Görkəmli sənətkar Nəsibə Zeynalovanın anım günüdür
Tarix: 10-03-2020, 09:57




Martın 10-u Azərbaycanda Milli Teatr günü kimi qeyd edilir.

Open.az xəbər verir ki, bu tarix teatrımız üçün şərəfli, sevincli hadisədir.
Martın 10-u həm də qüdrətli sənət fədaimiz, Azərbaycan səhnəsində qadın obrazlarının misilsiz ifaçısı, ismibütün fəxri adlardan yüksəkdə dayanan Nəsibə xanım Zeynalovanın dünyasını dəyişdiyi gündür.
Nəsibə xanım Zeynalovanın vəfatından 16 il ötür.
147 illik Milli Teatr tariximizin Nəsibə Zeynalovasız 16 ili tamam olur.
Bu gün Nəsibə xanımın ailə üzvləri və yaxın qohumları Fəxri Xiyabanda sənətkarın məzarını ziyarət ediblər.
Rəsmi sənədlərdə qızı, əslində isə sevimli nəvəsi Nəsibə Əsgərova, nənəsi qüdrətli sənətkar Nəsibə Zeynalovanı hər il olduğu kimi yad edib.
Nəsibə Zeynalovanın ruhuna dualar oxunub, xatirəsi ehtiramla anılıb.
Nəsibə Zeynalovanın Azərbaycan teatr və kino sənətinə, mədəniyyətimizə bəxş etdiyi dəyərli oğlu, xalq artisti, Adana Çukurova Universitetinin professoru Cahangir Novruzov telefon bağlantısına qoşularaq, anasını yad edən hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda, Azərbaycan Milli realist aktyor məktəbinin banisi, xeyriyyəçi, görkəmli teatr xadimi Kərbəlayı Cahangir Zeynalovun ailəsində dünyaya gəlib.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.
Nəsibə Zeynalova Azərbaycan milli teatr və kinosunda yüzlərlə obrazlar ifa edib. Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb.
1974-cü ildə "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Nəsibə Zeynalovaya Azərbaycanın Dövlət Mükafatı Laureatı adı verilib.
Nəsibə Zeynalova 2004-cü ildə vəfat edib.
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2017-ci il yanvarın 18-də Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ədəbi-bədii axşam keçirilib. Yubiley gecəsində "Qayınana" bədii filmi ilk dəfə alman dilində subtitrlərlə nümayiş olunub.
Azərbaycan səhnəsinin anası, qayınanası, sevimlisi olan əziz Nəsibə xanımın xatirəsi hər zaman yüksək hörmət və məhəbbətlə anılır.

Paylaş: