Xalq artisti Cahangir Novruzovun karantin günləri necə keçir?
Tarix: 3-04-2020, 14:49




Karantin günlərində Azərbaycandan kənarda yaşayıb, yaradan görkəmli sənətkarımız, Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun "Evdə qal!" günlərinin necə keçdiyi ilə maraqlandıq.
Cahangir Novruzov Open.az-a özəl açıqlamasında bildirib ki, tələbələri ilə onlayn dərslər keçmək o qədər də mümkün olmur. Çünki teatr sənəti birbaşa ünsiyyət, göz-gözə aparılan məşqlər və hərəkətlərdən ibarətdir. Amma nəzəri söhbətlər, gələcəkdə hazırlanacaq əsərlərin müzakirəsi onlayn şəkildə davam edir:
"Koronavirus bəlası bitəndən sonra dərslərimiz qaldığı yerdən davam edəcək. Tələbələrimlə yarım ildir hazırladığım ədəbi parçaların üzərində bir ay çalışsaq, tamaşamızı təhvil verəcəyik. Hazırda isə Çexov və Şeksprin, həmçinin 40-a yaxın Avropalı müəllifin əsərləri ilə bağlı söhbətlərimiz, fikir mübadilələri və dialoqlarımız davam edir. Onlayn dərslərdə tələbələrimlə nəzəri tapşırıqlar üzərində çalışırıq. Həmçinin yarımçıq qalan yazılarım və tərcümələrim üzərində çalışıram. Bu hazırki vəziyyətdə pedaqoq kimi gördüyüm işlərdir. Yaradıcılıqla bağlı isə, şairə, "Söz" Ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadənin təklifi əsasında balaca balalarımız üçün təşkil edilən nağıl saatında iştirak edəcəm. Azərbaycanlı balalarımız üçün çox sevimli nağıllardan birini səsləndirəcəm. Hazırda o işlə məşğulam. Bunlardan başqa, Əməkdar artist Bəhram Bağırzadə "Bakılılar" haqqında kitab tərtib edib. Məndən də həmin kitab üçün esse istəmişdi. Mən də yazıb, göndərmişəm. İnşallah, yaxın zamanlarda hər kəsin oxumaq imkanı olar. Hələlik bu qədər. Hər kəs kimi mən də karantin günlərində sizləri "Evdə qal!"mağa çağırıram" deyən Cahangir Novruzovun fikir və düşüncələrini oxucularımızla paylaşdıq.




Paylaş: