Unudulmaz sənətkar Bəşir Səfəroğlunun yubileyidir
Tarix: 11-03-2020, 11:10




Mart - bayramlar ayıdır. Azərbaycan teatrının tarixində isə mart ayı xüsusilə seçilir.
Open.az xəbər verir ki, martın 11-i Azərbaycan teatrının unudulmaz sənətkarı, Xalq artisti, 44 illik qısa ömrünə uzun həyatı sığdıran, insanlara düşündürən gülüşü bəxş edən Bəşir Səfəroğlunun yubileyidir.
44 yaşında vəfat edən Bəşir Səfəroğlunun 95 yaşı tamam olur.
Tarix sübut edir ki, yaradan fitri istedada sahib olan insanlara ömür payını az yazır.
Bəşir Səfəroğlu məhz belə qeyri-adi istedada malik seçilmiş insan, yeri görünən aktyor olub.


Unudulmaz sənətkar Bəşir Səfəroğlunun yubileyidir


1925-ci ildə Bakıda doğulan Bəşir Səfəroğlu 14 yaşından dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb. 1941-ci ilin axırlarında müharibəyə yollanan Bəşir 1942-ci ildə müharibədən kontuziya alaraq qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Yaradıcılıq ehtirası ilə çırpınan Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.


Unudulmaz sənətkar Bəşir Səfəroğlunun yubileyidir


Həyatı çətin, məşəqqətli yollardan keçən Bəşir Səfəroğlu ötən əsrin 60-cı illərində yaranan "Gəlməli, görməli, gülməli" miniatür teatrında biri-birindən maraqlı obrazlar yaradıb.

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.


Unudulmaz sənətkar Bəşir Səfəroğlunun yubileyidir


1964-cü ildə Azərbaycanın əməkdar artisti, 1968-ci ildə isə xalq artisti fəxri adlarını alan Bəşir Səfəroğlu, ömrünün baharında dünyaya gəlişindən 12 gün sonra, 44 yaşında həyata əlvida deyib.
1969-cu il martın 23-də dünyasını dəyişən sənətkarın vəfatından 51 il ötür.


Unudulmaz sənətkar Bəşir Səfəroğlunun yubileyidir


Xatırladaq ki, Bəşir Səfəroğlunun yarımçıq qalan sənət yolunu qızı, Azərbaycanın qüdrətli sənətkarı, xalq artisti Afaq Bəşirqızı ləyaqətlə davam etdirir.

Paylaş: