Cahangir Novruzov 40 ildən sonra "Qorxma, mən səninləyəm" filmi haqqında danışıb
Tarix: 12-02-2020, 15:08




Azərbaycanın görkəmli teatr və kino xadimi, Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Moskvanın Ümumrusiya özəl kanalına müsahibə verib.

Bu barədə Open.az-a özəl açıqlama verən Cahangir Novruzov bildirib ki, "Москва доверие" telekanalının əməkdaşlarının hazırladığı proqram "Qorxma, mən səninləyəm" bədii filminin 40 illik yubileyinə həsr olunub : " Bu il Azərbaycanın Xalq artisti, rejissor Yuli Qusmanın ekranlaşdırdığı "Qorxma, mən səninləyəm" filminin 40 yaşı tamam olur. İkiseriyalı bədii filmin 40 illik yubileyi münasibətilə "Москва доверие" telekanalı mənimlə geniş müsahibə hazırlayıb. Proqramın mənə həsr olunan hissəsinin çəkilişləri başa çatıb. Amma Rusiyada məşhur olan "Qorxma, mən səninləyəm" filminin kadrarxası məqamları, aktyorları, yaradıcı heyətinə həsr edilən yubiley verilişinin çəkilişləri hələ davam edir" deyən Cahangir Novruzov rusiyalı telejurnalistlərlə ikiseriyalı bədii filmin çəkilişləri ilə bağlı, 40 il əvvələ aid xatirələrini bölüşüb.

Xatırladaq ki, çəkilişləri 1980-ci ildə aparılan ikiseriyalı bədii film, Mərkəzi Televiziyanın sifarişi ilə ekranlaşdırılıb.
1981-ci ildə ekranlara çıxan filmin quruluşçu rejissoru Yuli Qusman, ssenari müəllifləri Yuli Dunski və Valeri Frid , quruluşçu operatoru Valeri Kərimov, rəssamı Nadir Zeynalov, bəstəkarı Polad Bülbüloğludur.
Filmdə baş rollarda Polad Bülbüloğlu, Muxtarbəy Kantemirov, Lev Durov, Həmidə Ömərova, Həsənağa Turabov, Sergey Yurski, Nəsibə Zeynalova, Cahangir Novruzov, Sadıq Hüseynov, Mirzə Babayev, Süsən Məcidova, Aleksandr Şarovski, Muxtar Maniyev və başqaları çıxış edib.

Paylaş: