim Azər Paşa Nemətovla dördüncü yaradıcılıq işimdir. İlk işlərimiz 90-cı illərə təsadüf edir. Aradan 20 ilə yaxın zaman keçir. Mənim üçün çox xoşdur ki, biz yenidən yaradıcılıq işinə başlamışıq. Ümid edirəm ki, “Cəhənnəm sakinləri” tamaşaçıların xoşuna gələcək”.
Yeni səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu iştirak ediblər.
Mövsümün ilk premyerası olan tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. 

Paylaş: