“Şükür edirəm ki, Allah mənə bu ömrü verib” – 86 yaşlı Xalq artisti
Tarix: 7-03-2020, 13:11




Sabah Xalq artisti, görkəmli musiqiçi, tarzən Ceyran Haşımovanın doğum günüdür. Sənətçinin 86 yaşı tamam olur. 

Xalq artisti Yenisabah.az-a açıqlamasında doğum gününü ailəsinin əhatəsində keçirəcəyini deyib: “Ad günümlə bağlı dünən Space kanalı, ARB kanalı məni təbrik etdi, yaxşı süjetlər efirə getdi. Mən kanallara minnətdaram. Hələ ki, təbriklər azdır, axşama doğru başlayacaq təbriklər. Axı hələ dünyaya gəlməmişəm. Mənim üçün ən böyük hədiyyə yetişdirdiyim müğənnilərin uğurlarını görməkdir. Sabah həmçinin “Lalə” qızlar ansablımın yarandığı gündür. Mən ansamblı 1964-cü ildə yaratmışam, ilk dəfə 8 martda efirdə təqdim olunub. Həm o qızların, həm mənim ad günümdür, həm də beynəlxalq qadınlar günüdür, bayram bayrama qarışıb. Mənim üçün yetişdirdiyim tələbələrimin təbriki, məni sayıb, yada salmaları çox böyük sevincdir”.
Ceyran Haşımova deyib ki, ad günü o qədər gözəl keçir ki, hətta neçə yaşım olduğunu da unudub: “86 yaşım tamam oldu, mən Azərbaycanda yeganə qadın tarzən Xalq artistiyəm və bununla qürur duyuram. Şükür edirəm ki, Allah mənə bu ömrü verib, bu xoşbəxtliyi yaşaya bildim. Allah sizlərə də nəsib etsin. Sənət aləmində qadınlar arasında ən böyüyü mənəm. Sənət dostlarım, həmkarlarım hər zaman məni yada salırlar. Bayramlarda təbrik edirlər. Hələ ki, edən yoxdur, yəqin ki, sabah edəcəklər, çünki ən gözəl gün elə sabahdır. Ayın 7-i axşamdan təbriklər başlayır həmişə”. 
Tarzən bütün Azərbaycan qadınıarının bayramını təbrik etməyi də unutmayıb: “Məni yada salan hər kəsə təşəkkür edirəm. Bütün Azərbaycan qadınlarına can sağlığı arzu edirəm. 8 Mart münasibəti ilə hər kəsi təbrik edirəm”. 

Paylaş: