Qulaqlardan getməyən səs, anaların fəryadı, nalə, göz yaşı... - Sənətçilər qanlı gecədən danışdılar
Tarix: 20-01-2020, 10:28



Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir.
İncəsənət nümayəndələri Oxu.Az-ın əməkdaşı ilə söhbətində 20 Yanvar faciəsi ilə bağlı xatirələrini və həmin gecə yaşadıqlarını bölüşüblər.
Xalq artisti Mələykə Əsədova
“19-dan 20-nə keçən gecə gördüklərim gözlərimin önündən, eşitdiyim səslər isə qulağımdan getmir. Gənclər Teatrında çalışırdım. O zamam yenicə gəlmişdim teatra. Məndə uşaqlıqdan revmatizma xəstəliyi olub. Elə bu səbəbdən dörd nömrəli xəstəxanada müalicə olunurdum. Gecə atışma səslərinin şahidi olduq.
Həmin gecədə yaralanmış insanların xəstəxanaya gəlməsi... O gündən danışanda çox pis oluram. O gecə gənclərimiz şəhid oldular. Anaların ağlaması, qardaşların nalə çəkib qışqırmaları, gənclərin fəryadı qulağımdan getmir. Ağrılı, acılı günlər yaşadıq. İnanın ki, o gecəni yada salıb hər dəfə danışanda kədər içimi boğur”.
Əməkdar artist Ədalət Şükürov
“Faciə baş verən gün, yəni o ərəfərdə Sankt-Peterburq şəhərində yaşayırdım. Elə bir xalq yoxdur ki, onun tarixində faciə olmasın. Təəssüflər olsun ki, azğınlaşmış sovet hərbçiləri Bakı ilə yanaşı, mənim doğulub, boya-başa çatdığım Sumqayıt şəhərinə də təcavüz edib, dinc sakinləri gülləbaran etdilər.
Bunları unutmaq olmaz. Bu, hər birimizin qan yaddaşıdır. Öz torpağımızda özümüzü müdafiə etməyə məcbur qaldıq. 1990-ci ildə baş verən bu ürəkdağlayan hadisələr hər birimizin yaddaşındadır. Dünyada baş verən bütün faciələrə çox həssas yanaşıram.
Çox istərdim ki, Azərbaycan bir daha bu faciələri yaşamasın, şahidi olmasın. Ümumiyyətlə, müharibə olmasın.
Mən hər il olduğu kimi, bu gün də Şəhidlər Xiyabanına gedib 20 Yanvarda şəhid olan bacı-qardaşlarımızın məzarını ziyarət edəcəyəm, ruhlarına dualar oxuyacağam”.
Rəqqasə Fatimə Fətəliyeva
“Bu gecəni ölənə qədər xatırlayacağam. Faciə baş verən 1990-ci ildə mənim 12 yaşım var idi. Anam bizi yatdığımız çarpayın altında gizlətmişdi. Atam isə həmin gün qonşumuz, müğənni Aysel Əlizadənin atası Sahib dayını axtarmağa getdi. Xəbər gəldi ki, Ayselin atasını ayağından ağır yaralanıb.
O gecə bütün Bakı qan içində idi. Dinc Bakı camaatına sovet hərbçiləri divan tutdular. Heç kimin yaşına baxmadılar. Silah səsləri qulağımdan getmir. Həmin gecənin faciəsi bizim yaddaşımızdan heç zaman silinməyəcək. Allah şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!”

Paylaş: