"İndi vəziyyətim yaxşıdır"
Tarix: 24-02-2020, 17:24




Bir neçə gün öncə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanovun vəziyyəti ağırlaşaraq, əvvəlcə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə daha sonra isə Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.
 
Modern.az-ın əməkdaşı aktyorla əlaqə saxlayaraq, səhhəti ilə maraqlanıb.
 
Əməkdar artist Rəhman Rəhmanov saytımıza  vəziyyətinin bir az normal olduğunu bildirib:
 
“İndi vəziyyətim yaxşıdır. Əslində iki dəfə əməliyyat olmalıyam. Birinci əməliyyatdan çıxıdım, indi isə ikinci əməliyyata hazırlaşıram. İnanırsınız ki, məni koma vəziyyətində xəstəxanaya çatdırdılar. Vəziyyətim o qədər pis idi ki, iki xəstəxana dəyişməli oldum. Bir gün koma vəziyyətində qaldım. Hardasa 4-5 gün sonra ikinci əməliyyata girəcəm. Çünki səhhətim əl vermir ki, ikinci əməliyyata da girim. İndi üzərimdə həkimlər işləyir. Mənim öd kisəmin axarlarında daşlar var. Çox pis ağrılar olurdu, amma buna baxmayaraq dözməyə çalışırdım. Deyirdim keçib gedər, düzü fikir vermirdim. Sonda məni komaya saldı, bütün qanımı zəhərlədi. Sonuncu vəziyyət oldu, ölümlə üz-üzə gəldim. Hazırda Bakı Sağlamlıq Mərkəzindəyəm, deyərdim ki, məni həyata həkimlər geri qaytardı. Bu xəstəxananın rəhbərliyinə minnətdaram ki, bütün maliyyə məsələlərini öz üzərinə götürdü”.
 
Rəhman Rəhmanov sənət yoldaşlarının ona baş çəkdiklərini də bildirib.
 
“Sağolsunlar, məni tək qoymurlar. İndi birinin adını çəksəm, qorxuram ki, digərləri məndən inciyər. Ona görə də, konkret ad çəkməsəm daha məqsəduyğun olar” -  deyən əməkdar artistdən yaxın dostu Çingiz Əhmədovun ona baş çəkib-çəkmədiyini də soruşduq:
 
“Yox, Çingiz hələ ki yanıma gəlməyib, amma zəng vurub hal-əhval tutub ”.
 
Qeyd edək ki, aktyor  uzun müddətdir ki, şəkər xəstəliyindən də əziyyət çəkir.

Paylaş: