“Virus az deyilmiş kimi, bunlar da...” - Üzeyirin “Qızıl buton“unu musiqimizin uğuru saymaq olar?
Tarix: 14-01-2020, 17:32




Xəbər verdiyimiz kimi, müğənni Üzeyir Mehdizadə "Youtube" sosial şəbəkəsi tərəfindən mükafatlandırılıb. Onun "Youtube" kanalında 1.000.000 izləyicisi olduğuna görə,  Azərbaycanda ilk dəfə olaraq, "Qızıl buton" mükafatını qazanıb.
Müğənninin bu mükafatı alması isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri bu hadisəni Azərbaycanın incəsənətinin, musiqisinin uğuru hesab etsə də, tənqidi yanaşanlar da kifayət qədərdir.
Bəs görəsən, bu hadisəni Azərbaycan incəsənətinin uğuru kimi qələmə vermək olarmı? Sevənləri çox olsa da, bir çoxlarının “bayağı müğənni” hesab etdiyi Üzeyir Mehdizadəyə verilən bu mükafatın Azərbayacn üçün önəmi nədir?
Məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Aqil Abbas ilə əlaqə saxladıq. Millət vəkili “Yeni Sabah”a açıqlamasında Üzeyirə qulaq asmadığını, bu hadisənin ona maraqlı olmadığını bildirib:
“Mən Üzeyir Mehdizadəyə qulaq asmıram. Eşitmişəm ki, belə bir oxuyan var və onu sevirlər. Onun haqqında ayrı bir şey bilmirəm, qulaq da asmamışam. Allah işini avand etsin. “Qızıl buton” nədir heç bilmirəm. 1 milyon izləyicisi var, Allah eləsin 10 milyon olsun. Eşitmişəm ki, onu sevənlər, işində də uğurlar, mənə maraqlı deyil”.
Əməkdar artist Elza Seyidcahan saytımıza açıqlamasında bildirib ki, “Youtube” da önəmli olsa da, əsl sənət tarixi musiqilərimizdir:
“Bir məsəl var: “Palaza bürün, ellə sürün”. Zəmanə ilə ayaqlaşmaq lazımdır. Hər zamanın öz tələbi var, amma mənim üçün əsl sənət uşaqlıqdan bəri dövlət kanallarımızda olan böyük müəllimlərimizdir. Bizim bu zamana gəlməyimizdə də böyük müəllimlərimizin rolu danılmazdır. Ona görə də zamanın tələblərinə çox da uymaq olmaz. Dahilərdən, qədimdən qalan musiqi ənənlərimizi, tariximizi daşımaq, onu gələcək nəsilə çatdırmaq çox çətin bir şeydir. Bunu etmək üçün  sən uşaqlıqdan öyrənməlisən, onun təhsilini almalısan. 
Bu yaxınlarda Tolikin (Tarix Əliyev) verilişində oldum, bir müğənni var, Sabina Selcan, onun səmimiyyətindən çox xoşum gəldi. Biz ifa edəndən sonra o bildirdi:  “Elza xanım, biz belə əsərləri oxuya bilmərik, bizim üçün çox gecdir, belə əsərləri oxumaq üçün biz uşaqlıqdan təhsil almalı idik. Biz bundan sonra belə oxuya bilmərik”. 
Bu gün hind, özbək ritmlərinə, aid olan mahnılar çoxdur. Düşündürməkdən çox insanları dingildədən mahnılara üstünlük verirlər verirlər. Amma düşünəndə insan saflaşır, ağıllı olur, dərk edirsən, həqiqəti anlayırsan. Dərk etmək özü böyük xoşbəxtlikdir. Əgər insan dərk edirsə, onun ömrü iki il uzanır. Bu gün isə ancaq “dingildədək, hərəkət edək”... Bir də insan ayılıb görür ki, sənətdə özündən sonra heç nə qoymayıb, bir iş görməyib. 
Ziyalı insanlar nə isə yaradarkən açıb “Youtube” trendində olan mahnıları dinləmirlər. Mənim də “Youtube”  kanalım var, amma heç bir dəfə də açıb izləmirəm. Buna ehtiyac da yoxdur, çünki mən özüm elə canlı “Youtube”am. Xalqın içindəyik, onlardan sevgini görürük. Baxın, 50-60 il bundan öncə yazılan musiqilər var ki, onları dinləyəndə insanlar göz yaşlarını saxlaya bilmirlər. Mən bu sözləri Bəstəkarlar İttifaqının bir  üzvü kimi mütləq deməliyəm. Mən deyə bilmərəm ki, “Youtube”da bizi milyonlara qaldırsınlar. Gənclərimizə tövsiyə edirəm ki, onlar “Youtube”a yox, təhsil ocaqlarına can atsınlar. 
Bir müğənniyə sual  verirsən ki, gözəl səsin var, təhsilin nədir? Deyir ki, getmişəm filankəslərdən dərs almışam. O bir məşğələdir, insan peşəkar olmaq üçün ali məktəbdə, auditoriyada təhsil almalıdır. Ondan sonra  özü həqiqəti dərk edir. Ona görə də  mən heç zaman, gülləni başıma dirəsələr də, “Youtube” da trenddə olan musiqilərə qulaq asa bilmərəm. İstər, milyon yox, trilyon baxış sayı olsun.  Mənim üçün baxış sayı əlçatmaz, xoş bir şey deyil, əksinə faciədir. 
Görün, biz nə gündəyik ki, insanlar sosial şəbəkədə bu qədər vaxt keçirir. İnsanların sosial şəbəkədə vaxt keçirməkdən ömrü qısalır, xərçəng xəstəliyinə tutulur, beyinləri kütləşir. Musiqi böyük qüvvədir, hətta Allah Davud peyğəmbərə “Zəbur”u göndərəndə vəhy gəlib ki, bu “Zəbur”u insanlara musiqi ilə çatdır. Musiqi elə böyük qüvvədir ki,  musiqi ilə söz beyinə həkk olunur. Laylalarımız, azanımız da musiqi üzərindədir. Bunlar təsadüfi deyil. 
“Youtube”da milyonlara sahib olanlar hamısı mənim üçün əzizdir, onlar da mənim xalqımın nümayəndələridir, amma mən musiqidən danışıram. Həqiqəti söyləyirəmsə, bundan incimək lazım deyil. Bəziləri gündə bir klip çəkdirirlər, qazandıqlarının hamısı kliplərdədir ki,  gündəmdən düşməsinlər. Gündəmdə qalmaq qorxusundadırlar. Virus az deyilmiş kimi, bunlar da virusu gündəmdə saxlayırlar. Onlar özü də çoxalırlar, bir-birlərinə baxıb, o tərzi yaymaqla məşğuldurlar. 60 ilin mahnılarını biz “Youtube”la, kliplərlə gündəmdə saxlayırıq ki? Bu gün başqa millətlərin ritmləri üzərində  olan mahnılar müvəqqətidir. 
İranlı müğənni Afşin Azəri var, o oxuyur, çünki onun öz ritmidir, öz mahnısıdır,  onun kökü, zənguləsi odur. Axı, biz  niyə onun kimi oxumalıyıq? Mən bilmirəm buna nə ad verim? Onu bilirəmki, bu bizim musiqimizə xələl gətirir. “Youtube” bu gün gəlibsə, sabah gedəcək. Orada trenddə olanlar heç vaxt tarixə keçə bilməyəcəklər. Ona görə də onlara tövsiyə edirəm ki, çalışsınlar klassik bəstəkarların əsərlərindən də ifa etsinlər”.
Xanım sənətçi Üzeyirə klassik şairlərimizdən, bəstəkarlarımızdan, əsərlərdən ifa etməyi də məsləhət görüb:
“Üzeyirin “Youtube”dan qızıl buton almağını təbii ki, Azərbaycanın uğuru hesab edirəm. Bu gün elə gənclər var ki, onlar ölkəyə heç bir xeyir vermirlər, narkomaniyaya qurşanırlar. Üzeyir çox ağıllı, istedadlı gəncdir. Mən bir dəfə Elgizin verilişində Üzeyirin bir parça muğam deməyini eşitdim. Mən istəyərdim ki,  Üzeyir balamız bir layihə ilə, təsnifvari ifa ilə özünü sınasın. Oxuduğu mahnılar öz yerində, amma belə mahnıları da ifa etsin. Mən inanıram ki, o bunu edə bilər, istedadı var. Bəzi müğənnilər var  ki, özlərini fenomen hesab edirlər, heç oxuya da bilmirlər, amma mənə elə gəlir ki, Üzeyirdə bu alınacaq. O elə torpaqdandır ki,   ora şairlər, dahilər məskənidir. Qoy o, klassik şairlərimizdən, bəstəkarlarımızdan, əsərlərdən ifa etsin. Bizim üçün çox maraqlıdır,  istəyərdim ki, onu o ampluada görək”.   

Paylaş: