"Qardaşımı anam öldürdü"
Tarix: 24-02-2020, 15:59




Xanəndə-aktrisa Raziyə Şirinovanın müsahibəsini UlduzumSan.Az oxucularına təqdim edirik:
- Uzun müddətdir efirlərdə görünməməyinizin səbəbi nədir?
- Yaxın vaxtlarda 80 yaşım tamam olacaq. Buna görə də yaşımla bağlı olaraq görünüşümdə ciddi problemlər yaranıb. Bunu bəzi ifaçılar kimi gizlətmirəm. Onu da qeyd edim ki, bir çox verilişlərə dəvət olunuram. Amma efirlərə getmirəm.





- Bildiyimizə görə efirlərdə olmamağınızın səbəbi həm də şəxsi həyatınızla bağlıdır.
- Bəli. Belə ki, anam vəfat etdi. Atam yenidən ailə qurdu. Cavan yaşda qardaşım ögey anam tərəfindən qətlə yetirildi. Hətta ögey qardaşımın oğlu Fəxrəddin Gədəbəydəki evimizi yandırdı. Həmin mənzildə arxivlərim vardı. Onlar da yanaraq, məhv oldu. Ona görə illər öncə Bakıya qaloşla gəlmişəm.






- Hazırda nə işlə məşğulsunuz?
- İllər öncə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında işləmişəm. Hazırda təqaüddəyəm. Heç bir işlə məşğul deyiləm. Xüsusi ilə onu da qeyd etmək istərdim ki, 1962-1964-cü illərdə A.Zeynallı adına Bakı Musiqi texnikomunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil almışam. Daha sonra 1977-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Hələ tələbə ikən “Lalə” qızlar ansamblının, 1964-1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşam. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi olmuşam. Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında çalışdığım illər ərzində bir çox obrazlarla yadda qalmışam. “Əsli və Kərəm”də Əsli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda Tutu , “Leyli və Məcnun”da Məcnunun anası və s. rollarda çıxış etmişəm. Xanəndə kimi də böyük uğur qazanmışam. Belə ki, sənətdə olduğum illər ərzində ifa etdiyim muğam, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Eyni zamanda hərbi hissələrdə əsgərlərin qarşısında çıxış etmişəm. Türkiyədə bir çox mükafatlara layiq görülmüşəm.






- El şənliklərində çıxış etmisinizmi?
- Xeyir. Mən toyxana müğənnisi olmamışam. Yalnız qohumlarımın el şənliklərində ifa etmişəm. Prezident təqaüdçüsü olsam da toya getmədiyim üçün hər zaman maddi durumdan əziyyət çəkmişəm. Belə ki, hazırda yaşamağa belə mənzilim yoxdur. Qızım Xəyalənin evində qalırıq. Mənzil şəraitimin yaxşılaşdırılması üçün Mədəniyyət Nazirliyinə və yüksək strukturlara müraciət etmişəm. Xahiş edirəm ki, nəzərə alınsın. Evim olmadığına görə səhnə paltarlarıma da yer yoxdur. Ona görə həmin libasları muzeylərə bağışlayacam.






- Bildiyimizə görə həyat yoldaşınız Əməkdar artist, tar ifaçısı Rafiq Məmmədovdur. O, hazırda musiqiçi olaraq çalışırmı?
- Xeyir. Çünki xəstədir. Beynində problem var. Amma ərim, mən, qızım, oğlum illər öncə bir yerdə qastrol səfərlərdə olmuşuq. Çünki musiqiçi ailəsi idik. Oğlum Samir qarmon, qızım isə pianino ifaçısıdır. Amma hazırda övladım Xəyalə Azərbaycanda yox, qardaş ölkədə yaşayır. Türkiyə vətəndaşı ilə ailəlidir. İki uşağı var. Oğlum isə hələ evlənməyib.





Paylaş: