Milli kinematoqrafiyamızın "qara günləri" — Cəmil Quliyevin işdən çıxarılması nəyi dəyişəcək?
Tarix: 9-03-2020, 11:33




O dövlət güclü olur ki, onun idarəçiliyində peşəkarlar yer alırlar. Prezident İlham Əliyev Azərbaycanda bunun ən bariz nümunəsidir. Dövlət başçısının həyata keçirdiyi siyasətin əsas istiqaməti də məhz peşəkar kadrların yetişdirilməsi, dövlətə bağlı, xalqa xidməti peşəsi olaraq görənlərin önə çəkilməsidir. Lakin hansısa peşəkar kadrların işdən kənarlaşdırılması nə dövlət maraqlarına, nə də bu dövlətin rəhbərinin həyata keçirdiyi siyasətə uyğun deyil. 

Ötən həftə belə acı nümunə ilə qarşılaşdıq. “Azərbaycanfilm”in direktoru Cəmil Quliyev işdən çıx(arıl)dı. Məlumatda bildirilir ki, C.Quliyev öz ərizəsi ilə işdən çıxıb və səbəb kimi onun səhhətində yaranmış problem göstərilir.

Doğrudanmı, ömrünü Azərbaycan incəsənətinin inkişafına həsr etmiş C.Quliyev işdən çıxması üçün hörmətli Mədəniyyət nazirinə “ərizə” ilə müraciət edib?! Axı cəmi 56 yaşında olan C.Quliyev ömrünün ən məhsuldar dövründə niyə işdən çıxmaq haqda ərizə yazsın?!

Mədəniyyət naziri Əbülfəs Qarayevin “Azərbaycanfilm”in boşalmış direktor postuna yenisinin təyin edilməsi üçün dərhal əmr imzalaması C.Quliyevin işdən ayrılmağa məcbur edildiyini deməyə əsas verir. Bunu bilmək üçün “Tarixi-Nadir”i heç yarıya qədər də oxumağa ehtiyac yoxdur. 
 


Cəmil Quliyevin Azərbaycan kinematoqrafiyasının canlı əfsanəsi olduğunu desək, mübaliğə etmiş olmarıq. Onun tərcümeyi-halı da göz önündədir. 1984-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi fəaliyyətə başlayandan iki gün öncəyə - işdən çıxarılana qədər düz 36 il Azərbaycan kinosunun inkişafına xidmət edib. Eyni zamanda, pedaqoq kimi bu sahədə kadrlar yetişdirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Beynəlxalq Audiovizual Festivalın direktoru, Azərbaycan Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının baş direktoru, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifələrində çalışıb.
1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının üzvüdür. O cümlədən, Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü və Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Ötən il isə Prezident Mükafatına layiq görülüb. 
 


Bunlar Cəmil Quliyevin tərcümeyi-halının bir qismidir. O, həm rejissor, həm pedaqoq kimi Azərbaycan kinosunun inkişafına töhfə verib, həm də mədəniyyətimizin beynəlxalq arenada tanıdılmasında rol oynayıb. Cəmil Quliyevin quruluş verdiyi filmlərin Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və digər ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak etməsi Azərbaycan kinosunun, həm də bu filmlərlə Azərbaycan mədəniyyətinin dünyada təbliğidir. 

36 il həm həm rejissor, həm pedaqoq kimi kinonun inkişafı üçün əlindən gələni edib və bir gün öz ərizəsi ilə işdən çıxmağa məcbur edilir, özü də ömrünün ən məhsuldar dövründə...

Cəmil Quliyevin avtobioqrafiyasına, onun mədəniyyətimizin, kinomuzun inkişafına və təbliğinə verdiyi töhfələrlə onu işdən çıxmağa məcbur edənlərin fəaliyyəti arasında müqayisə aparanda acınacaqlı vəziyyət ortaya çıxır. C.Quliyevin təkbaşına kinomuzun, mədəniyyətimizin, incəsənətimizin inkişafında, dünyada təbliğ edilməsində göstərdiyi xidmətlər böyük bir nazirliyin fəaliyyətinə bərabərdir, bəlkə də daha çox. Amma bu gün öz işini doğru-dürüst yerinə yetirə bilməyən bu nazirlik C.Quliyevi işdən çıxarır, Azərbaycan kinematoqrafiyasının “gözlərini kor edir”. Bu, faktiki olaraq, həm peşəkar kadrın işdən uzaqlaşdırılması, həm də Azərbaycan kinematoqrafiyasına arxadan vurulan zərbədir.
 


Bu zərbəni kim vurur? Azərbaycan mədəniyyətinin, incəsənətinin, eləcə də kinosunun inkişafından məsul olan hörmətli nazir Əbülfəs Qarayev.

Yaxşı olardı ki, hörmətli nazir paytaxt küçələrində boynu bükük qalmış Hüseyn Cavidin, Səməd Vurğunun, Cəfər Cabbarlının və neçə-neçə mütəfəkkirlərimizin dağılmaq vəziyyətində qalmış heykəllərinin qeydinə qalsın, tariximizin sıradan çıxmasına, gələcək nəsillərə ötürülməsinə töhfə versin. Yaxşı olardı ki, Mədəniyyət Nazirliyi dövlət büdcəsindən ayrılan vəsaitləri profilinə uyğun xərcləsin və mədəniyyətimizin dünyada təbliğini həyata keçirsin. Hərçənd, qarşılaşdığımız mənzərə budur ki, Əbülfəs Qarayev mədəni irsimizin qorunması, mədəniyyətimizin inkişafını kənara tullayıb, peşəkar kadrları işdən uzaqlaşdırmaqla məşğuldur.   

Göründüyü kimi, hörmətli Qarayev mədəniyyətimizə bəxş etdiyi “qara günləri” kinematoqrafiyamıza da ərməğan edir.

Zaur Hacılı
Demokrat.az


Paylaş: