"Biz tənqidlərə, amma sağlam tənqidə hörmətlə yanaşırıq"
Tarix: 23-01-2020, 18:03




Aktyor Elməddin Cəfərovun yeni serialı “Leyli və Məcnun”un yayımı dayandırılıb. Komediya janrında olan ekran işinin sonuncu buraxılışı ötən ilin dekabrında yayımlanıb.

Üç həftədən çoxdur efirə getməyən serialın dayandırılması sosial şəbəkədə də müzakirə olunub. Bundan başqa, izləyicilər “Leyli və Məcnun”dakı aktyor heyətindən narazı olduğunu yazıb.
Serialın rəsmi səhifəsi isə açıqlama verməyərək “Tezliklə” deyə, paylaşım etməklə kifayətlənib.

Aktyor, layihə rəhbəri olan Elməddin Cəfərov «Şərq»ə açıqlamasında söz-söhbətlərə aydınlıq gətirdi.

- Deyirlər serial dayandırıldı. Elməddinin bundan sonrakı proyekti nə olacaq? Yəqin ki, sakit dayanmayacaqsan.

- Mövsüm bitəndə serialın da son buraxılışını təqdim etmiş olduq. Qaldı sakit dayanmayacağıma, həmişə belə dəcəl olmuşam (gülür). Təbii ki, sakit dayanmağı düşünmürəm. Yeni bir serialla tamaşaçı qarşısına çıxmağa qərar verdik. Ona görə də bir az  zamana ehtiyac var.

- Yəni bu mövsümdə də tamaşaçılara təqdim edəcəyiniz yeni ekran işi olacaq? 

- Bəs necə? Biz tamaşaçımızı darıxmağa qoymarıq axı.

- Sirr deyilsə, yeni ekran işiniz nə olacaq?

- «Ailəmiz»i efirə gətirirəm. Yəni bu mövsümdə "Ailəmiz" adlı yeni serialla tamaşaçı qarşısına çıxırıq. Artıq serialın bir neçə bölümünün çəkilişləri olub. Anonslar hazırdı. Fevral ayından efirdəyik. 

- Yeni serialda kimlərlə çalışmağa qərar verdiniz? 

- Əslində mən sadiqliyi sevən insanam. Dostlar ona görə mənə güvənə bilirlər (gülür). Serial elə bir sahədir ki, burda həqiqətən ailə qədər biri-birinə dəyər verməlisən ki, iş keyfiyyətli alınsın. Bacarıq, istedad-filan bunlar öz yerində. Təbii ki, serial çəkilişində. Filmdə bunlar vacib amillərdi. Amma serial çəkilişi filmdən fərqli olaraq uzun müddət davam edir. Burda münasibətlərin də təsiri və rolu özünü göstərir. Ən azı heyətdə olan aktyorlar eyni zamanda digər  işçilər bir-biri ilə normal ünsiyyətdə olmasalar, problemlər yarana bilir. Ona görə də bu serialda da köhnə komandadan bir çoxları ilə yolumuzu davam etməyə qərarlıyıq. Firəngiz xanım Mütəllimova, Fatma Mahmudova və digərləri  «Ailəmiz» deyərək yola çıxmışıq.  

- Serialınız hansı səpkidə olacaq?

- Bir ailənin yaşam tərzini təqdim edirik. Azərbaycan ailəsindən bir nümunə göstəririk. Təbii ki, burda gülüş də yer alacaq. Çətinliklər, ailə və məişət problemlərinə də eyham vurulacaq. Maraqlı bir ekran əsərinin olacağına əminik. Bizim türk seriallarından nəyimiz əskikdi? Bizim yaxşı aktyorumuz da var, rejissorumuz da. Yeri gəlmişkən, yaxşı jurnalistimiz də. Xoş söz olsun deyə də qeyd etmirəm. Zaman var idi sizin kimi jurnalistlər jurnalistikanı sevdirdilər. İnsanların sizin dövrün jurnalistlərinə bir güvəni, inamı var idi. Çünki qəzetlərdə peşəkar jurnalistlər çalışırdı. İndi hərə bir sayt açıb, olub jurnalist. Mən qəzetçiliklə məşğul olan jurnalistləri görmüşəm deyə indiki bəzi saytların fəaliyyətinə özfəaliyyət kimi baxıram. Peşəkar jurnalistlərimizdən də yeni serialımızla bağlı münasibət gözləyrik. Biz tənqidlərə, amma sağlam tənqidə hörmətlə yanaşırıq.




Paylaş: