Azərbaycanlı müğənni Ukraynada aztəminatlı ailələrə baş çəkib
Tarix: 4-04-2020, 09:39



Ukrayna Azərbaycanlı Gənclər Radasının (RAMU) rəhbəri, gənc müğənni Vaqif Nağıyev Kiyev Azərbaycanlıları Konqresi ilə birgə xeyriyyə tədbirlərinə start verib. Bu barədə Sputnik Azərbaycan-a ifaçısı özü danışıb.
Layihə koronavirus pandemiyasına görə Ukraynada elan edilən karantinlə əlaqədar həyata keçirilir.
"Aksiyaya Odessa şəhərində start verilib, 25 aztəminatlı ailəni ziyarət edərək onlara ərzaq məhsulları paylayırıq. Ukraynanın digər şəhərlərində – Kiyevdə, Xarkovda, Xersonda da bu aksiyanı keçirməyi planlaşdırırıq. Ən başlıcası, bu çətin vaxtda dözmək və davam gətirməkdir. Bu virusa qalib gələ biləcəyimizə inanırıq", - Nağıyev deyib.
Xatırladaq ki, Vaqif Nağıyev RAMU-nu Ukraynadakı həmyerliləri ilə birlikdə yaradıb. İctimai Birliyin tərkibinə orada yaşayan və öz tarixi vətənini təbliğ edən azərbaycanlılar daxildir.
Vaqif Nağıyev Bakıda anadan olub. İlk dəfə üç yaşında, bəstəkar Oqtay Zülfüqarovun ansamblının tərkibində Heydər Əliyev Sarayının səhnəsində çıxış edib. 2008-ci ildən Prezident təqaüdçüsüdür.
2014-cü ildə Nağıyev Ukraynanın "1+1" kanalında yayımlanan "Ölkənin səsi-4" ("Голос країни") televiziya vokal şousunda iştirak edərək öz istedadını yoxlamaq qərarına gəlib. Müsabiqədən sonra müğənni dünya şöhrətli italiyalı həmkarı İnqridlə "Drops of Hope" ("Ümid yağışı") müəllif mahnısını yazdırıb.


Paylaş: