"Mənim aləmimdə maarifləndirmə birinci olmalıdır, amma bizim televiziyada bu sonuncudur"
Tarix: 9-03-2020, 09:06




Kinorejissor, Xəzər TV-də Bədii Şuranın üzvü Ayaz Salayev telekanalda baş verənlərdən xəbərsiz olduğunu bildirdi. Bu haqda Moderator.az-a açıqlamasında A.Salayev Bədii Şura üzvlərinin cəmi bir dəfə iclasının keçirildiyini deyib:

“Xəzər TV-də baş verənlərdən xəbərsizəm. Telekanalda Bədii Şuranın üzvlərini cəmi bir dəfə topladılar və bizim münasibətimizi öyrənəndən sonra növbəti iclaslarımız keçirilmədi. Ümumən sizə bir şey deyim ki, bunu iclasda da demişəm, televiziyanın üç vəzifəsi var, məlumatlandırmaq, əyləndirmək və maarifləndirmək. Mənim aləmimdə maarifləndirmə birinci olmalıdır, amma bizim televiziyada bu sonuncudur. Telekenallarımızda əyləndirmək son dərəcə öndədir və bu da ictimaiyyətin zövqünə böyük bir zərbə vurur və baxımdan qalmaqallı verilişlərin bağlanmasının tərəfdarıyam. Bu cür verilişlər insanların psixologiyasına dəhşətli dərəcədə zərbə vurur. 

Marka Lore adlı amerikalı bir qadın var, saz ifaçısıdır. O, bizim regionların birində toy məclisində saz ifa edirdi və insanların ona reaksiyası demək olar ki, sıfır idi, hamı yeməyində-içməyində idi, sanki heç bunların qarşısında amerikalı qadın saz ifa etmirdi. Adamda elə bir təəssürat yaranır ki, saz sanki bizim yox, amerikanların milli alətidir. Bunların hamısı isə bayağı verilişlərin nəticəsidir. Vətənpərvərliklə bağlı efirlərimizdə demək olar ki, təbliğat aparılmır. İyirmi faiz torpaqları işğal olunan bir ölkənin efirində vətənpərvərlik mövzusu çox formal şəkildə təbliğ olunur. Bundan sonra baxaq görək Xəzər TV-də hansı yeniliklər olacaq”.


Paylaş: