Rahib Azəri: Evdə qalmaqla həm özümüzü və ailə üzvlərimizi, həm də cəmiyyətimizi qorumuş olarıq
Tarix: 1-04-2020, 09:08



Koronavirus bəlasından qorunmaq üçün xüsusi karantin qaydalarına əməl etmək mütləqdir.
Bunu Trend-ə açıqlamasında teleaparıcı Rahib Azəri deyib.
Onun sözlərinə görə, bu gün vəziyyət tələb edir ki, hər birimiz ölkədə gedən proseslərdə bizə göstərilən, istiqamət verilən xətt üzrə hərəkət edək:
"Bu, hər birimizin vətəndaşlıq borcudur. Evdə oturmalıyıq, bu təhlükəli virusun yayılmasının qarşısını almaq üçün hələlik əlimizdə olan yeganə vasitədən, özünütəcriddən istifadə etməliyik. Hər birimiz vətəndaş olaraq ailə üzvlərimizin, övladlarımızın, qonşularımızın, küçədəki insanların və qohumların qarşısında məsuliyyət daşıyırıq. Bu məsuliyyət bizi vadar edir ki, tövsiyə olunan gigiyenik vasitələrdən istifadə edək, evdə oturaq və virusun yayılmasının qarşısını mümkün dərəcədə alaq. Prezident İlham Əliyevin dediyi kimi, "Biz birlikdə güclüyük" və birlikdə bir cəmiyyət olaraq bütün tövsiyələri, sağlam fikirləri özümüzdə ehtiva edərək bu xəstəliyə qalib gələcəyik. Mən buna əminəm və bir vətəndaş olaraq sizə də tövsiyə edirəm. Evdə oturaraq maraqlı verilişlərə baxmaqla yanaşı, həm də yaxşı kitablar oxumaq olar. Bu yolla biz həm özümüzü və ailə üzvlərimizi, həm də cəmiyyətimizi qorumuş olarıq".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Paylaş: