Azərbaycan kinosunun "Əmir Teymur"u, "Qılınc Qurban"ı, "Qurd Cəbrayıl"ı - 103 yaşlı Yusif Vəliyev
Tarix: 24-03-2020, 11:47




Bu ay Gənc Tamaşaçılar Teatrında aktyor məktəbinin yaradıcısı, dramatik-psixoloji rolların misilsiz ifaçısı, qeyri-adi səhnə danışığına malik, teatr və kino aktyoru Yusif Vəliyevin 103 yaşı tamam oldu.
Open.az Azərbaycan Kinematoqrafaçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, Bakı Teatr Texnikumunda təhsil (1933-1936) alan aktyor tələbəlik illərindən Milli Dram Teatrının tamaşalarında sözsüz rollar ifa edib, eyni zamanda Yəhudi Dövlət Dram Teatrında işləyib və dili bilməyə-bilməyə sözləri əzbərləməklə bir neçə rol oynayıb. Daha sonra Şəki Dövlət Dram Teatrında, Rus Dram Teatrında çalışıb. Aktyorun əsas yaradıcılığı Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. 1949-cu ildən ömrünün sonunadək çalışdığı bu teatrda sənətkarlıq cəhətdən fəlsəfi-psixoloji, dramatik, romantik, həm satirik və s. rolları məharətlə ifa edib.

Onun haqqında danışılarkən, xüsusilə ifa etdiyi obrazları xarakterizə edərkən sadəcə bir fikrin üzərində dayanmalı olursan – Yusif Vəliyev aktyorluq imkanları baxımından Milli Dram Teatrının yaradıcılıq üslubuna daha uyğun idi. Ancaq müəyyən səbəblərdən(bu səbəbləri hər hansı maneələrlə əlaqələndirmək doğru olmazdı) aktyorun Akademik teatra gəlişi baş tutmayıb. Sadəcə bir önəmli səbəbi göstərmək olar. Belə ki, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Zəfər Nemət ona, teatrın aparıcı aktyoruna “Yusif, əgər sən getsən, gərək teatr bağlansın” deyib. Bir aktyor kimi teatra lazım olduğunu bilmək və sonrakı illərdə var gücünülə yaradıcı proseslərdə, gənc nəslin yetişməsində rol oynamaq və daha nələri Yusif Vəliyevin rejissorun fikrinə susaraq göstərdiyi fəaliyyəti ilə cavab verməsi..budur sənətkarlıq…
O, aktyor kimi mürəkkəb obrazların ifasına böyük həssaslıqla yanaşır, vəziyyətdən asılı olaraq ya psixoloji, ya dramatik və yaxud faciə elementlərinə üstünlük verirdi. Onun səhnədəki əzəmətli, təkbaşına səhnədə monoloq söyləyəndə belə səhnəni dolu göstərməsi möhtəşəm təsir bağışlayırdı. Teatr Yusif Vəliyevi, aktyor isə teatrı, canlı səhnəni sevirdi. Baxmayaraq ki, ölümündən 10 il əvvəl teatrın repertuarında yer almayıb, səhnəni uzaqdan izləməli olub…Yaxşı ki, həmin məqamda aktyorun imdadına çatan kino var idi…


Kino cazibəsi, ömrün son illərində təskinlik üçün möcüzəli aləmə səyahət
Yusif Vəliyevin teatr fəaliyyəti, teatr sevgisi bir başqa olsa da, onun yaradıcılığında bəlkə də ən mühüm yeri kino tutub. Onun yaradıcılıq filmoqrafiyasına 60-a yaxın film daxildir. Əlbəttə ki, həmin filmlər arasında çəkildiyi filmlərlə yanaşı, səsləndirdiyi rollar da var. Aktyorun dublyaj fəaliyyəti yaradıcılığında əsas yerlərdənn birini tutub. aydın tələffüzü, amiranə səs tembri 30-dan artıq filmdə personajları uğurla səsləndirməsinə imkan yaradıb.
Y.Vəliyevin sənətinə, ana dilimizə olan sevgisi, məsuliyyəti dublyaj sənətində Azərbaycan dilinin mükəmməl təqdimatına, hətta başqa millətlərdən olan aktyorların ifasının daha məntiqli çatdırılmasını təmin edib. Məhz bu ssəbəblərdən kino və dublyaj rejissorları Yusif Vəliyevi xüsusi olaraq filmlərdəki obrazları səsləndirməyə dəvət etmiş, onun səsindən daha çox bəhrələnmişlər. Aktyorun kinoda oynadığı rollar say baxımından çox deyil, ancaq az sayda olan həmin rollar 2-ci dərəcəli, bəzən bir epizodda görünməsi belə bədii dəyəri ilə seçilib, obrazı yadda qalan edib, sənət hadisəsinə çevrilib, ən önəmlisi isə yaddaşlarda əbədi yaşamaq hüququ qazanıb
Əmir Teymur (“Nəsimi”), Qılınc Qurban (“Tütək səsi”), Qurd Cəbrayıl (“Arxadan vurulan zərbə”), halvaçı (“Gəncəbasarlı qisasçı”), Şirməmməd (“Sən niyə susursan?”), Səfərəli (“Bir cənub şəhərində”), prorab (“Uşaqlığın son gecəsi”) və s. filmlər aktyorun ifasında sanki daha da yüksək dəyər qazanıb. Bunu kino tarixindəki faktlar da sübut edir.
Sınaq çəkilişləri, müxtəlif xarakterli obrazlar və rejissor seçimləri
1973-cü il… ”Nəsimi” filminin sınaq çəkilişlərinda onlarla aktyor iştirak edirdi. Filmin quruluşçu rejissoru Həsən Seyidbəyli hər rola uyğun olan aktyorların seçilməsində hər mənada israr nümayiş etdirib. O mənada ki, aktyor gücünə inandığı sənət adamlarını uyğun rollara öz istəyilə təsdiq edib. Bu da o deməkdir ki, rejissor Bədii Şura ilə o qədər də hesablaşmayıb.
Onu da qeyd edək ki, H.Seyidbəyli Teymurləng roluna Yusif Vəliyevi təsadüfən dəvət etməyib. Əvvəla Teymurləng tarixi qəhrəmandır. Bu obrazda hakimiyyət hərisliyi, cəngavərlik bir-birini tamamlamalı idi. İkincisi isə Nəsiminin böyüklüyünün, əzəmətinin miqyası filmdə daha çox Teymurləng obrazı ilə müqayisədə qabarıq görünəcəkdi.
Yusif Vəliyevin aktyor kimi məharəti onda olub ki, o, hökmdar obrazını sadəcə olaraq zalım, amansız kimi yox, eyni zamanda Nəsiminin hünərinə, cəsarətinə hörmətlə yanaşan güclü şəxsiyyət kimi yaratmışdı.
Çəkiliş vaxtı maraqlı məqamlardan biri…Həsən Seyidbəyli görüb ki, nə qədər mizan versə, çalışsa da, Nəsimi ilə Əmir Teymurun qarşılaşdığı səhnədə Əmir Teymur daha möhtəşəm görünür. Yəni Yusif Vəliyev sənətkar xarizması ilə gənc aktyor Rasim Balayevin ifasında nümayiş olunan Nəsimini kölgədə qoya bilər, bəlkə də kölgədə qoydu.


Rejissor Y.Vəliyevi kənara çəkib, danışmağa məcbur olur: “Yusif, nəzərə al ki, biz “Nəsimi” filmini çəkirik, “Əmir Teymur”u yox”.
Yusif Vəliyev rejissorun sözünü nə dərəcədə dinlədi, onu demək çətin olsa da, sadəcə önəmli bir məqamı diqqətdə saxlayaq ki, onun Teymurləngi tarixə düşməklə yanaşı, tarix yazdı.
1975-ci il… “Tütək səsi” filmində Qılınc Qurban obrazında aktyor artıq fərqli bir ifa ilə tamaşaçının diqqətində yer aldı.
Teymurləng kimi yaddaşımaza yazılan aktyor, Qılınc Qurbanla yaddaşları təzələdi “mən hər oynadığm obrazla yeni söz deyə bilərəm” fikrinə kinosevərləri inandırdı.Aktyor bu rolu barədə deyib: “Çoxları mənə irad tutur ki, Qılınc Qurbanı çox sərt oynamısan. Mənə elə gəlir ki, əgər sərt olmasaydım, onda bu obrazı yarada bilməzdim. Çünki o dövrün özü sərt dövr olub. Nahaq yerə o kişinin adına Qılınc Qurban demirdilər ki…”.


Onun üçün rolların boyük-kiçikliyi heç bir önəm daşımayıb, əsas olan o idi ki, obrazı danışdıra bilib, onun daxili aləminə nüfuz edə bilib.Yəqin ki, belə olmasaydı Səfərəli, halvaçı kişi, prorab kimi obrazlar koloritli, yaddaqalan ola bilməzdi.
1977-ci il…”Arxadan vurulan zərbə” filmi çəkilirdi, Qurd Cəbrayılı iki xarakterdə oynamaq, onun qəddarlığını və üzünə çəkldiyi niqab ilə fağır, həlim xasiyyətli Fəttahı dayını yaratmaq o qədər də asan deyildi. İkili oyun oynayan belə bir obrazın öhdəsindən sadəcə olaraq Yusif Vəliyev gələ bilərdi və bunu oyunu ilə sübut etdi…


Dublyaj sənətinin incəlikləri və ya sənət naminə olan fədakarlıqlar
Y.Vəliyev milli filmlərimizə öz qeyri-adi səsi ilə daha çox töhfələr verib. Kinomuzun Bayandır xanı (“Dədə Qorqud”), Kərbalayı İsmayılı (“Axırıncı aşırım”), Şirin kişisi (“Əhməd haradadır?”), Piri babası (“Qaraca qız”), Məstəli şahı (“Dərviş Parisi partladır”), Yarməmmədi (“Böyük dayaq”), Sərxanı (“Dağlarda döyüş”), Visilinin atası (“Uzaq sahillərdə”) və s filmlərdəki obrazlar məhz onun səsi ilə danışıblar, tamaşaçı qəlbinə yol tapıblar.
Bu fimlər arasında rejissor Kamil Rüstəmbəyovun quruluş verdiyi “Axırıncı aşırım” filmində Kərbəlayı İsmayıl (Adil İsgəndərov) obrazı Yusif Vəliyevin səsində öz əzəmətini daha da artırıb. Adil İsgəndərovun istəyi ilə Kərbəlayı İsmayıl obrazını Yusif Vəliyev səsləndirib.
HAŞİYƏ: Nəsimi filmdə Teymurləng obrazının sınağında Adil İsgəndərov da iştirak edirmiş. Həmin dövrdə “Azərbaycanfilm” kinostudiyasına rəhbərlıik edən Adil İsgəndərov istər öz ifaslında sınaq olunan, istərsə də Yusif Vəliyevin Teymurlənginə baxmış “Yusifin Teymuru daha əzəmətlidir” deyərək özü kənara çəkilmişdir. Budur sənətkarlıq, sənətin gücü və öz mövqeyini knara qoyaraq sənət naminə düşünmək, bütün bunlar hamısı Azərbaycan kino sənətinin inkişafında rol oynayıb. Və ifa təzi ilə bunu tam olaraq təsdiq edən Yusif Vəliyev sənət inkişafında başlıca rol oynayanlardan biri olub.
Sağlığında xarakteri ilə, sənətkarlığı ilə seçilən Yusif Vəliyev hətta dünyasını dəyişsə belə yenə də eyni ehtiramla yad edilir, filmlərində yaşayır və oynadığı rollarla hər dəfə yeni söz deyir, illər keçəcək. ancaq bu heç dəyişməyəcək…




Paylaş: