Əməkdar artist Mehriban Abdullayevanın "Zelda"sı
Tarix: 21-02-2020, 16:31




Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Mehriban Abdullayeva teatrın kiçik səhnəsində dəlisov "Zelda"sı ilə yenidən tamaşaçıların görüşünə gəlib.
Open.az xəbər verir ki, Amerika yazıçısı Uilyam Lyusun “Zelda” əsəri əsasında hazırlanan tamaşa “İstədiyim kimi yaşayıram” adlanır.
Tamaşanın premyerası bir neçə il əvvəl teatrsevərlərin ixtiyarına verilsə də, Mehriban Abdullayevanın "Zelda"sı ilə ilk dəfə görüşüb, tanış olanlar da var idi. Monotamaşanı ilk dəfə izləyən biri kimi deyə bilərəm ki, Mehriban xanım Zeldanın daxili aləmini, yaşadığı ağır-psixoloji durumu mənə hiss etdirə bildi.
Psixoloji - dramatik səhnə əsərində hadisələr ötən əsrin 30-cu illərində Amerikada baş verir. Yaşanmış həyat hekayəsindən bəhrələnən əsərdə məşhur yazıçı Skot və həyat yoldaşı Zeldanın sevgi tarixçəsi, həyat mücadiləsi, ayrılığı və faciəli sonluq təsvir edilib.
Bir müddət fasilədən sonra yenidən monotamaşanı tamaşaçılara təqdim edən Mehriban Abdullayeva əsəri çox bəyəndiyini deyir: "Bu əsəri Ağakişi müəllimlə birlikdə işləyib hazırladıq. Əsər monotamaşa olsa da, çox uzun idi. Ağakişi Kazımov əsəri tərcümə elədi, səhnələşdirdi. Uzun əsəri yığcam, axıcı, baxımlı hala saldı. Tamaşanın rejissoru Ağakişi Kazımov, ifaçısı isə mənəm. Bilirsiniz, iki il əvvəl gördüm ki, belə bir əsərdə çıxış etmək istəyirəm. Teatrda da demək olar ki, rolum yox idi. Daxilimdə olan yaradıcılıq enerjisini "Zelda"nın timsalında tamaşaçıya çatdırmağa qərar verdim. Əsəri ilk dəfə rus dilində oxudum və başa düşdüm ki, "Zelda" əsl mənim istədiyim, ürəyimcə olan obrazdır. Obrazın dəyişkənliyi, çılğınlığı çoxdur. Zelda və Skott ötən əsrin 1930-35-ci illərində yaşayıblar. Hər ikisinin həyatı faciəli başa çatıb. Zelda dəli olub, ömrünü dəlixanada baş verən yangında başa vurub. Skott isə ürək xəstəlyindən vəfat edib. Əvvəli gözəl başlayıb, sonu faciə ilə başa çatan bir həyat". deyən Mehriban Abdullayevanı tamaşadan sonra çox saxlayıb, ləngitmək istəmirəm. Çünki, hazırda səhhətində nasazlıq yaşayan həyat yoldaşı, Ağakişi Kazımovun onun yolunu səbirsizliklə gözlədiyini, etdiyi telefon zənglərindən anlayıram. Mehriban xanımdan ayrılıb, yol boyu "Zelda"nı düşünürəm. Zeldanın özü haqqında dediyi "İstədiyim kimi yaşamışam" ifadəsi məni də düşünməyə məcbur edir. Doğrudanmı, istədiyimiz kimi yaşaya bilmişik? ... Sizi bilmirəm, amma mən buna əmin deyiləm. Deyəsən, bizlər də həyatımızı Zelda kimi get-gəllər içərisində, səhvlər buraxaraq, doğru olmayan qərarlar verərək yaşayırıq. Sonda isə Zelda kimi bədbəxt, çarəsiz və "dəli" oluruq...
Sonda xatırladım ki, monotamaşanın rejissoru Xalq artisti, professor Ağakişi Kazımov, musiqi tərtibatı İradə Muradova, işıq tərtibatı Badim Kuskov, rəssamı Elşən Sərxanoğluna məxsusdur.

Paylaş: