Kosa və Keçəl Novruzda bayramsız qala bilər
Tarix: 4-03-2020, 10:59




Dünyada koronavirusa yoluxan və ondan ölənlərin sayı artdıqca, müxtəlif ölkələrdə virusa qarşı mübarizə tədbirləri də gücləndirilir. Artıq dünyanın 78 ölkəsində bu qorxunc xəstəliyə yoluxma halları aşkarlanıb. Bu ölkələrdən ən çox yayılma Çindən əlavə, Cənubi Koreya, İtaliya və İranda qeydə alınıb. Ölüm hallarının sayına görə isə yaxın qonşumuz olan İran Çindən sonra gəlir.
Dünən açıqlanan məlumata görə, İranda koronavirusa yoluxan deputatların sayı artıb. Belə ki, İran parlamentinin 23 deputatında koronavirus testi müsbət çıxıb. Rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb. İnfeksiya daşıyıcılarının sayı isə 1501 nəfərdir.
Ölkənin səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də koronavirusa yoluxub. Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi virusdan ölüb.

Koronavirusun aşkarlandığı əksər ölkələrdə kütləvi tədbirlər, konsertlər təxirə salınır. Dünən açıqlanan məlumata görə, indiyədək bir neçə böyük tədbiri təxirə salan Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya və Paralimpiya Oyunları da ilin sonuna kimi təxirə salına bilər. “Reuters” xəbər verir ki, hər iki yarışın məsul naziri Seyko Hasimoto oyunlara dair müqavilənin buna imkan verdiyini bildirib.
Qeyd edək ki, Tokio-2020 olimpiadası 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda olacaq.
Gürcüstan hökuməti ölkədə koronavirusa 3 yoluxma halının qeydə alınmasına görə əhalini epidemiyadan qorumaq üçün yeni tədbirlər barədə qərar verib. Belə ki, hökumət bütün kütləvi tədbirlərin ləğv edlməsi barədə yerli hakimiyyətlərə təlimat göndərib. Bundan əvvəl Gürcüstanda bütün təhsil müəssisələrində tədris dayandırılmışdı.
Hazırda bu ölkədə 120 nəfər karantindədir, onlar İrandan gələnlər və ya virusa yoluxanlarla təmasda olanlardır. Habelə hökumət bütün ictimai yerlərin, dəmiryol stansiyalarının və qatarların dezinfeksiya edilməsi tədbirlərinin davam etdirilməsini tapşırıb. İnsanların çox olduğu yerlərdə dezinfeksiyaedici mayelərlə dolu spenserlər quraşdırılır. Parlamentin binasında da karantin işləri aparılıb.

Ermənistan hökuməti koronavirus təhlükəsinə görə İranla nəqliyyat əlaqəsində tətbiq etdiyi məhdudiyyətin müddətini martın 24-dək uzatmaq qərarına gəlib. Xatırladaq ki, bu il fevralın 24-də Ermənistan hökuməti İrana təyyarə uçuşlarını və yerüstü nəqliyyatın hərəkətini iki həftə müddətinə dayandırmaq qərarına gəlib. Martın 2-dən isə Ermənistan İranla müvəqqəti viza rejimi tətbiq edib.
Azərbaycan virusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində ali və orta məktəblərdə, uşaq bağçalarında tədrisi martın 10-dək dayandırıb.
Azərbaycanın müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsəddilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb.
Buna görə də Peşəkar Futbol Liqası (PFL) Azərbaycan I Divizionunda martın 6-da keçirilməli olan “Turan Tovuz” - MOİK görüşünün təxirə salınması barədə qərar qəbul edib. 
“Report”un  məlumatına görə, XVIII tur qarşılaşması MOİK rəhbərliyinin müraciəti əsasında başqa vaxta salınıb. Görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.
Bundan əlavə, bir sıra mədəni kütləvi tədbirlər - konsertlər -  təxirə salınır.


Kosa və Keçəl Novruzda ile ilgili görsel sonucu


Məlum olduğu kimi, Novruz bayramı günlərində Azərbaycanda kütləvi bayram tədbirləri təşkil olunur. Son illərdə həmin tədbirlər ölkəyə xarici turistlərin, xüsusilə İrandan cəlbində mühüm rol oynayan amilə çevrilib. Bu il necə, Novruz şənlikləri keçiriləcək, yoxsa virusun yayılmasına qarşı addımlardan biri olaraq ləğv ediləcək?
Bayram şənliklərinin əsas təşkilatçısı olan Bakı Şəhər İcra Hakimiyyətindən “Yeni Müsavat”a bildirildiyinə görə, onlarda bu məsələ ilə bağlı hər hansı məlumat yoxdur. Belə ki, ölkə səviyyəli koronavirusla mübarizə tədbirləri ilə bağlı qərarları Nazirlər Kabineti qəbul edir.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə “Yeni Müsavat”a hələlik bu barədə məlumat olmadığını deyib.
“Yeni Müsavat”

Paylaş: