Xalq artisti Rasim Balayev xalqa müraciət edib: "Evdən çıxmayın!"
Tarix: 26-03-2020, 12:48



Azərbaycanın Xalq artisti, görkəmli sənətkar Rasim Balayev Xalqa müraciət edib.
Open.az Azərbaycan Kinematoqrafaçılar İttifaqına (AKİ) istinadən Rasim Balayevin müraciətini təqdim edir:
“Ölkə başçısının göstərişi ilə tədbir görülür. Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Dövlət səviyyəsində bu xəstəliyin qarşısının alınmasına çalışırlar. Mən deyərdim ki, insanlarımız dövlətin verdiyi tövsiyələrə əməl etsinlər. İnsanlarımız buna ciddi yanaşmalı, verilən göstərişlərə əməl etməlidirlər. Yenicə əməliyyatdan çıxdığım üçün immunitetim demək olar sıfır dərəcəsindədir. Bu xəstəlik də immuniteti aşağı olan adamlarda daha ciddi fəsadlar yaradır. Buna görə də evdən çıxmamağa çalışıram. Evdə oturanlar kitab oxusunlar, filmə baxsınlar, müxtəlif məşğuliyyətlər tapıb məşğul olsunlar. Əgər bütün dünya, eyni zamanda Azərbaycan dövləti bu pandemiya ilə mübarizəyə bu qədər əhəmiyyət verirsə, deməli, çox ciddi xəstəlikdir. Ona görə də dövlətin, həkimlərin, mütəxəssislərin dediklərinə əməl olunmalıdır. Biz bir az səhlənkarıq, amma bu cür olmaz. Evdən bayıra çıxmaq lazım deyil, çıxmayaq. Zəruri ehtiyaclar üçün də marketə-aptekə gedəndə tibbi qaydalara riayət edək, küçədə-bayırda ara məsafəsi saxlayaq. Evə gələndən sonra yuyunaq. Xahiş edirəm, heç kəs buna barmaqarası baxmasın. Məsələ ciddidir, bir nəfərin məsuliyyətsizliyi yüzlərlə adamın xəstəliyə yoluxmasına səbəb ola bilər. Ona görə də mənim xahişim budur ki, tələblərə ciddi əməl edək, çünki tələblərə riayət olunan yerlərdə virusun yayılması faizi azdır. Biz buna əməl etməklə koronavirus dəhşətindən xilas ola bilərik. Yəqin ki, Allahın köməyi ilə bunun dərmanı tapılacaq”.

Paylaş: