“Xanımımla parçadan maska tikib, “qara gün” üçün saxlayırıq”
Tarix: 1-04-2020, 17:58



Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Karantin müddətində səhhətinin qeydinə qalan, evdən çıxmayan adamların arasında sənət adamları da çoxdur. Onlar xalqa müraciət edir, koronavirusla mübarizədə vətəndaşları həmrəy olmağa, evdə qalmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyələrinə, xüsusi karantin rejiminin tələblərinə əməl etməyə çağırırlar. Xalq artisti Bilal Əliyev bu mövzuda Yenisabah.az saytına müsahibə verib. 
- Bilal bəy, toyların, şənliklərin qadağan edildiyi bir vaxtda nə işlə məşğulsunuz? Gün-güzəranınız, dolanışığınzı necədir?
- Ataların bir misalı var, palaza bürün, ellə sürün. Ölkəmizdə hamı necədirsə, mən də eləyəm. Bir tikə çörəyimi yeyib, otururam evdə. İnsan 1-2 ay ət də yeməsə, balıq, toyuq da yeməsə, adi pendir-çörək, qatıqla dolana bilər evində. Sadəcə, elə etmək lazımdır ki, immunitet düşməsin. İmmunitetin aşağı düşməməsi üçün azca şirniyyat da yemək vacibdir. Elə adamlar var ki, gücü çatmır almağa, mən üzümü vətəndaşlara tutub demək istəyirəm ki, əgər kiminsə evində bir aylıq yemək-içməyə yetəcək qədər pulu varsa, artıq qalan pulla qonşusundakı kasıba əl tutsun. Qoy onlar da karantin müddətində dolana bilsinlər. Əl-ələ, kürək-kürəyə verək.
Ölkə başçısının tapşırığı var ki, hərə öz evinə çəkilsin, evdə qalsın, çıxmasın çölə. Ağzımıza maska taxaq, əgər maska yoxdursa, ən azından hamımızın evində əlavə mələfə var, onu kəsib-doğrasınlar, hamı balaca bir parça ilə də olsa ağzını mütləq bağlasın, infeksiya keçməsin. Mübarizə aparmaq lazımdır. Adi parça, tənziflə də olsa bağlasınlar. Bu işlə zarafat etmək olmaz. Əgər dünyanın hegemon dövlətləri bu işdə birləşib mübarizə aparırlarsa, deməli vəziyyət olduqca ciddidir.
Baxın, ABŞ, Fransa, Almaniya, İtaliya kimi inkişaf etmiş ölkələr bir-birinə dayaq olur. Hələ bu mübarizəyə baxmayaraq, gündə nə qədər insan qırılır. Hardan bilə bilərik ki, sabah külək həmin virusları hər tərəfə yaymayacaq? Biz ehtiyat tədbirlərimizi indidən görməliyik ki, ölkəmizdə virusa yoluxanlar çoxalmasın, insanlar kütləvi şəkildə qırılmasın. Ölkə başçısına təşəkkür etməliyik, mən xarici ölkələrdəki tanışlarımla əlaqə saxlayıram, deyirlər ki, marketlərdə un, şəkər tozu, çörək tapılmır. Bizdə hər şey boldur. 
- Koronavirusdan qorunmaq üçün nə edirsiniz? Qapınızı dost-tanışın üzünə bağlamısınız, yoxsa... 
- Mən özüm evdəyəm, çox vacib olmadıqca heç həyətə də çıxmıram. Çalışıram, insanlarla çox yaxın məsafədən danışmayım. Maskalar almışam, hər ehtimala qarşı yığmışam evə. Əgər çıxası olsam, mütləq maska taxıram. Hərdən evdə həyat yoldaşımla oturub adi parçalardan maskalar düzəldirik. Birdən maska tapılmasa, bir şey olsa, əlimizin altında olsun, “qara gün”də onlardan ondan istifadə edək.
Mən Xalq artistiyəm, hər halda xalqın adından müraciət etməyə haqqım çatır. Ay camaat, sizə yalvarıram, nə olar, kürək-kürəyə dayanaq, bir olaq. Bu işlə zarafat etməyin, yoxsa qarşısını ala bilməyəcəyik. Görürsünüz, Çində insanlar qanunlara əməl etdilər, evdən çıxmadılar, həmin müddətdə çöldə dezinfeksiya işləri aparıldı və virusun qarşısını ala bildilər. 
- Türkiyəli sənət adamları koronavirus üzündən işini itirən insanlara yardım kampaniyasına başlayıblar. Azərbaycanlı sənətçilər niyə analoji qaydada davranmırlar? 
- Türkiyədə edilən yardımlardan xəbərim var. Bilirsiniz, Türkiyə sənətçiləri ilə bizimkiləri müqayisə etmək düzgün deyil. Onların gəliri çoxdur. Bizdə o güc yoxdur ki, yüzlərlə ailəyə kömək edək. 
- Belə həssas vaxtda sizdən kömək istəyən adamlara əl tutursunzumu? Şəxsən sizin koronavirusla mübarizəyə töhfəniz nədən ibarətdir? 
- Mənim atam hazırda xəstədir, prostatdan əziyyət çəkir, əməliyyat olunub. Özünüz bilirsiniz, 88 yaşlı bir insanın nə qədər problemləri, xərci var. Mən onların hamısını öz boynuma götürmüşəm. Onun yanında qalan adamların da qayğısını öz üzərimə götürmüşəm. 2 kisə un almışam, bitki yağları, kərə yağı, düyü, toyuq, bir sözlə, hər şey almışam onlar üçün. İstəyirəm ki, bu karantin müddətində ehtiyat qidaları olsun, əziyyət çəkməsinlər.
Hazırda atamın qulluğunda dayanan, onunla qalan ən azı 8-10 insan var. Həm də öz ailəm var, ailədə məndən başqa işləyən yoxdur. Onların hər şeyi mənim boynumdadır, çalışıram ailəm də acından ölməsin, onların yanında olum. Ev üçün də xeyli ərzaq almışam ki, bir ay bəs etsin. Onların yeməkdən korluq çəkməsini istəmirəm.
Bundan əlavə məhləmizdə neçə kasıb adam gördüm ki, maskaları yoxdur, maska aldım verdim. Qapıda oturan mühafizəçilər var, keçən dəfə gördüm ki, qızdırıcı sobaları xarab olub, getdim onlara bir soba, çaynik, maskalar aldım. Tapşırdım ki, özünüzü qoruyun. 50 manatdan artıq pul tutdu, ən azından gücüm çatanı etdim, kiçik də olsa. Mənə yaxın olan insanlar var onlara ərzaq, toyuq-filan alıb göndərdim ki, onların evində yeməyə nə isə olsun. Neçə-neçə adama spirt alıb vermişəm ki, yanınızda spirt olsun, tez-tez əllərinizi spirtləyin. Bəzən apteklərdə tapa bilmirdilər, mən tapdığım yerdən xeyli alıb, insanlara paylayırdım. Kasıb qonşularım var, bir-bir qapılarını döyüb demişəm ki, bu karantin müddətində nə çətinliyiniz olsa, ərzaq lazım olsa mütləq mənə deyin. Kiçik məbləğdə də olsa, bacardığımı edəcəyəm. Bunlar bizim borcumuzdur. Tək mənim yox, hamımızın. Mən bilirəm ki, bu vəziyyət çox davam etsə, bir ay sonra özümün də gücüm çatmayacaq başqaları üçün nə isə etməyə. Xalq artisti fəxri adına görə verilən təqaüdlə dolanıram. Bir ay sonra əlimdə yalnız o pul olacaq. Təki bir aya bu bəla bitsin. Mən də hər zaman xalqın yanındayam. 

Paylaş: