AzTV-nin xaricdəki vətəndaşlarımıza "ölkəyə qayıdıb yük olmayın" deməsi qalmaqal yaratdı
Tarix: 17-03-2020, 09:07




AzTV-nin koronavirusla bağlı xaricdəki Azərbaycan vətəndaşlarına ölkəyə qayıtmamaq barədə çağırış tipli materialı qalmaqal yaradıb.
 
Həmin materialı təqdim edirik:
 
 

Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 virusunu qlobal pandemiya elan etməsi təbii ki, ölkələri daha ciddi düşünməyə vadar etdi. Qabaqlayıcı tədbirlərin əsas tərkib hissəsi isə ölkələrin sərhədlərini bağlaması oldu. Virusun yüksək keçiricilik xüsusiyyətini nəzərə alaraq əsas tövsiyələrdən biri insanların olduqları yerdə fərdi karantin rejimində qalması, səyahət etməməsi və mümkün qədər az insanla təmasda olmasıdır.
 
Bu mənada xarici ölkələrdə, xüsusilə Avropada təhsil alan tələbələrin kompakt şəkildə geri qayıdaraq özlərini, yaxınlarını və digər həmvətənlərini riskə atmaqdansa, öz evlərində qalmaları və yerli ölkənin karantin qaydalarına ciddi riayət etmələri məsləhət görülür. Ümumdünya səhiyyə təşkilatının açıqlamalarına görə, Azərbaycanda COVİD-19 virusunun daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər yüksək səviyyədədir. Azərbaycan ÜST-nIn yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biridir. Bütün bunlar göstərir ki, vətəndaşlarının təhlükəsizliyi dövlətin diqqət mərkəzindədir. Bu mənada xaricdəki tələbələrlə bağlı sosial şəbəkələrdə aparılan bəzi müzakirələr, şaiyələr əsassızdır. Koronavirusun yayılmasının ilk mərhələsində ÜST, dövlətlər və onların vətəndaşları üçün bir sıra tövsiyə xarakterli qaydalar hazırlayıb. Virusun yüksək keçiricilik xüsusiyyətini nəzərə alaraq əsas tövsiyələrdən biri insanların olduqları yerdə fərdi karantin rejimində qalması, səyahət etməməsi və mümkün qədər az insanla təmasda olmasıdır. Çində virusun geniş vüsət aldığı zaman orada yaşayan Azərbaycan vətəndaşlarının əksəriyyəti də Çin hökumətinin tətbiq etdiyi qaydalara riayət edərək orada qalmağa üstünlük verirdilər. İstisna olaraq Çin hökuməti ilə razılaşdırılmış əsasda epidemiyanın episentri olan Uhan şəhərindən 10-12 nəfər Azərbaycan vətəndaşı şəhərdən təxliyə edilərək vətənə qaytarıldı. Çində epidemiyanın tüğyan etdiyi bir vaxtda belə Pekində çalışan Azərbaycan diplomatları və onların ailə üzvləri olduqları yerdə qaldı, karantin qaydalarına əməl etməklə öz fəaliyyətlərini və yaşayışlarını davam etdirdilər. Məhz bu qaydalara riayət etdiklərinə görə indiyə qədər onlar arasında yoluxma halı baş verməyib. Yəni nəzərə alınmalıdır ki, virusun yayıldığı ölkənin hüdudlarını tərk edən insan özü belə bilmədən potensial virus daşıyıcısına çevrilə bilər. Burada vətənə qayıtmadan öncə koronavirus testindən keçərək mənfi nəticə almasının heç bir fərqi yoxdur. Cənubi Koreya təcrübəsi onu göstərdi ki, orada olan azərbaycanlı tələbələr bütün riskləri nəzərə alaraq məsuliyyətli davrandılar, Azərbaycana geri dönmədilər, daxili karantin qaydalarına riayət etdilər. Bunun nəticəsində də gənc həmvətənlərimiz arasında heç bir yoluxma faktı qeydə alınmadı. Son bir həftə ərzində koronavirusun Avropa ölkələrində geniş yayılması səbəbindən ali təhsil müəssisələri bağlanıb, ciddi karantin rejimi tətbiq edilib. Dərslərin olmaması və Azərbaycanda da qarşıdan Novruz bayramının yaxınlaşdığını nəzərə alaraq, Avropada təhsil alan bir çox tələbə vətənə qayıdaraq həm bayramı yaxınları ilə keçirmək, həm də oxuduqları ölkələrdə vəziyyətin düzələcəyini Azərbaycanda gözləmək istəyirlər. Lakin kompakt şəkildə geri qayıdaraq özlərini, yaxınlarını və digər həmvətənlərini riskə atmaqdansa, Azərbaycanın səhiyyə sisteminə əlavə yük yaratmaqdansa, onların öz evlərində qalması və yerli ölkənin karantin qaydalarına ciddi riayət etməsi daha yaxşı olar. Çində, Cənubi Koreyada və İranda olduğu kimi Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları və onların ailə üzvləri Azərbaycana qayıtmadılar, olduqları ölkənin karantin rejiminə ciddi riayət etməklə öz fəaliyyətlərini davam etdirirlər. Tələbələr və valideynlər onu da nəzərə almalıdırlar ki, İtaliya, Fransa, Almaniya, Niderland kimi Avropa ölkələrinin səhiyyə sistemləri dünyanın ən qabaqcıl sistemlərindən hesab olunur. Dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Lakin, vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz. Ona görə, həm Azərbaycanda, həm xaricdə olan vətəndaşlarımız bu çətin vaxtda fərdi məsuliyyət nümayiş etdirərək olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməli, Azərbaycana qayıtmaqla öz ailə üzvləri, yaxınları və digər insanları riskə atmaqdan çəkinməlidirlər. (Azerbaycan24.com)

Paylaş: