“Səs Uşaqlar”da niyə azərbaycanca mahnı oxumurlar?
Tarix: 21-02-2020, 12:28




İki həftə bundan əvvəl İctimai Televiziyanın efirində məşhur “The Voice” müsabiqəsinin uşaqlar versiyası start götürüb. “Səs Uşaqlar” adlı layihənin münsifləri Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilər Murad Arif və Çingiz Mustafayevdir.  
"Qafqazinfo" xəbər verir ki,  iki buraxılışı baş tutan yarışmada cəmi beş Azərbaycan dilində mahnı efirdə göstərilib, müsabiqənin rəsmi “Youtube” səhifəsinə yerləşdirilib. Digər iştirakçılar ingilis, rus və başqa dillərdə mahnı ifa ediblər.  Buna səbəb müsabiqənin orijinal versiyasının irəli sürdüyü qaydadır.  Belə ki, “The Voice” lisenziya verdiyi bütün ölkələrdə müsabiqə şərtlərini müqaviləsində qeyd edir və yerli dildə ifa edən şəxslər yalnız 30 faiz təşkil edə bilər. 





Lakin bir neçə ölkə müqavilə şərtlərinə xüsusi bənd əlavə edərək yarışmanı fərqli versiyada təqdim edə biliblər.  Buna misal “O səs Türkiyə”ni çəkə bilərik. Yarışma bütün ölkələrdə əsas zalda aparıcının olmadığı halda, Türkiyədə bu işi Acun Ilıcalı öz üzərinə götürüb. Eyni zamanda yeni “bloklama” üsulu həyata keçirilib. Belə ki, münsiflər iştirakçını öz komandasına qatmaq üçün digər münsifi “blok”laya bilir.





 “The Voice”nin tarixi...
Müsabiqə ilk dəfə 2010-cu ildə Niderlandın RTL 4 kanalında “The Voice Holland” adı ilə yayıma başlayıb.  Yarışmanın müəllifi prodüser Con de Molemdir. Qısa müddət ərzində müsabiqə ABŞ-dan Çinə, Braziliyadan Avstraliyaya qədər uğur qazanıb və həmin ölkələrdə yayıma başlayıb.  “The Voice”nin loqosu mikrofonla “V” işarəsi tutan əldən ibarətdir.  Bu da zəfər mənasını əks etdirir. 





Müsabiqənin orijinal versiyası Amerika, Ukrayna və Türkiyədə 2011-də, Rusiya, Ermənistan, Gürcüstanda 2012-ci ildə start götürüb. Azərbaycanda isə lisensiyasız “The Voice” versiyaları yayımlansa da, müsabiqəni rəsmi şəkildə 2015-ci ildə AzTV təqdim edib.  İlk qalib Emiliya Yaqubova olub.  Münsif kürsüsündə  isə Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, Tünzalə Ağayeva və Əməkdar artist Manana Caparizde əyləşib.  Layihənin rəhbəri isə keçmiş AzTV sədri Arif Alışanovun kürəkəni Xəyal Qayıbov olub. Lakin yarışma bir sezondan ibarət olub. İllər sonra yarışmanın lisenziyasını İTV alaraq ilk dəfə uşaqlar versiyasını tətbiq edib.





“The Voice”nin qaydaları nədir?
Müsabiqə ən azı 3 - 4 münsif və gözləmə otağında olan aparıcıdan ibarətdir. Həmin şəxslər ölkənin populyar simalarıdır.  Yarışma 6 mərhələdən ibarətdir- görmədən ələmələr, qarşıdurma, nokaut, iki yarımfinal və bir final.  “The Voice”nin yayım vaxtı 22 dəqiqədən 104 dəqiqə arasında dəyişir.  Hər münsifə ayrılacaq iştirakçıların sayına limit qoyulur. Son üç mərhələdə iştirakçılar yarışmaya tamaşaçı səsverməsi ilə davam edir. Finalda isə səsvermə nəticələrindən asılı olaraq 4 nəfər qalır və qalib ölkənin ən yaxşı səsi nominasiyasını qazanır. 

Paylaş: